“Hakimiyyət İlqar Məmmədovun partiya sədri olmasını istəmir”

ReAl Vətəndaş Hərəkatının oktyabrın 29-na təyin etdiyi qurultay və qurumun partiyaya çevrilməsi ertələnə bilər. Çünki Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupuna  partiyanın təsis qurultayını keçirmək üçün yer verilmir.

Təşəbbüs Qrupundan  bununla əlaqədar “Basta”ya daxil olan  bəyanatında deyilir:

“Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu Partiyanın I Təsis Qurultayını bu ilin oktyabr ayının 29-da keçirilməsi ilə bağlı qərar verib. 

.
Partiyanın Təşəbbüs Qrupu adından Bakı şəhərində yerləşən və 400 nəfərlik zalı olan 4 və 5 ulduzlu otellərə partiya qurultayının keçirilməsi üçün müraciət edilib. Lakin müraciət olunan otellər siyasi partiya tədbirlərinə yer ayırmadıqlarını ifadə edib və yer verməkdən imtina ediblər. 
.
Bunu nəzərə alaraq oktyabr ayının 2-də Partiyanın Təşəbbüs Qrupu adından qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət ünvanlanıb. 
.
Qanunla nəzərdə tutulan 15 gün ərzində müraciətlərə cavabvermə qaydasını pozaraq Bakı İcra Hakimiyyəti bizim müraciətimizə hələ də cavab verməmiş və hətta müraciətimizi qeydə almadıqlarını və icraata göndərmədiklərini bildirmişlər. 
.
Müraciətdə göstərdiyimiz yerlərdə digər siyasi partiyalar öz qurultaylarını və digər tədbirlərini keçirmişlər. Belə olan təqdirdə hesab edirik ki, Bakı İcra Hakimiyyəti qanunun tələblərini pozaraq müraciətimizə cavab verməməklə bir tərəfdən ayrı-seçkilik etmiş, digər tərəfdən siyasi fəaliyyət azadlığını kobud şəkildə pozmuş olur. Bütün bunlar onu göstərir ki, Bakı İcra Hakimiyyəti siyasi rəhbərliyin sifarişi ilə hərəkət edir.
.
Bütün üzvlərimizə və ictimaiyyətə bildirmək istəyirik ki, partiya qurultayını keçirməkdə qərarlıyıq və mövqeyimizdə hər hansı dəyişiklik olmayacaq. Biz mövcud prosesi imitasiya etmək üçün deyil, cəmiyyətin tam etimadını qazanaraq ölkəni irəli apara biləcək partiyanın qurulmasını hədəfləmişik”.
.
“Basta”nın əldə etdiyi məlumata görə,  ReAl partiyasının təşəbbüs qrupu təsis qurultayını Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirmək niyyətindədir. Bu ünvanda Müsavat Partiyasının məşhur VIII qurultay keçirilib. Burada həm də AXCP-nin son qurultayı keçirilib. Bu baxımdan Təşəbbüs Qrupunun yaydığı bəyanatda  hakimiyyətin ayrı-seçkiliyə yol verdiyi barədə eyham Müsavata və AXCP-yə aiddir.
.
ReAl-çıların bəyanatındakı bu eyhama münasibət bildirən Müsavatın Məclis üzvü Mustafa Hacıbəyli xatırladıb ki, Müsavat Partiyası da qurultay üçün yer almaq uğrunda iki ildən artıq mübarizə aparmalı olub.
.
“ReAl-çılara uğurlar arzulayırıq. Təcrübəmizdən bilirik ki, indiki vəziyyətdə demokratik prosedurlara uyğun olan bir qurultay keçirmək asan olmayacaq. Biz iki ildən artıq bir müddətdə qurultay üçün yer ayrılması uğrunda mübarizə aparmalı olduq. Otellər, şadlıq evləri imtina etdilər.  İcra Hakimiyyəti yer ayırmadı.  Yalnız Qubad İbadoğlu başqanlığa öz namizədliyini irəli sürdükdən sonra Müsavata qurultay üçün yer verdilər.  Çünki hakimiyyət qurultayda məhz onun qalib gələcəyinə inanırdı. Amma müsavatçılar hakimiyyətin hesablarını alt-üst etdi. ReAl-ın qurultayında İlqar Məmmədovun sədr seçiləcəyi mübahisə doğurmur. Bu baxımdan indiki vəziyyətdə, ReAl-ın qurultayına müraciətdən cəmi iki həftə sonra yer ayrılması təəccüb doğurardı. Bildiyimə görə, heç alternativ də yoxdur. Hakimiyyət İlqar Məmmədovun partiya sədri olmasını istəmir, çünki partiya – artıq hakimiyyət uğrunda real siyasi iddia deməkdir. Mümkün qədər əngəlləyəcəklər, amma dirəniş qarşısında geri çəkilməyə məcbur olacaqlar. Qurultaya yer verilməməsi istənilən halda qanunsuzluqdur və biz bu məsələdə ReAl-ın mövqeyini tam dəstəkləyirik. İnanrıq ki, ReAl-da olan dostlarımız bu və ya digər şəkildə hakimiyyətin süni olaraq yaratdığı qurultay üçün yer problemini həll edə biləcəklər”, – Mustafa Hacıbəyli bildirib.
.
Bastainfo.com