İsa Qəmbər İlham Əliyevi debata çağırdı

İsa Qəmbər: Əliyev hər ay eyni şeyləri təkrarlayır

“Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu”. 

Bu bəyanatı prezident İlham Əliyev noyabrın 14-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubiley mərasimində səsləndirib.

Prezident bəyan edib ki, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. 

“Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi”.  

YAP-a Bakıda təsis konfransı keçirməyə imkan vermədilər

İlham Əliyev deyib ki, 25 il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ondan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan – məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanladılar. Ulu Öndər müraciətə müsbət cavab verərək, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirdi:

“Təbii ki, təsis konfransı Bakıda keçirilməli idi. Ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyəti buna imkan vermədi. Baxın, özünü demokrat adlandıran dairələr, hakimiyyət imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı Bakı şəhərində keçirilsin”. 

Müxalifətə xaricdən komandalar verilir

İlham Əliyev müxalifətin xaricdən idarə olunduğu bildirib:

“Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin – beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək”. 

Onun sözlərinə görə, metodologiya da çox sadədir.

“Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, – mən canlanma deməzdim, – müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır. Yəni, bu gün siyasi mübarizəni bu formada aparmaq istəyən dəstəyə, – bunlara heç qüvvə də demək olmaz, – heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər”.

Dövlət başçısı ölkədə bütün azadlıqların təmin olunduğunu deyib:

“Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb’’.

Hakimiyyətin deyəcək sözü olmadığı üçün debatlardan, açıq diskussiyalardan qaçır

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Meydan TV-yə deyib ki, İlham Əliyevin hər cümləsinin yalan olduğunu sübut etmək mümkündür. YAP-ın təsis konfransının Bakıda keçirilməməsinin əsas səbəblərindən biri Heydər Əliyevin paytaxta gəlmək istəməməsidir.

İsa Qəmbər deyir ki, Əliyevin son vaxtlar tez-tez yalan danışması maraqlıdır. Çünki Əliyev əvvəllər ildə bir, yaxud iki dəfə yalan açıqlamalar verirdi, amma son vaxtlar hər ay eyni şeyləri təkrarlayır:

“Görünür, hakimiyyətin vəziyyəti nə qədər ağırlaşırsa, dövlət başçısı bizim hakimiyyətimiz haqqında tez-tez yalanları təkrar etməyə başlayır. Amma bu yalanların hakimiyyətə heç vaxt köməyi olmayacaq. İstədikləri vaxt debatlara, canlı televiziya diskussiyalarına hazırıq, həqiqətlərin harda olduğunu da şərh edə bilərik. Hakimiyyətin deyəcək sözü olmadığı üçün debatlardan, açıq diskussiyalardan qaçır. Eyni zamanda, ölkədə vəziyyət dəyişdikcə, cəmiyyət kimin haqlı, kimin yalan danışdığını bilir”.    

Meydan TV

%d bloqqer bunu bəyənir: