Hüquqşünaslar dilə gəldi

Nümayəndəliyin məhdudlaşdırılması ilə əlaqədar Milli Məclis tərəfindən qəbul olunan qanun hüquqşünaslar arasında böyük narazılığa səbəb olub.

Qanunun dekabrın 1-dən qüvvəyə minməsi gözlənilir. Buna etiraz olaraq “Praktik Hüquqşünaslar Qrupu” noyabrın 18-də “Məhsul” stadionunda mitinq keçirəcəklərini bəyan ediblər. 

Bu təşəbbüs sosial şəbəkələrdə əsas müzakirə mövzualarından birinə çevrilib. Qrupun üzvü Samirə Ağayeva aksiyanın keçirilməsində israrlı olduqlarını bildirib. Bu mövqe bir sıra tanınmış simalar tərəfindən dəstəklənib. 

Hüquqşünas Aynur Bağırzadə isə hesab edir ki, narazılığın mənbəyi  heç bir ictimai müzakirə olmadan qanunun dəyişdirilməsidir.

“Layihə özü bir çox vacib məsələləri açıq saxlayaraq, demək olar ki, heç birinci oxunuş üçün hazır olmayan vəziyyətdə səsə qoyularaq qəbul olunub”,  – Aynur Bağırzadə bildirir.

Hüquqşünas hesab edir ki, nümayəndəlik sisteminin ləğvi tək hüquqşünaslar üçün yox, bötüvlükdə cəmiyyət üçün ciddi təhlükələr daşıyır.

“Bu Qanunun həm hüquqşünaslara (xüsusilə gənc hüquqşünaslara), həm cəmiyyətə, həm də biznes sektoruna mənfi təsiri danılmazdır. Əgər Qanun layihəsi prezident tərəfindən imzalanarsa, minlərlə cavan və perspektivli hüquqşünaslar özlərinə iş tapa bilməyəcək. Vəkillər və Vəkillik fəaliyyəti haqında Qanun Vəkillər Kollegiyasının üzvü olması üçün 3 il iş təcrübəsi tələb edir. Bu 3 il təcrübənin gənc hüquqçu tərəfindən harada və necə yığılması sual doğurur. Qanunun qəbul olunmasından əvvəl də hüquqşünaslardan işə qəbul olmaq üçün bir çox işəgötürən tərəfindən iş təcrübəsi tələb edilirdi. Bu Qanundan sonra isə hətta şirkətlər belə Vəkillər Kollegiyasında üzvlüyü tələb edəcəklər. Bu gün məlum faktdır ki, hüquq təhsili ölkədə demək olar ki, pulludur. Hər bir tələbə hüquq təhsili almaq üçün ümumilikdə 10 000 – 20 000 manata qədər vəsait xərcləyir və təhsili bitirdikdən sonra məlum olacaq ki, o, özünə iş tapmaqda çətinlik çəkir. Layihənin bu formada qəbul olması minlərlə gənc hüquqşuların diplomunu əhəmiyyətsiz edir”, – Aynur Bağırzadə bildirir.

“Ölkədə Vəkillər Kollegiyasının üzvü olan 934 vəkil var, bunların bir hissəsi regionlarda çalışır, bir hissəsi isə öz fəaliyyətini bu və ya digər səbəbə görə dayandırıb. Bu isə o deməkdir ki, bu Qanunun rəsmi qəbulundan sonra 9 millionluq əhali 700 nəfərə yaxın vəkilin ümüdünə qalır. Nəticə etibarı ilə bu hal ona gətirəcək ki, yüz minlərlə işlər müdafiəsiz və keyfiyyətsiz bir şəkildə məhkəmələrə veriləcək, hakimlər onların baxılması və həll edilməsinə daha da çox vaxt sərf edəcəklər, hüquq xidmətinin haqqı qalxacaq və insanların çox hissəsi ondan məhrum olacaq” – Aynur Bağırzadə bildirir. 

Aynur Bağırzadənin fikrincə, Azərbaycandakı biznes vəziyyətinə də Qanun birbaşa təsir göstərəcək.

“Minlərlə hüquq xidməti ilə məşğul olan şirkətlər bağlanmalı olacaqlar, öz işçilərini ixtisara salacaqlar, minlərlə vergi ödəyicisi öz VÖENi bağlayaraq dövlət büdcəsinə vergini ödəməyəcək. Bundan başqa əgər Qanunun qəbul olunması bu qədər aktualdırsa, onun üzərində yetərincə işləmək və boşluqları aradan qaldırmaq üçün o, ən azı Vəkillər Kollegiyası və digər ictimai qurumlarla məsləhətləşərək tərtib olunmalı idi. Bundan başqa bu cür Qanun mərhələli həyata keçirilməli idi ki, hüquqşünaslar Vəkillər Kollegiyasına imtahana hazırlaşa bilsinlər, Vəkillər Kollegiyasında vəkil üzvlərin sayı artsın və Qanunun qəbulu ölkədə həm hüquqi, həm də sosial şoka səbəb olmasın. Hüquqşünaslar və hüquq cəmiyyəti yenə də Qanunun ölkə prezidenti tərəfindən imzalanmamasına böyük ümüd bəsləyir, – Aynur Bağırzadə bildirib. 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: