Yerevanda tələbələrlə polis arasında toqquşma

Ermənistanda hərbi xidmətdən möhlət hüququnun ləğvi gəncləri ayağa qaldırdı

Bu gün, noyabrın 15-də Yerevan şəhərində Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib. Əsasən tələbələrdən ibarət olan aksiya iştirakçıları Ermənistanda hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsinə etiraz ediblər.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, polisin aksiyanı dağıltmaq istəyi qarşıdurmaya səbəb olub.

Etirazçılar əvvəlcə Dəmirçiyan küçəsindən, sonra isə Baqramyan küçəsindən parlament binasına gedən yolları bağlayıblar.  

Polisin yolu açmaq cəhdi baş tutmayıb. Bundan sonra polis gənclərə hücum edib. Bildirilir ki, polis gəncləri parlamentin binasından uzaqlaşdıra bilməyib və aksiya davam edir. Tələbələrin bir qrupu etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. 

Etirazlara baxmayaraq, bu gün Ermənistan parlamenti hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanunu ikinci oxunuşda qəbul edib. İndən belə möhlət hüququndan yalnız ali hərbi məktəblərdə oxuyan tələbələr istifadə edə biləcək. 

 

Mustafa Hacıbəyli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: