İlham Əliyev hüquqşünasların etirazına məhəl qoymadı

Məhkəmələrdə nümayəndəlik institutunu məhdudlaşdıran qanun təsdiqləndi

Ötən gün prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual Məcəllə və İnzibati Prosessual Məcəlləyə dəyişikliklərin edilməsi barədə qanunu imzalayıb.

Düzəlişlər 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Düzəlişlərin mahiyyəti odur ki, məhkəmələrdə nümayəndəlik institutu ləğv olunur. Vətəndaşları məhkəmələrdə ancaq peşəkar vəkillər – Vəkillər Kollegiyasının üzvləri təmsil edə bilər. Fiziki şəxslərin yaxın qohumları istisna ola bilər.

Məhkəmələrdə hüquqi şəxsləri ancaq onların ştatda olan hüquqşünasları təmsil edə bilər.

Bu düzəlişlər hüquq ictimaiyyətinin və vətəndaş cəmiyyətinin tənqidinə səbəb olub. Çünki ölkədə 10 mln. sakinə 900 vəkilin düşdüyü bir halda nümayəndəlik institutunun ləğvi vətəndaşları müdafiəsiz qoyacaq.

Qeyd edək ki, bu düzəlişlər hüquqşünaslar arasında narazılıqla qarşılanıb.  “Praktik Hüquqşünaslar Qrupu nümayəndəlik institutunun ləğvinə etiraz olaraq noyabrın 18-də “Məhsul” stadionunda mitinq keçirəcəklərini bəyan ediblər. Bəzi hüquqşünaslar isə İlham Əliyevin bu düzəlişləri təsdiqləməyəcəyinə ümidini ifadə etmişdilər.

Noyabrın 7-də Vəkillər Kollegiyasının üzvü olmayan və məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olan 70 Azərbaycan hüquqşünası ölkə prezidenti İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova müraciət göndərib.

Müraciət müəllifləri Ali Məhkəmənin Mülki-Prosessual Məcəlləyə və digər qanunlara təklif etdiyi düzəlişləri ləğv etməyi xahiş ediblər. Bu düzəlişlərə əsasən, hüquqi mübahisələrdə vətəndaşların hüquqlarını yalnız onların yaxın qohumları və Vəkillər Kollegiyasının üzvləri müdafiə edə bilərlər.

Bu qanun layihəsinin qanun qüvvəsi qazanması üçün sənədi ölkə prezidenti imzalamalı idi.

Müraciətin təşəbbüskarlarından biri – vəkil Ramil Süleymanov deyib ki, Milli Məclisdə bəzi deputatlar – hüquqşünaslar və onların yurisprudensiyadan başı çıxan həmkarları da bu qanun layihəsinin əleyhinə səs veriblər. Amma, buna baxmayaraq, ölkə prezidenti parlamentin qəbul etdiyi düzəlişləri təsdiq edib. Dekabrın 1-dən bu dəyişikliklər qüvvəyə minəcək.

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: