RT bildirir ki, ABŞ-da ondan xarici agent kimi qeydiyyatdan keçmək tələb olunub

Rusyanın dövlət tərəfindən maliyyələşdirilən RT telekanalı bildirib ki, ABŞ Ədliyyə Nazirliyi onun Amerika bölümünə ABŞ xarici agentlər qanununa uyğun olaraq qeydiyyatdan keçmək üçün noyabrın 13-dək vaxt verib.

Əvvəllər Russia Today adı ilə tanınan RT noyabrın 9-da öz internet saytında yerləşdirdiyi bəyanatda bildirib ki, ABŞ-ın 79 il əvvəl qəbul edilmiş Xarici Agentlərin Qeydiyyatı qanuna uyğun olaraq qeydiyyatdan keçməsi, onun ABŞ əməliyyatlarının dayandırılması ilə nəticələnə bilər.

ABŞ Ədliyyə Nazirliyi RT-yə qeydiyyatdan keçmək göstərişinin verilməsi barədə xəbəri dəfələrlə nə təkzib, nə də təsdiq edib. Nazirlik noyabrın 9-da AzadlıqRadiosunun sorğusunu yenə də cavablandırmayıb.

İngiliscə qısaldılmış adı FARA olan qanun Birləşmiş Ştatlarda xarici ölkələr üçün “siyasi və ya yarımsiyasi qismdə” işləyən şəxslərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini tələb edir. Bu qanun 1938-ci ildə məxsusi olaraq ABŞ-da nasist təbliğatının və dezinformasiyanın yayılmasını önləmək məqsədilə qəbul olunub.

RT-nin baş redaktoru, habelə prezident Putin və başqa Rusiya rəsmiləri xəbərdarlıq ediblər ki, Rusiya mediası ABŞ-da qeydiyyatdan keçməyə məcbur edilsə, Rusiyada fəaliyyət göstərən ABŞ media qurumlarına qarşı tədbirlər görüləcək. CNN, AzadlıqRadiosu və Amerikanın səsi mümkün hədəflər kimi göstərilib.

Oktyabr ayında Rusiyanın Ədliyyə Nazirliyi AzadlıqRadisouna xəbərdarlıq edib ki, ona qarşı Rusiyanın “xarici agent” qanunu tətbiq oluna bilər.

Burası da var ki, RT öz proqramlarını Birləşmiş Ştatlarda kabel televiziyası vasitəsilə sərbəst yaya bilsə də, AzadlıqRadiosunun Rusiyadakı fəaliyyəti çoxdan məhdudlaşdırılıb. AzadlıqRadiosu inzibati təzyiqlər ucbatından artıq 2012-ci ilədək özünün demək olar bütün stansiyalarını bağlayıb. Nə AzadlıqRadiosunun, nə də Amerikanın səsinin Rusiyada kabel televiziyasına girişi yoxdur.

ABŞ Kəşfiyyatı bildirib ki, RT Kremlin 2016-cı il ABŞ seçkisinə iddia edilən müdaxiləsində əsas icraçılardan olub.

ABŞ rəsmiləri bildirilər ki, Rusiyanın, tənqidçiləri və vətəndaş cəmiyyəti fəallarını susdurmaq üçün faydalandığı xarici agent qanunu ABŞ-ın FARA qanunundan köklü şəkildə fərqlənir.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert oktyabr ayında demişdi ki, Rusiyanın xarici agentlər qanunu xarici mənbə və hökumətlərdən hətta minimum maliyyələşən təşkilatlara da şamil edilir. Bu zaman həmin təşkilatın siyasi fəaliyyətdə olub-olmaması qətiyyən nəzərə alınmır.

Nauert bildirib ki, FARA qanunu yalnız o zaman hərəkətə gətirilir ki, hər hansı vahid və ya şəxs birbaşa siyasi fəaliyyətlə məşğul olsun.

Sözçü deyib ki, “biz hər hansı təşkilata qeydiyyatdan keçməyi göstəriş verəndə onların xəbər və informasiya yaymaq qabiliyyətinə heç bir əngəl törətmirik”.

Ədliyyə Nazirliyinin açıqladığı ən son məlumata görə FARA indiyədək Kanada, Koreya, Yaponiya və başqa ölkələrin azı beş media qurumuna tətbiq olunub.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: