Arif Hacılı Avropa Parlamentindəki müzakirələrdən danışdı

Müsavat Partiyasının başqanı Arif Hacılı noyabrın 8-9-da Brüssel şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən müzakirələrdə Azərbaycanı təmsil edib. Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların real mərhələsi başlayıb. Noyabrın 24-də müzakirələrin dövlət başçısı İlham Əliyevin iştirakı ilə davam edəcəyi və razılaşma baş tutarsa, saziş layihəsinin açıqlanacağı gözlənilir.

Danışıqların həlledici mərhələsində Avropa İttifaqında keçirilən müzakirələrə dəvət olunan Arif Hacılı burada hansı məsələləri qaldırıb? Bu və digər suallarla Müsavat başqanına müraciət etdik.

Arif Hacılı bildirdi ki, tədbir dəyirmi masa tipli olduğu üçün 10 dəfəyədək çıxış etmək, müzakirə olunan bütün məsələlərə münasibət bildirmək imkanı olub.

“Azərbaycanda demokratik inkişafın qarşısını alan problemləri, siyasi islahatların zəruriliyini qeyd etdim. Azərbaycan hakimiyyəti siyasi islahatlar aparmaq əvəzinə, son illərdə qanunları və ölkə Konstitusiyasını dəyişdirməklə azadlıqları getdikcə məhdudlaşdırır. Ölkədə 150-dən çox siyasi məhbus var, azad mətbuat cüzi istisnalarla sıradan çıxarılır. Bu məsələləri qaldırm. İndiki ağır şəraitdə Azərbaycanda siyasi partiyaların, ictimai təşkilatların, mətbuat nümayəndələrinin fədakar mübarizəsi barədə ətraflı məlumat vermək imkanım oldu.  2018- ci prezident seçkiləri zamanı və bu seçkilərdən əvvəl beynəlxalq birliyin görməli olduğu işlərdən danışdım”, – Arif Hacılı bildirdi.

Azərbaycan hakimiyyəti ümumiyyətlə Avropa İttifaqı ilə əməkdaşlığa maraqlıdırmı? Bu əməkdaşlıq reallaşsa belə, beynəlxalq qurumlar adətən iqtisadi maraqları önə çəkərək, demokratiya və azadlıq məsələsində güzəştli mövqe tuturlar.

Müsavat başqanı qeyd etdi ki, hakimiyyətin özəl marağından asılı olmayaraq, bu əməkdaşlıq Azərbaycana lazımdır.

“Müzakirələrdə başqanı olduğum Müsavat Partiyasının 100 ildən artıqdır ki, Azərbaycanın Avropaya inteqrasiyasına tərəfdar olduğunu vurğuladım. Eyni zamanda qeyd etdim ki, Azərbaycan hakimiyyətinin bu istiqamətdə atdığı addımlar ardıcıl deyil və deklorativ xarakter daşıyır. Təəssüf ki, Azərbaycan hakimiyyəti Putin rejiminin təsirindən çıxa bilmir. İqtisadi maraqlara gəlincə, bu mövzu ayrıca müzakirə olundu. Azərbaycanda korrupsiyanın miqyası, iqtisadiyyat, iqtisadi münasibətlərin azad olmaması, monopoliyanın azad rəqabətə imkan verməməsi, müstəqil məhkəmə sisteminin olmamasının yalnız siyasi yox, həm də iqtisadi münasibətlərə vurduğu zərbə, Azərbaycan xalqının sosial durumu və digər məsələr barədə ətraflı çıxış etmək imkanım oldu”, – Arif Hacılı bildirdi.

Arif Hacılı qeyd etdi ki, onun Dağlıq Qarabağ münaqişəsi barədə etdiyi çıxış toplantıda polemikaya səbəb olub.

“Qarabağ probleminin Rusiyanın xarici siyasətinin nəticəsi olması, bunu görə də problemin həllinin Rusiyaya buraxılmasının perspektivsizliyi, bu problemin regionda demokratiyanın inkişafına əngəl törətməsi barədə danışdım. Qarabağ probleminın mahiyyətcə Krım, Dnestryanı, Abxaziya, Osetiya problemləri ilə eyni olduğuna diqqəti çəkdim. Toplantıda Ermənistanı bu ölkənin müxalifət liderlərindən biri, əvvəllər Avropa Parlamentinin üzvü olmuş L. Zurabyan təmsil edirdi. Onunla ciddi polemikalarımız oldu. Haqlı mövqeyimizin iştirakçıların diqqətinə çatdırılması üçün bu polemika çox faydalı oldu. Ümumiyyətlə müzakirə olunan bütün məsələrdə Azərbaycan və Ukrayna barədə müzakirələr prioritet təşkil edirdi”, – Arif Hacılı vurğuladı.

Müsavat başqanı müzakirələrdə iştirak etməklə yanaşı, Avropa Parlamentinin bir sıra rəsmi şəxsləri və tədbirdə iştirak edən siyasət adamları ilə görüşlər keçirib.

“Toplantıda ümumi olaraq Avropa Parlamentinin 20-dən çox üzvü iştirak edirdi. ALDE prezidenti Hans van Baalen, Avropa Parlamentində ALDE qrup prezidenti, Belçikanın keçmiş baş naziri Guy Verhofstadt, virse- prezidentlər, Avropa Parlamenti üzvləri Petras Austreviçius və İlhan Kiçik, Avropa Parlamentində Azərbaycan üzrə məruzəçi Norika Nikolai və başqaları ilə ayrıca görüşlərimiz oldu. Bu görüşlərdə də onların diqqətini Azərbaycanın problemlərinə cəlb etməyə çalışdım. Azərbaycanda demokratik cəmiyyətin qurulmasının əhəmiyyətini vurğuladım. Avropa strukturları və dövlətlərinin Azərbaycan hakimiyyəti ilə əlaqələrinin şəffaflığının zəruriliyi, vətəndaşlarımızın Avropaya viza rejiminin sadələşdirilməsinin əhəmiyyətini vurğuladım. Bu toplantı çərçivəsində “Yabloko” Birləşmiş Demokratik Partiyasının yeni sədri Emiliya Slabunova ilə tanışlığımızı və görüşlərimizi əhəmiyyətli sayıram. Bizim əvvəllər də Rusiyanın “Yabloko” və “PARNAS” təşkilatları ilə siyasi əlaqələrimiz var idi. Mən Budapeştdə keçirilən bir beynəlxalq toplantıda PARNAS lideri, Rusuyanın keçmiş baş naziri cənab Kasyanovla görüşmüşdüm. Həmin görüşdə də Müsavat Partiyası ilə bu təşkilatın siyasi əlaqələrinin əsası qoyulmuşdu. Rusiyanın bu iki demokratik təşkilatı ilə əlaqələrimizi genişləndirmək niyyətindəyik. Moldova Liberal Partiyasının baş katibi İon Apostol, Ukraynanın Avropa Partiyası lideri, əvvəllər də yaxşı tanıdığım Mikola Katarençuk və başqaları ilə də görüşlərimiz və maraqlı müzakirələrimiz oldu”, – Müsavat başqanı bildirdi.

Arif Hacılı əlavə etdi ki, o, Avropa Parlamentinin mətbuat mərkəzində keçirilən Press Pointdə yerli mətbuat nümayəndələrinin ona ünvanlanmış suallarını da cavablandırıb.

Bu slaydşou üçün JavaScript lazımdır.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: