Səhlab Bağırov: Müsavatın yürüşünə imkan verilməyəcək

Müsavat Partiyasının qərargahı polisin nəzarətinə götürüldü

Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının oktyabrın 21-ə təyin etdiyi yürüşlə bağlı xəbərdarlıq edib.

Bu barədə APA-ya açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, paytaxtda razılaşdırılmamış yürüş-mitinqin keçirilməsinə imkan verilməyəcək: “Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsi yolverilməzdir. Əgər kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya və ya yürüş keçirməyə cəhd edərlərsə, bunun qarşısı tərəfimizdən qətiyyətlə alınacaq. Qəti şəkildə bildirirəm ki, belə bir cəhdə təşəbbüs göstərənlər və razılaşdırılmamış yürüşdə iştirak edənlər məsuliyyətə cəlb olunacaqlar”.

Dünəndən etibarən Müsavat Partiyasının mərkəzi qərargahı polis əməkdaşlarının nəzarətinə götürülüb. Müsavatın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, qərargaha gələn müsavatçılar polis tərəfindən sorğu-suala tutulur. Bu gün günorta saatlarında bir polis kapitanı partiyanın qərargahına gələn Yadigar Sadıqovdan barada hansı tədbir keçirildiyini soruşub.

Maraqlıdır ki, Bakı şəhər icra hakimiyyəti yürüşlə bağlı partiyanın müraciətinə hələ cavab verməmiş polis hərəkətə keçib. Patrul xidməti ilə yanaşı, mülki geyimli polislər qərargahın önündə bura gəlib-gedənləri izləyirlər.

 

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-də Bakıda etiraz yürüşü keçirəcəyi haqda Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: