İntellektual siyasət

İbrahim İbrahimli

Artıq Azərbaycandakı cəmiyyətin siyasi səviyyəsi heç də çoxlarının düşündüyü kimi primitiv deyil. Cəmiyyətin içində tamamilə yenilənmiş, yeni siyasi kriteriyalarla hərəkət edən təbəqə formalaşır. Şəxsən mən cəmiyyətimizin ən müxtəlif təbəqələrinin nümayəndələri ilə söhbətlərimdə müsbət tendensiyanı müşahidə etməkdəyəm.

Azərbaycan cəmiyyəti internetdə fəaldır, amma yerli televiziya proqramlarından səslənən siyasi təbliğata tamamilə biganədir. Televizora baxanlar da, əsasən xarici telekanlallara üstünlük verir. Cəmiyyətimizin ən azı fəal hissəsi primitiv, əsasən SSRİ dövründən qalan siyasi reallıqların gerçəkliklərindən tamamilə kənardadı. Artıq daha intellektual siyasi reallıqlar önə keçməkdədir.

Neytral gözlə baxaraq, indiki dövrdə bir siyasi qurumun – Müsavat Partiyasının başqalarından daha çox yeni reallıqla ayaqlaşan siyasət yürütdüyü qənaətindəyəm və bu proses hələ İsa Qəmbərin başqan olduğu dövrdə başlayıb.

Müsavat  hamının “Ura!” deyərək səs verdiyi bir məmləkətdə, gizli səsverməni struktur formalaşmasının qaçılmaz şərtinə çevirdi. Parlamentə namizədlərini müəyyənləşdirmək üçün ilkin seçki – praymeriz keçirdi. “Qadının siyasətdə nə işi var” deyilən bir məqamda partiyanın bütün seçkili strukturlarında qadınlara 25 faizlik təmsilçilik kvotası ayrıldı. Bir nəfərin iki dəfədən artıq eyni vəzifəyə seçilməməsi nümunəsini ölkəmizə gətirdi.   

Müsavat həm dövlətin rəsmi xarici siyasət doktrinasını, həm də ölkədə gedən siyasi proseslərə beynalxalq amilin  təsirini nəzərə alaraq, daxili siyasətlə kifayətlənməyib, xarici siyasətə də xüsusi önəm verdi. Qərb dövlətlərinin sığındığı və Azərbaycanın mövcud hakimiyyətinin də inkar etmədiyi DEMOKRATİK DƏYƏRLƏRƏ sözdə yox, əməldə sadiq qaldığı üçün Beynəlxalq Liberal İttifaqın (ALDE) üzvü ola bildi. Bu üzvlük partiyanın demokratik bir qüvvə kimi Avropada və Amerikada tanınması, yeni əlaqələr qurması üçün geniş imkanlar açdı. Axı Liberal İttifaqın üzvü olan siyasi partiyaların bəziləri hazırda Avropa dövlətlərində hakimiyyətdə təmsil olunurlar, ALDE qrupu isə Avropa Parlamentində ciddi bir fraksiyaya malikdir.

Apardığım müşahidələr onu deməyə əsas verir ki, Arif  Hacılı da bu siyasi kursa sadiqdir, daxili və xarici siyasətin bir-biri ilə asılı əlaqəsini nəzərə alan siyasət yürüdür. Hakimiyyətin təzyiqlərinə rəğmən, onun Avropadakı siyasi mühacirlərə xüsusi diqqəti təsadüf deyil. Müsavat cəmiyyətin siyasi dünyagörüşünün yeni bir səmtə inkişaf etdiyini yetərincə müşahidə etdiyindən, mövcud hakimiyyətə qarşı mübarizəni yeni bir müstəviyə keçirə bilib.Yəni intellektual bir müstəviyə. Bu gün Avropa Birliyi və AŞPA Azərbaycana münasibətdə siyasi manevrlər etsə də, bu dövrdə Müsavat qeyd etdiyim əlaqələrindən yararlanmaqla, həm öz fəallarını hakimiyyətin təziyqindən qorumaq, həm də partiyanın proseslərə təsir imkanlarını genişləndirmək siyasətini ustalıqla davam etdirir.

Müsavat Azərbaycandakı siyasi oyun qaydaların intellektual bir müstəviyə çəkib. Açığı, mövcud hakimiyyət də siyasi gedişlərini intellektual prinsiplər əsasında qurmağa çalışırdı. Bu müstəvi mövcud hakimiyyətin siyasi ampluasına uyğun gəlməsə də, müxtəlif üsullarla öz maraqları baxımından müyyən uğurlar əldə etmişdilər. Lakin hakimiyyətin daim yararlandığı korrupsiya aləti son dövrdə xarici siyasət sahəsində ona ciddi problemlər yaradıb. Xüsusən “kürü diplomatiyasının” və “Azərbaycanın pulyuyan maşınının” ifşası hakimiyyəti xarici siyasətə sıfırdan başlamaq zərurəti ilə üz-üzə qoyub.  

Müsavatın düşünülmüş xarici siyasəti isə gözlənilən nəticəni artıq ortaya çıxarıb. Arif Hacılının bir sıra mötəbər beynəlxalq tədbirlərə çağırılması, xüsusən noyabrın əvvəlində Brüsseldə keçiriləcək Avropa Birliyinin Azərbaycanla əməkdaşlığına dair müzakirələrə dəvət alması onu göstərir ki, artıq Qərb Azərbaycanda əsas müxalifət partiyası, həm də yaxın gələcəyin mümkün hakimiyyəti kimi Müsavatı Partiyasını görür.

Ümumilikdə isə siyasi mübarizənin intellektual müstəviyə keçməsi hər birimizə və bütövlükdə cəmiyyətimizə lazımdır. İntellektual mübarizə mümkün siyasi kataklizmlərin qarşısında bufer rolu oynayaraq, ictimai münasibətlərin sivil axarını tənzimləyir. Axı intellektual siyasətdə (istər strateji, istər cari məsələlərdə) manevr imkanları tükənməzdir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: