Fədayə Laçının vəkili danışdı

Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçması ilə bağlı təqsirləndirilərək həbs edilən müğənni Fədayə Məmmədova (Laçın) ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili deyib.

Vəkil yaxın günlərdə müvəkkili ilə görüşəcəyini bildirib: “İnanmıram ki, bu işdə Fədayə Laçının əli olsun. Müvəkkilimlə görüşəndən sonra digər detallar da məlum olacaq”.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: