Gürcüstanda 18 nazirlikdən 5-i ləğv olundu

“Gürcüstanın hökumət strukturlarında islahatlar bundan sonra da davam edəcək”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri Giorgi Kvirikaşvili noyabrın 13-də keçirdiyi brifinqdə deyib. 

O qeyd edib ki, hökumətin tərkibində kadr dəyişikliyi edilib. Belə ki, Energetika Nazirliyi İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə birləşdirilib. Ölkənin təbii ehtiyatlarının idarə olunması da bu nazirliyə həvalə olunacaq. Bu quruma hazırkı maliyyə naziri Dmitri Kumsişvili rəhbərlik edəcək. D.Kumsişvili həmçinin baş nazirin müavini vəzifəsini tutacaq.

Ətraf Mühitin Mühafizəsi Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilib və bu nazirliyə Levan Davitaşvili rəhbərlik edəcək.

Baş nazirin sözlərinə görə, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirliklərinin birləşdirilməsi təcrübəsi İspaniya, Avstriya, Niderland kimi ölkələrdə mövcuddur: “Bu birlik hər iki istiqamətdə inkişafı təmin edəcək”.

Ölkənin maliyyə naziri vəzifəsinə isə Gürcüstan “Dəmir Yolları” SC-nin sədri Mamuka Baxtadze təyin olunub.

İdman və Gənclər Nazirliyi ləğv edilib, bu nazirliyin gənclərlə bağlı funksiyalarını Elm və Təhsil Nazirliyi həyata keçirəcək. Bu nazirliyə Tbilisi Dövlət Universitetinin prorektoru Mixail Çxenkeli təyin olunub.

Hazırki iqtisadiyyat naziri Qeorqi Qaxariya isə Gürcüstanın daxili işlər naziri təyin olunub. Baş nazir onun bu vəzifənin öhdəsindən gələcəyinə inandığını bildirib.

Sabiq daxili işlər naziri Qeorqi Mqebrişvili isə Fövqəladə Halların İdarə Olunması Mərkəzinin rəhbəri olacaq. Bu struktur birbaşa baş nazirə tabe olacaq.

Avropa və Avroatlantik Strukturla İnteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyi isə Xarici İşlər Nazirliyinə birləşdirilib. Birləşmiş nazirliyə hazırki xarici işlər nazir Mixeil Canalidze rəhbərlik edəcək.

Baş nazir bildirib ki, Gənclər və İdman Nazirliyinin ləğvindən sonra idman siyasətini ölkənin Mədəniyyət Nazirliyi həyata keçirəcək. Mixail Qeorqadze mədəniyyət naziri vəzifəsində qalacaq.

Hökumətdəki kadr və struktur dəyişiklikləri ilə bağlı layihə bu həftə parlamentə təqdim olunacaq.

Baş nazir Georgi Kvirikaşvili onu da bildirib ki, islahatlar prokurorluq və digər hüquq-mühafizə orqanlarında da aparılacaq.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: