Taksidə ölkə problemlərindən danışan müsavatçının başına nə iş gəldi?

Bu gün Müsavatın Suraxanı rayon təşkilatının üzvü Vüqar Qurbanov taksidə öz gündəlik qayğılarından və ölkədəki problemlərdən danışdığı üçün polis təzyiqi ilə üzləşib.

Müsavatın Suraxanı rayon təşkilatının sədri Ərzulla Buludovun “Basta”ya verdiyi məlumata görə, hadisə bu gün saat 12 radələrində baş verib.

“Vüqar Qurbanov mənə zəng edib dedi ki, taksidə problemlərdən danışdığı üçün onu polis saxlayıb. Sonra səs-küy düşdü, telefonda nə deyildiyini eşitmək mümkün olmadı. Təkrar zəng etdim, amma telefon söndürülmüşdü”.

Arzulla Buludov bundan sonra 102 xidmətinə zəng edərək, müsavatçının hara aparıldığını öyrənməyə çalışıb.  Həmçinin “Basta”ya bununla bağlı məlumat verib.

Təqribən bir saat sonra Vüqar Qurbanov özü zəng edərək, başına gələnlər barədə məlumat verib. 

Arzulla Buludov qeyd edib ki, hər şey Vüqar Qurbanovun  Hövsan qəsəbəsindən şəhərə gəlmək üçün adambaşına 1 manata sərnişin daşıyan taksiyə minməsindən sonra başlayıb.

“O, taksidə qabaqda oturub sürücü ilə söhbət edirmiş. Öz problemləindən, ölkədəki haqsızlıqdan danışıb. Taksidə arxada oturan 30-35 yaşlarında bir kişi gizlincə onun səsini diktafona yazırmış. Taksi şəhərə çatıb və Vüqar gedişhaqqını verib maşından düşərkən Post Patrul Xidmətinin əməkdaşları onu saxlayıblar. Vüqara deyiblər ki, sən maşında dövlətçilik əleyhinə təbliğat aparmısan. Deyiblər ki, əlimizdə səs yazısı var. Taksidə arxada oturan həmin mülki şəxs də polislərə qoşulub. Həmin vaxt Vüqar imkan tapıb mənə zəng vurub. Amma onun telefonunu dərhal əlindən alıblar. Vüqara hədə qorxu gəliblər, həbslə hədələyiblər. O isə öz növbəsində dövlətçilik əleyhinə heç nə danışmadığını, sadəcə öz qayğılarından, o cümlədən səhhətindəki problemlərdən və ölkədə rastlaşdığı problemlərdən danışdığını deyib. Mübahisə yerinə dayanacaqda duran insanlar toplaşıb, səs-küyün böyüdüyünü görən PPX əməkdaşları Vüqarı sərbəst buraxıblar”, – Ərzulla Buludov bildirib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev 2 mart 2016-cı il tarixdə “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə”  fərman imzalayıb. Bu fərmana uyğun olaraq Daxili İşlər Nazirliyi polisə yardım edən mülki işçi vəzifələrinə xidmətə qəbul həyata keçirib. Hakimiyyət nümayəndələrinin bildirdiyinə görə bu qərar səhvən cəmiyyətdə “işverənlik” institutunun leqallaşması kimi qəbul edilib. Ehtimal olunur ki, müsavatçı Vüqar Qurbanov “polisə yardım edən mülki işçi”nin fəallığının qurbanı olub.
 
 
 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: