“Qoca” ilə həbsdən qaçan məhbusa hökm oxundu

Bakıda qatardan qaçan məhbus Əli Ağaminin əvvəlki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası Ə.Ağamiyə hökm oxuyub.

Proses Bakıda, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilib.

Məlumata görə, hakimlər kollegiyası Lənkərandan Bakıya məhz bu məhkəmə iclasına görə gəlib.

Məhkəmənin hökmü ilə Ə.Ağami 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağaminin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Dövlət ittihamçısı onun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Ə.Ağami və digər məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Xatırladaq ki, 28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.

Hazırda Ə.Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

 

Report.az

 

%d bloqqer bunu bəyənir: