Təhsil Nazirliyinin əməkdaşı ilə YAP üzvünə hökm oxundu

Hər iki şəxs dələduzluqda ittiham olunur

Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Meydan TV-nin məlumatına görə, iclasda hökm oxunub. Hökmə əsasən, S.Mansurova 8 il , A.Bağırova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan A.Bağırova məhkəmə zalında həbs edilib.

S.Mansurova istintaq zamanı ifadəsində deyib ki, 5 dil bilir, 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr işləyib, YAP-ın Seçki Komissiyasının üzvü olub:

“Bir neçə dəfə həm ölkədə, həm də ölkədən kənarda konfranslarda ölkəmizi yüksək səviyyədə təmsil etmişəm, ictimai həyatda fəal iştirak etmişəm.

2014-cü ilin yanvar-fevral ayında mənim işlədiyim uşaq poliklinikasına Aytəkin Rafiq qızı Bağırova adlı valideyn müraciət edərək, öz uşağını təkidlə mənim qeydiyyatıma salıb. Bir neçə ay keçdikdən sonra Aytəkin Bağırova poliklinkaya gəlib dedi ki, onun atası və əmisi oğlu vəzifəli şəxsdir və işə ehtiyacı olan şəxsləri müxtəlif orqanlarda işə düzəltməklə məşğuldur. Mənə deyirdi ki, onun əmisi oğlu Elçin Bağırov Administrasiyada Protokol Xidməti rəisidir. Həmçinin, Aytəkin Bağırova özünün Təhsil Nazirliyində işlədiyini və atasının da Ədliyyə Nazirliyində xidmət göstərdiyini bildirib. Bundan əlavə, bir neçə vəzifəli şəxslərin adlarını çəkib.

Belə ki, Səhiyyə Nazirliyində Kadrlar Şöbəsinin rəisi kimi-Kəmalə xanımın adını, “SOCAR” –da Bədəl Bədəlovun, Prezident Administirasiyasında- Əli Həsənovun katibəsi Nigarın, BDU-da İbad müəllim, Təhsil Nazirliyində- Aysel xanımın, Müdafiə Nazirliyində- Mehriban xanımın, Slavyan Universitetində- dekan Zemfira xanımın, Tibb Kollecinin direktorunun, Nəsimi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət İdarəsinin işçilərinin adlarını çəkirdi.

O qeyd edirdi ki, məni Avropa ölkələrinin birinə praktika keçməyim üçün göndərə bilərlər və qayıdandan sonra da qabaqcıl Diaqnostika Mərkəzində işə düzəldəcəklər. Mənim bir məqsədim var idi, bu da vəzifəli şəxslərlə münasibətimi qurmaq və onların gözünə girmək, sadiqliyimi nümayiş etdirmək, etibarlarını qazanmaq və öz karyeramı qurmaq.

Bütün bunların qarşılığında isə Aytəkin Bağırova mənə işə düzəltməyi üçün adamlar tapmağımı istəyirdi. Əlbəttə ki, bunu müəyyən pul və rüşvət qarşılığında əlbir olduğu adamlarla birgə həyata keçirirdi.

Mən heç vaxt rüşvət verməmişəm və rüşvətdə vasitəçi olmamışam, bu işdə mənim heç bir təcrübəm olmadığı üçün, mənim suallarım çox idi.

Həmçinin bildirdi ki, işə düzəlmək istəyən insanlardan pulu müqavilə ilə, ya da qəbzlə özüm almalıyam. Mən də işə düzəlmək istəyən insanların pullarının sonradan batmaması və artıq onların aldadılma ehtimalının olmamasını düşünərək bununla razılaşdım”.

S.Mansurova bildirib ki, sonradan A.Bağırovanın adamları aldatmasını görüb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Lakin onun barəsində həbs-qətimkan tədbiri seçilib. A.Bağırova barəsində isə belə qərar seçilməyib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: