YOL POLİSİ: Sükan arxasında danışdığına görə heç kim cərimə edilə bilməz

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin sükan arxasında danışmağa görə cərimə edilməsi söz-söhbətlərinə son qoymaq üçün növbəti dəfə məlumat yayıb. İdarənin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, indiyədək bu tip hərəkətlərə görə cərimə edilən olmayıb: “Son günlər sürücülərin sükan arxasında olarkən sərnişinləri ilə danışmalarına görə məsuliyyətə cəlb olunmaları ilə bağlı sosial şəbəkələrdə əsassız müzakirələr aparılır, bəzi KİV-də isə həqiqətə uyğun olmayan, guya qanunvericilikdə bununla bağlı dəyişikliklər olması haqda yanlış informasiyalar yayılmaqla yol hərəkəti iştirakçıları arasında bilərəkdən çaşqınlıq yaradılır.

Bununla əlaqədar Baş Dövlət Yol Polis İdarəsi bir daha hərəkət iştirakçılarının, xüsusilə sürücülərin diqqətinə çatdırır ki, sürücünün sükan arxasında, sərnişinlərin isə nəqliyyat vasitəsində gedərkən danışmasının qadağan olunması ilə bağlı qanunvericilikdə heç bir dəyişiklik olmayıb, bu hərəkətlərə görə indiyədək heç kim inzibati məsuliyyətə cəlb edilməyib və edilə də bilməz”.

Məlumatda sürücülərə nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmaları, yol hərəkəti qaydalarına ciddi riayət etmələri tövsiyə olunub.

 

%d bloqqer bunu bəyənir: