Müsavat başqanı Müstəqillik Günü münasibətilə xalqı təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı 18 Oktyabr – Milli Müstəqillik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Əziz bacı və qardaşlarım! Sizi 18 Oktyabr-Milli Müstəqillik Günü münasibəti ilə təbrik edirəm.

18 Oktyabr – istiqlalımızın bərpası günü Azərbaycan tarixinin 28 May İstiqlal günü, 15 sentyabr Bakının işğaldan azad edilməsi günü kimi şərəfli, tarixi günlərimizdəndir. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda apardığımız mübarizə 1991 – ci ilin 18 Oktyabr günü Milli Məclisdə “Azərbaycan Respublikasının Müstəqilliyi Haqqında Konstitusiya Aktı” nın qəbul olunması, 71 ildən sonra istiqlalımızın bərpası ilə nəticələndi. Bu qələbə Elçibəyin liderliyi, AXC nin təşkilatçılığı, istiqlalçı millət vəkillərinin fədakarlığı, başlıcası isə xalqımızın davamlı mübarizəsi nəticəsində mümkün oldu. İstiqlal mübarizəsində iştirak etməyən, əslində o dövrdə istiqlalımıza qarşı olan indiki hakimiyyət yrtkililəri 18 Oktyabr gününün əhəmiyyətini azaltmağa çalışır. 18 Oktyabr tarixi rəsmi dövlət bayramı olsa da iş günü elan edilib.

28 May İstiqlal Gününün sovetlər dövründə unutdurulmasına cəhdlərə baxmayaraq, xalqımızın yaddaşlarında yaşayıb fəxrlə anıldığı kimi, 18 Oktyabr istiqlalımızın bərpası günü də hökmən öz layiqli yerini tutacaq. Bu şərəfli tariximizi unutdurmağa çalışanların səyləri isə onlara qarşı daha böyük qınaq mənbəyinə çevriləcəkdir.

18 Oktyabr – Milli Müstəqillik Günü dövlət bayramı statusunun bərpa edilməsi, həm də 20 Yanvar şəhidlərimizin ruhu qarşısında borcumuzun qismən ödənməsi, xalqımızın fədakar mübarizəsinə verilmiş qiymət olacaqdır. İstiqlalımızı layiqincə dəyərləndirməli, ərazi bütövlüyümüz, hüquqi dövlət, azad cəmiyyət quruculuğu uğrunda mübarizədə fədakarlığımızı aparmalıyıq. Yalnız hər kəsin vətən naminə fədskarlığı ilə bütün problemlərimizin həllinə nail olmaq mümkündür. Əminəm ki, azadlıqsevər xalqımız müstəqil,demokratik, ərazisi bütöv, firavan Azərbaycanın qurulmasına öz mübarizəsi ilə nail olacaqdır.

Əziz həmvətənlər!

Sizi bir daha Azərbaycanın Milli Müstəqillik günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: