Prezidentin köməkçisi: Sarkisyan sözünün üstündə durmadı

Sarkisyan İlham Əliyevlə razılaşmanı pozub

“Təəssüflər olsun ki, S. Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir”.

Bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov “Facebook” səhifəsində yazıb, – oxu.az məlumat verir.

N. Məmmədovun sözlərinə görə, Ermənistan prezidenti bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq.

“Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”, – deyə N. Məmmədov qeyd edib.

Qeyd edək ki, görüşdən sonra mətbuata açıqlama verən Serj Sarkisyan danışıqların bəzi detallarını açıqlayıb. O görüş zamanı atəşkəslə bağlı razılığa gəlindiyini bildirib: “Biz qurbanların olmaması üçün razılaşmışıq ki, cəbhə xəttində gərginliyi azaldılması istiqamətində tədbirlər görək. Deməliyəm ki, həm Azərbaycan prezidenti, həm də mən bunda çox maraqlıyam”. 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: