Müsavat noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirəcək

Müsavat Partiyası noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirəcək.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Toplum.Tv-yə bildirib.

Arif Hacılı deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşma azadlığı haqqında” Qanunu, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsini kobud şəkildə pozub: “Bakı Şəhər İcra Hakimiyyəti qeyri-qanuni olaraq Müsavat Partiyasının 21 oktyabr tarixinə təyin etdiyi yürüşü qadağan edib. Bu da sərbəst toplaşma azadlığı haqqında qanunu, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsini kobud şəkildə pozmaqdır. Buna etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirilməsi ilə bağlı müraciət etmişik”.

“Bu müraciətə mənfi cavab vermək üçün heç bir əsas yoxdur”

Müsavat başqanı hesab edir ki, İcra Hakimiyyəti 3 noyabr tarixinə planlanan piketlə bağlı müraciətə müsbət cavab verməzsə, bu, qanunun bir daha pozulmasıdır: “İcra hakimiyyəti ötən tədbirimizlə bağlı vətəndaşların, nəqliyyatın intensiv hərəkətinə mane olunması kimi qanunsuz və əsassız iradlar bildirmişdi. Ancaq Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirməyi planlaşdırdığımız piketlə bağlı mənasız və əsassız bəhanələrin irəli sürülməsi belə qeyri-mümkündür. Əgər İcra Hakimiyyəti piketlə bağlı müraciətimizə müsbət cavab verməsə, bu qanunun bir daha pozulmasıdır. Təbii ki, bu proses əbədi olaraq davam edə bilməz. Yəqin ki, Müsavat Partiyasında bu məsələlər müzakirə olunacaq və bu piket, yaxud da hər hansı sərbəst toplaşma azadlığının təmin olunması istiqamətində tələblərimizi irəli sürəcəyik. Bakı Şəhər İcra Hakimiyyətinin qeyri-qanuni qərarlarını yox, konstitusiyanın “sərbəst toplaşma azadlığı haqqında” qanununu əsas götürərək, buna uyğun qərar qəbul edəcəyik”.

Bakı şəhəri İcra Hakimiyyəti Müsavat Partiyasının oktyabrın 21-də yürüş keçirməklə bağlı müraciətinə müsabət cavab verməyib. Bakı polisi isə açıqlamasında bildirmişdi ki, aksiyanın keçirilməsinə icazə verilməyəcək.

Ofelya Ramilqızı
Toplum.Tv

%d bloqqer bunu bəyənir: