Müsavat Məclisinin sessiyası keçirildi

Bu gün – oktyabrın 21-də, Müsavat Partiyası Məclisinin sessiyası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda təşkilatı məsələlərə baxılıb və ictimai-siyasi vəziyyət müzakirə olunub.

İclasda əvvəlcə yeni seçilən rayon təşkilatı sədrlərinin Məclis üzvləri səlahiyyətlərinin təsdiq edilib.

Daha sonra Müsavat Partiyası başqanı Arif Hacılının ictimai-siyasi vəziyyət və partiyanın vəzifələri barədə məruzəsi dinlənilib. 

Məruzə ətrafında Müsavat İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanının müavinləri Səxavət Soltanlı Tofiq Yaqublu, Məclis üzvü Valeh Hümmətoğlu və digərləri çıxış ediblər.

İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması.

Bundan sonra isə Məclisdə və partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasında (MNTK) boş yerlərə seçkilər keçirilib. Məclis üzvlüyünə seçkilərdə 10 yerə qarşı 26 namizəd, MNTK-ya seçkilərdə isə 3 yerə qarşı 5 namizəd irəli sürülüb.

Say komissiyasının sədri Yadigar Sadıqov bildirib ki, ciddi rəqabət şəraitində keçirilən gizli səsvermənin yekunlarına görə, səslər bölündüyü üçün namizədlərdən heç biri yetərincə səs toplamayıb. 

Sessiyada Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər qarşıda duran vəzifələr haqqında geniş çıxış edib. İsa Qəmbər bildirib ki, hakimiyyət dərinləşməkdə olan böhranın qarşısını almağa qadir deyil. O, cəmiyyətin hakimiyyətdən narazılığının getdikcə artacağını qeyd edərək, artıq beynəlxalq birliyin də bu rejimə münasibətinin tam dəyişdiyini vurğulayıb. İsa Qəmbər bildirib ki, Müsavat Partiyasının 2018-ci ildə əsas hədəfi hakimiyyətin dəyişdirilməsinə nail olmaqdır.

Sessiya davam edərkən Müsavat Partiyasının qərargahı polis əməkdaşları tərəfindən əhatəyə alınıb.

 

 

%d bloqqer bunu bəyənir: