Müsavatla BŞİH arasında metr mübahisəsi

Bakı şəhər İcra Hakimiyyəti Müsavatın piketini “məqsədəuyğun” saymadı, partiya paytaxt rəhbərliyinə yenidən müraciət göndərdi

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 3-də keçirəcəyi piketlə bağlı müraciətə “yox” cavabı verib.

Müsavatın mətbuat xidmətindən “Basta”ya daxil olan məlumata görə, BŞİH-in cavab məktubunda deyilir ki, “Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında planlaşdırdığınız piketin keçirilməsi məqəsədəuyğun hesab edilmir”. 

BŞİH öz qadağasını Nazirlər Kabinetinin 234 nömrəli 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə əsaslandırmağa çalışıb. Cavab məktubunda qeyd edilib ki, “Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında 200 metr radius çərçivəsində toplantıların keçirilməsi məhdudlaşdırılır”. Lakin paytaxt rəhbərliyi 200 metrlik məsafədə də piket keçirmək üçün hər hansı ünvan göstərməyib. 

Məsələ Müsavat Divanının bu gün keçirilən iclasında müzakirə edilib və müvafiq qərar qəbul edilib.

Müsavat Partiyası BŞİH-in bu qərarını qanunsuz sayaraq, bu gün yenidən paytaxt meriyasına müraciət göndərib. 

Müraciətdə qeyd edilir ki, BŞİH piketlə digər kütləvi etiraz aksiyalarını səhv salıb. 

“Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarı “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” adlanır. Bizim 26 oktyabr tarixli müraciətimiz isə mitinq, yürüş, nümayiş keçirilməsini yox, Bakı şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirilməsini nəzərdə tutur”, – Müsavat Partiyasının bu gün BŞİH-ə göndərdiyi müraciətdə deyilir.

Müraciətdə qeyd edilib ki, ölkə qanunvericiliyənə görə, piketlər inzibati binaların 10 metrliyində keçirilə bilər.

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun yığıncaqların, toplantıların keçirilməsinin məhddudlaşdırılmasına dair 9-cu maddəsinin V  bəndində qeyd edilir ki, (maddə:9, V. Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən  obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.) piketlərin keçirilməsi zamanı inzibati bina ilə radius məhdudiyyəti 10 metrdir”, – Müsavatın müraciətində deyilir.

Müsavat Partiyasının 3 noyabr tarixində BŞİH-nin qarşısında keçirəcəyi 50 nəfərlik piketi Nazirlər kabinetin 234 saylı qərarına əsasən razılaşdırmaqdan imtina etməyiniz tamamilə qanunsuzdur. Nəzərinizə çatdırırq ki, Müsavat partiyası 26 oktyabr tarixli, BŞİH qarşısında saat 16-00, 16-30 da  piket keçirməklə müraciətini qüvvədə sayır və sizi piketin keçirilməsi ilə bağlı üzərinizə düşən vəzifəni qanuna müvafiq şəkildə icra etməyə çağırır “, – müraciətdə deyilir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: