Gürcüstanın Marneuli rayonunda seçki günü atışma: Azərbaycanlı deputatlığa namizəd güllələndi

Gürcüstanın Marneuli rayonu Qızılhacılı kəndində baş verən atışmada yaralananlardan ikisi stabil-ağır vəziyyətdədir.

Bu barədə oktyabrın 20-də “Novosti-Qruziya” məlumat yayıb.

Oktyabrın 19-da hakim “Gürcü arzusu” partiyasının seçki qərargahında baş verən silahlı hücumda 5 nəfər yaralanıb.

Yaralananlardan biri hakim partiyadan deputatlığa namizəd Ceyhun Çovdarovdur.

Xəsarət alanlardan 4-ü Marneulidəki mərkəzi xəstəxanaya, biri isə “Aversi” şəhər klinikasına götürülüb.

Covdarov və onu müşaiyət edənlərdən biri təcili əməliyyat olunublar.

“Təxminən saat 23:30 radələrində bizə güllə yarası almış 4 nəfər gətirildi.Onlardan ikisini təcili əməliyyat etdik. Hazırda reanimasiya şöbəsindədirlər, vəziyyətləri stabil-ağırdır. Onlar qarın boşluğundan yaralanıblar” həkim Teya Zaridze deyib.

Onun sözlərinə görə digər iki nəfər isə əl və ayaqlarından xəsarət alıblar və hazırda həkim nəzarətindədirlər.

“Aversi” klinikasına götürülən 5-ci yaralı isə artıq evə buraxılıb.

Daxili işlər nazirliyi insidentlə bağlı istintaq aparır.

Gürcüstanın daxili işlər naziri Georgi Mgebrishvili , səhiyyə naziri David Sergeenko və Kvemo Kartli qubernatoru Georgi Nemsadze hadisə yerində olublar.

Qeyd edək ki, Gürcüstanın Marneuli bölgəsində əsasən azərbaycanlılar yaşayır.

AzadlıqRadiosu

%d bloqqer bunu bəyənir: