Kanadanın Kvebek vilayətində də üz örtüyünə qadağa qoyulub

Kanadanın Kvebek vilayətində də üz örtüyünə qadağa qoyulub.

Gələn ilin iyulundan qüvvəyə minəcək qanunda qeyd edilir ki, ictimai xidmətlərin göstərildiyi yerlərdə üzü örtmək olmaz.

Qanunda “niqab”, yaxud müsəlmanlarla bağlı başqa anlayışlar olmasa da, Kvebekin müsəlman icması bunu dini zəmində ayrı-seçkilik kimi qiymətləndirib.

Beləliklə, Kanadanın fransız dilli vilayəti olan Kvebekin dövlət idarələrində, xəstəxanalarında, kitabxanalarında işləyənlər, hətta ictimai nəqliyyatdan istifadə edənlər üzünü örtə bilməyəcək.

Oxşar qanun bir neçə il qabaq Fransada da qəbul edilib. Belçika, Niderland, Almaniyanın Bavariya vilayəti də niqaba qadağalar tətbiq edib.

Kvebekdəki müsəlmanların sayı getdikcə artır. Onların çoxu Şimali Afrika əsillidir.

“Biz sadəcə, deyirik ki, yeni qaydalar ünsiyyət, kimliyin aydınlaşması və təhlükəsizliklə bağlıdır. Nə dövlət xidmətlərini təklif edənlər, nə də həmin xidmətlərdən istifadə edənlər üzünü bağlamalıdır” – deyə Kvebekin baş naziri Philippe Couillard jurnalistlərə bildirib.

Buna da bax: Vikinqlərin qəbrində ‘Allah’ və ‘Əli’ kəlmələri

“Biz azad və demokratik ölkədə yaşayırıq. Siz mənimlə danışırsınızsa, mən sizin üzünüzü , siz də mənim üzümü görə bilməlisiz. Hər şey bu qədər sadədir” – deyə o əlavə edib.

Kanada Müsəlmanlarının Milli Şurası bildirib ki, qanuna qarşı çıxmaq üçün hüquqi vasitələri nəzərdən keçirir.

Qanunda üzü örtməklə bağlı bəzi istisnalar nəzərdə tutulub, amma bunun təfərrüatı əksini tapmayıb.

Müsəlman isması son zamanlar “islamofobiyanın artması”ndan da narahatlığını bildirib.

Bu ilin yanvarında Kevebekdə məsciddə 6 nəfər öldürülüb. Buna görə Fransa-Kanada universitetinin bir tələbəsinə qarşı ittihamlar irəli sürülüb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: