Əfqan Muxtarlı Şəkiyə etap ediləcək, məhkəməsi Balakəndə olacaq

Həbsdəki jurnalist Əfqan Muxtarlının istintaqı başa çatıb. Bu haqda “Basta”ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, jurnalistin məhkəməsi Balakəndə keçiriləcək.

Vəkilin verdiyi məlumata görə, yaxın günlərdə jurnalistin Şəkidəki İstintaq Təcridxanasına köçürüləcəyi gözlənilir. 

Qeyd edək ki, istintaq dövründə Əfqan Muxtarlıya qarşı qaldırılan cinayət işinin “Meydan TV işi” ilə birləşdirilməsinə cəhd edilmişdi. Lakin sonradan istintaq orqanı bu fikirdən vaz keçib.  

Ə.Muxtarlı mayın 29-da müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: