Uzundraz və bəstəboy söhbəti

Xeyrulla Balaxanlı

İsti avqust günündə Tibb Universitetinin yanında taksiyə oturdum. Göydən od yağsa da, maşında kondisioner işləmirdi. Sürücüdən bunun səbəbini soruşdum. “Ağsaqqal, benzin çatdırmaq olmur ee, qiymətini göyə qaldırıblar”, – dedi. Başladı, problemlərdən danışmağa. Bir az söhbətləşdik, məlum oldu ki, köhnə müsavatçıdır.

Soruşdum ki, niyə gəlib-getmirsən. “Hər şeyi izləyirəm bəy, məqamı çatanda mütləq gələcəm”, – dedi. 

– Bunların axırı necə olacaq bəy, – deyə soruşdu. Yolumuz hələ uzun olduğu üçün, onunla ətraflı söhbət etmək qərarına gəldim: 

– İlham Əliyev bütün sahələrdə Azərbaycanı istəməyən qüvvələrin əlinə oynayır. Normal dövlət adamı üçün lazım olan atributların heç biri onda yoxdur.

-Bəs boy? … – köhnə müsavatçı gülümsəyərək sözümü kəsdi.

-Düzdü, Əlahəzrətin boyu, nəmxuda, yarrı -yaraşıqlı… Amma dünyada ən ağıllı və qüdrətli dövlət adamlarının çox əksəriyyəti ortaboylu olub. Boya bir quş, – dedim.

Daha sonra həmsöhbətimə dediklərimi və demədiklərimi yazmaq qərarına gəldim:

Kimlər maraqlı idi İ.Əliyevin 2003-də prezident kürsüsünə otuzdurulmağında? Birinci Rusiya və onun ölkəmizdəki 5-ci kalonu. İkinci Hayestan. 5-ci kalon çoxdan haylarla alış-veriş yapmışdı ki, bir klan Azərvaycanda, digər klan Hayestanda əl-ələ verib uzun illər hakimiyyətdə qalsınlar.

Hələki də qalırlar. Danışıqların senarisi müxtəlif ölkələrin teatr səhnəsində oynanılırdı. H. Əliyev rus rejissorunun tapşırıqlarını məharətlə yerinə yetirən əla aktyor idi. Ona həvalə olunan rolu elə ustalıqla oynadı ki, haylar hələ uzun illər ona rəhmət oxuyacaqlar. Azərbaycan da bu böyük aktyorun “ustalığı “nın altını hələ çox uzun illər çəkəcək. 

H. Əliyev Moskvadan respublikaya iki obrazda gəlmişdi; biri rus rejissorundan rol almış H. Əliyev, digəri də guya xalqını sevən, vətəni üçün canını verməyə hazır olan “patriot” H. Əliyev. “Patrıot” H. Əliyev hakimiyyətə gəldi.

Vaxtilə onun yerliçilik, “pripiska” siyasətini tənqid edənləri, o cümlədən, vətənpərvərləri, Qərbə inteqrasiya tərəfdarlarının böyük qismini zindanlarda çürütdü, məhv etdi. Niyə?! Bu qüvvələrin məhvi 5-ci kalonun yolunu təmizləyir, əl-qolunu açırdı.

H. Əliyevdə heç vaxt yaradıcı təfəkkür olmayıb. O, yazılmış ssenarilərdə rejissorun ən istedadlı və sevimli aktyoru idi. Sərbəst düşüncəli, təfəkkürlü insanlardan da zəhləsi gedirdi.

İ . Əliyev isə atasından fərqli olaraq istedadsız aktyordur. Tutduğu vəzifənin imitasiyasını da edə bilmir. Saysız-hesabsız yalanlar, “Qarabağ bizimdir, bizim olacaq “, “Bayrağımızı tezliklə Xakəndinə sancacağıq” kimi çeynənmiş şüarlar da köməyinə gələ bilmir.  İldə iki-üç dəfə Artur Rasizadənin iştirakı ilə 5-ci kalonun sadiq nümayəndələrini yığıb bir milyon, sonra beş yüz min və s. astronomik rəqəmlərlə iş yeri açıldığını, regionun lider ölkəsinə çevrildiyimizi deyir. “Qərb gərək demokratiyanın və iqtisadi inkişafın Azərbaycan modelini öyrənsin” və s. kimi komik çıxışlar edir.

İ. Əliyev atasından bircə şey mənimsəyib, özündən boyca hündür, ağıl -intellekt sarıdan, mənəviyyat baxımından ondan üstün olanları iş başına gətirmir. Atası kimi harda bir gözükölkgəli, əxlaqi zədəli kadr var, onlara stavka edir.

Əliyev klanının fəlsəfəsinə görə, belə kadrları idarə etmək asandır və həm də onların fonunda ağıllı və böyük görsənirsən. Demokratiya İ.Əliyev üçün qorxulu bir yuxudur. Bilir ki, demokratiya olan yerdə korrupsiya, ailə, qohum-qəbilə idarəçiliyi mümkünsüzdü. Qumar, kazino, kayfa milyonlar uduzmaq yoxdu. Neynəsin, əlahəzrət də belə şeylərə aşırı alışqandı. Buna görə də ölkədə ciddi polis rejimi qurulub. Məhkəmə hakimiyyəti, vəkillik instititu Prezidentin əmrinə müntəzirdir; onu tut, bunu burax. Azərbaycanda müxalifət partiyasında hərəkətsiz üzv olmağın özü belə – təhlükəlidir. Hər an qapını döyüb, cibindən İqor Kio kimi narkotik çıxaracaqlar…

İlham Əliyev 2003-də prezident kürsüsünü antikonstitutsiyon, zorakı yolla ələ keçirdikdən az sonra Ensklopediyamızın ilk cildinin müzakirəsinə həsr olunmuş müşavirə hər kəsin yadındadır. Nəşriyyatın direktoru İsmayıl Vəliyevin günahı yox idi. Suç 1987-90-cı illərdə Azərb. KP MK-nın birinci katibi – ölkə rəhbəri olmuş Ə. Vəzirovundu. Bu nəşrin fəlsəfəsinə görə, Ə. Vəzirov İ. Əliyevin atasının qatili olsa belə, ora düşməli idi. Sən ölkə prezidentinin təfəkkürünə bax ki, onun atasının qisasçı olmasını və kadrları şəxsi sədaqətinə və qohumluq əlaqələrinə görə seçdiyini tənqid etdiyi üçün Ə. Vəzirovun Ensklopediyaya düşməsini aqressiya ilə qarşıladı. Direktoru aşağılayaraq təhqir etdi və oradan qovdu. Və əmr etdi ki, Vəzirov nəşrdən çıxarılsın.

İ.Əliyev atası kimi qisasçıdır. Onun və ailə uşağının korrupsiya yolu ilə xaricdə çox bahalı villalar alması, büdcəni dağıtmaları barədə araşdırma aparan nə qədər jurnalistlər illərdir həbsdədir və hətta sui-qəsdlə öldürülənlər var.  Bütün bunlara görə də ölkənin iqtisadi, siyasi və sosial problemləri düzəlmir. Bunlar hakimiyyətdə ikən, heç düzələnə də oxşamır. Çünki Azərbaycan bir qrup korrupsionerin əlində oyuncağa çevrilib və başında da prezident özü dayanır.

Amma, dünyada hər şeyin bir başlanğıcı ollduğu kimi, sonu da mütləq var. Azad Dünya və Avropa artıq başa düşüb ki, qeyri-demokratik ölkələr və onların hakimiyyəti zorla ələ keçirmiş korrupsioner rəhbərləri dünya üçün təhlükə mənbəyidir. Başa düşüblər. Noyabrda AB-nin Azərbaycanla bağlı Brüsseldə keçiriləcək dinləmələrə İ.Əliyevlə bərabər, Müsavat başqanı Arif Hacılını da dəvət etmələri təsadüf deyil.

Qəribə bir parodoksdur, deyilmi? Korrupsioner, totalitar rejimin başında dayanan İ. Əliyev və korrupsiyanı ifşa edən, demokratiyanın keşiyində dayanan bir partiyanın başqanı A. Hacılı. Yarandığı gündən demokratik, sivil Avropaya inteqrasiyanı özünün prioritet məsələsinə çevirən Müsavat partiyasına Qərbin stavkası heç də boşuna deyil. Şərqdə ilk Demokratik Cümhuriyyətin 100 illiyinin keçirilməsi barədə prezidentin sərəncamı və ümümmilli liderimiz M. Ə. Rəsulzadənin birdən-birə yada düşməsi də heç təsadüfə oxşamır…

…Yolun sonuna yaxınlaşdıq. Sürücünün yadına saldım ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərində Müsavat başqanı – bəstəboy Arif Hacılı, liderimiz  – bəstəboy İsa Qəmbərin namizədliyini irəli sürüb. Onu da dedim ki,  dünyanın bir çox böyük dövlətlərini bəstəboylar idarə edib.

– Bəlkə, biz də bundan yararlanaq, qardaş! Uzundrazdan çəkdiyimiz bəs deyilmi?!

Hər nə qədər təkid etsəm də, sürücü yol-pulu almadı. “Allah işimizi avand eləsin” arzusu ilə sağollaşıb ayrıldıq. 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: