Leyla Şıxlinskayaya cinayət işi açıldı

Xalq artisti Leyla Şıxlinskayanın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanılıb. Onun rəhbərlik etdiyi klinika iki milyondan çox vergidən yayınıb.

Femida.az xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Məlumatda bildirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsi ilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Cinayət işi aktrisanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının vergidən yayınması ilə bağlıdır. Klinikanın yayındırdığı verginin məbləğinin iki milyon manatdan çox olduğu bildirilir.

Qeyd edək ki, Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşı onun ifadəsi əsasında saxlanılıb. Məlumata görə, onlara mənimsəmə ittihamı verilib. Amma həmin şəxslər ittihamı qəbul etmirlər.

Əksinə, Leyla Şıxlinskayanın özünü ittiham edirlər. Elə həmin şəxslərlə bağlı araşdırmalar zamanı vergidən yayınma halları üzə çıxıb və Leyla Şıxlinskaya istintaqa cəlb olunub.

Leyla Şıxlinskaya, barəsində cinayət işi açılması məsələsinə aydınlıq gətirib.

L.Şıxlinskaya Qafqazinfo-ya açıqlamasında bu mövzuya aiddiyyəti olmadığını qeyd edib.

“Mövzu ilə bağlı mənə çox sual verməyin. Rəsmi orqanlardan məlumat ala bilərsiniz. Mən ancaq o qurumların açıqlamasına cavab verə bilərəm. İndi məhkəmə başlayır. Baxaq, görək, nə məsələdir. Mənim günahım varsa, cavab verməli olacağam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur.  Sənədlərə direktor, baş həkim və baş mühasib imza qoya bilər”, – deyə o bildirib.

 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: