Azərbaycanda kredit götürənə zamin duran şəxs həbs edildi

Bakının Sabunçu rayon Məhkəməsinin qərarı ilə bankdan kredit götürən şəxsin zamini 10 günlük həbs edilib.

Bu barədə “Antikollektor” şirkətinin rəhbəri Əkrəm Həsənov öz facebook səhifəsində yazıb.

Həbs edilən şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı Lalə Bünyatovadır. O, “Atabank”dan kredit götürən bir şəxsə zamin durub.

Həsənov qeyd edib ki, məhkəmə nədənsə Lalə Bünyatovanı işsiz kimi göstərib. Məhkəmə onun əmək haqqından kredit borcunu tuta bilərdi.

“L.Bünyatova borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib”, Ə.Həsənov yazıb.

O qeyd edib ki, borc məbləği 8 min 701 manat təşkil edib və müdafiə tərəfi apellyasiya məhkəməsinə şikayət verəcək.

Xatırladaq ki, Azərbaycanda kreditlərin qaytarılması ilə bağlı problemlər 2015-ci ildə baş vermiş iki devalvasiyadan sonra başlayıb. Hazırda problemli kreditlərin həcmi 1 mlrd. 824 mln. manat təşkil edir və ekspertlərin fikrincə, hər dörd vətəndaşdan birinin banka borcu var.

Həsənov bir müddət əvvəl artıq Azərbaycanın Avropada banka borcu olanların həbs olunduğu yeganə Avropa ölkəsi olduğunu yazmışdı. O, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Avropa Məhkəməsi öz növbəsində ölkə hökumətinə bu məsələ ilə bağlı rəy bildirmək üçün 16 yanvar 2018-ci ilə qədər vaxt verib.

Rəsmi orqanlar məlumatla bağlı hələ mövqe bildirməyib.

%d bloqqer bunu bəyənir: