Ulu öndər Muqabe

Yadigar Sadıqov

Afrika ölkələri arasında avropalılardan müstəqillik əldə edən ən son ölkə Zimbabve oldu. İngilislərin Cənubi Rodeziya adlandırdıqları bu ölkə yalnız 1980-ci ildə müstəqillik qazandı. Müstəqilliklə eyni zamanda Robert Muqabenin son günlərə qədər davam edən fasiləsiz və şəriksiz rəhbərliyi də başladı.

Robert Muqabe 1924-cü ildə anadan olub. O, ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən şona tayfasındandır. Londonda ali təhsil alan Muqabe vətənində bir müddət müəllimlik edib. Zimbabvenin müstəqilliyi uğrunda fəaliyyətinə görə 1964-1974-cü illərdə həbsdə yatıb. 70-ci illərin ikinci yarısında ZANU adlı təşkilatın liderinə çevrilib.

Müstəqillik qazanıldıqdan sonrakı ilk seçkilərdə Robert Muqabe bir çoxu üçün gözlənilməz qələbə qazanır və parlamentdəki 80 yerdən 57-nə sahiblənir. Bu nəticə ona baş nazir postunu ələ keçirməyə imkan verir.

Corc Oruellin məşhur “Heyvanıstan” əsərində hakimiyyətə yiyələnənlərdən Napoleon adlı bir donuzun 10 küçüyü böyüdərək onlardan gizli surətdə özünün mühafizə köpəklərini yaratmasından bəhs edilir. Bununla da Napoleon şəxsi diktaturasının əsasını qoyur.

Hakimiyyətə yiyələnən Robert Muqabenin də ilk tədbirlərindən biri Şimali Koreyadan olan təlimatçıların köməyi ilə 5-ci desant briqadası adlı xüsusi təyinatlı qüvvələrin yaradılması olur. Bu hərbi vahid müxaliflərə qarşı repressiyalarda xüsusilə fərqlənir və 1987-ci ildə təkpartiyalı sistemin qurulmasında həlledici rol oynayır. Elə həmin il də Muqabe Zimbabvenin prezidenti elan edilir.

Bu illərdə ölkənin ikinci böyük etnosu olan Ndebele qəbiləsinə qarşı repressiyalar həyata keçirilir. Nəticədə 100 minə qədər insanın öldürüldüyü ehtimal olunur. Belə hadisələr, eləcə də təkpartiyalı sistemlə demokratiyanın boğulması barədə tənqidlərə Robert Muqabe bütün diktatorlar kimi “vətənpərvər” şüarlarla cavab verir.

Sən demə, o tənqidçilər Zimbabvenin müstəqil siyasətini bəyənmirmişlər, daxili işlərinə burunlarını soxurmuşlar.

Bununla belə, XX əsrin sonlarına qədər Muqabe Zimbabveni alababat, xüsusi nailiyyətlər və xüsusi uğursuluqlar olmadan idarə etdi. Bu sırada ölkədə savadlılıq səviyyəsinin artmasını Muqabenin nailiyyətləri sırasına yazmaq lazımdır.

XXI əsrin əvvəllərindən etibarən isə vəziyyət ciddi surətdə dəyişməyə başlayır. Prosesin əsasını Muqabe iqtidarının “torpaq islahatı” adı altında həyata keçirdiyi tədbirlər oldu. Ölkənin ağdərili əhalisinə məxsus olan torpaq sahələri aborigen əhaliyə paylanmaq adı ilə dəyəri ödənilmədən müsadirə edildilər.

Halbuki ölkədə istehsal olunan aqrar məhsullarının əksəriyyəti bu təsərrüfatların payına düşürdü. Onların müsadirəsi məhsuldarlığın xeyli azalmasına səbəb oldu.

Üstəlik, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan sənaye müəssisələri də dayandı. Digər tərəfdən, bu islahatdan zərər görən təkcə ağdərili sakinlər olmadı. Onların təssərrüfatında muzdlu fəaliyyət göstərən milyona yaxın afrikalı da işsiz qaldı.

Mülkiyyət hüququnun pozulması beynəlxalq aləmin kəskin reaksiyasına səbəb oldu. Böyük Britaniya torpaq islahatları üçün ayırdığı yardımı dayandırdı. Beynəlxalq Valyuta Fondu da maliyyə dəstəyini kəsdi. Avropa İttifaqı isə ölkəyə qarşı sanksiyalar tətbiq etdi. Belə hüquqsuzluq təbii ki, ölkəyə investisiya axınına da mənfi təsir etdi.

Lakin Robert Muqabe sanki xarici investisiyanı durdurmaq üçün daha bir addım atdı. Qəbul edilmiş qanuna görə, ölkədəki xarici kompaniyalar yerli əhali nümayəndəsinin nəzarətində olmalı idi. Bu aktdan sonra xarici investisiya axını, ümumiyyətlə, qurudu.

Keçirilən islahatlarının ağır fəsadları haqqında xəbərdarlıq edənlərə, onları dayandıqmağa çağıranlara Robert Muqabenin cavabı ənənəvi idi. Həmin adamlar, ölkələr və təşkilatlar irqçi elan edilirdilər. Sən demə, onlar yerli qaradərili əhalinin torpaq, kompaniya sahibi olmalarına qısqanclıqla yanaşırmışlar, paxıllıq edirmişlər. Onlar Zimbabveni yenidən müstəmləkə halına salmaq istəyirmişlər. Bunun baş verməyəcəyinin yeganə qarantı isə təbii ki, ulu öndər Robert Muqabe idi.

Böyük Britaniya və keçmiş dominionlarının, müstəmləkələrinin daxil olduğu Millətlər Birliyi 2002-ci ildə Zimbabvenin təşkilatda üzvlüyünü müvəqqəti durdurdu.

Səbəb kimi insan haqlarının pozuntusunu və prezident seçkilərinin saxtalaşdırılması göstərildi. Cavab olaraq Zimbabve rəsmiləri “bu təşkilat bizə lazım deyil” söyləyərək Birlikdən çıxdılar. Necə də tanış ritorikadır.

Muqabe islahatlarının fəlakətli nəticələri 2007-ci ildən etibarən özünü daha kəskin göstərməyə başladı. Ölkədə işsizlik 80-85%-ə yüksəldi. İki ilə yaxın müddət ərində Zimbabve tarixdə görünməmiş hiperinflyasiya yaşadı. 2009-cu ilin əvvəllərində inflyasiya elə həddə çatdı ki, hər sutka ərində qiymətlər 2-3 dəfə artırdı. Prosesin qarşısını ala bilməyən hökumət milli valyutanı (Zimbabve dolları) tədavüldən çıxarmağa məcbur qaldı.

Bütün bu hadisələr Zimbabvedə xarici qara qüvvələrin əməli kimi yozuldu. Axı belə fəlakətli nəticələrin səbəbi Muqabenin fərasətsiz islahatları deyil, onu gözü götürməyən, paxıllığını edən dairələrin tətbiq etdikləri sanksiyaların nəticələri idi. Onlar güman edirdilər ki, bununla Zimbabve xalqının öz dahi rəhbərinə məhəbbətini sarsıda biləcəklər, lakin yanıldılar. Dözümlü Zimbabve xalqı bu inflyasiyaya da dözdü.

Hərçənd, obyektiv baxanda məhəbbətin sarsıldığının əlamətlərini sezmək olardı. 2008-ci ildə keçirilən prezident seçkilərinin ilk turunda 48% səs toplayan müxalif namizəd Morqan Çvanqirai qalib gəlmişdi. Robert Muqabe isə cəmi 43,2% səs toplamışdı. Lakin ikinci tur öncəsi Çvanqirai hədə-qorxu nəticəsində öz namizədliyi faktiki geri götürdü. Nəticədə, iqtisadiyyatın tamamilə çökdüyü, əhalinin yalnız kiçik hissəsinin işlə təmin olunduğu, dördnala çapan inflyasiya yaşayan, üstəlik QİÇS xəstəliyinin epidemiya şəklini aldığı ölkədə prezident 85,5% səs “toplayaraq” öz vəzifəsini qorudu.

Beləcə, mənfur düşmənlərin arzuları növbəti dəfə gözlərində qaldı. Zimbabve xalqı növbəti dəfə müdriklik nümayiş etdirərək müstəqilliklərinin memarının ətrafında sıx birləşdilər, ölkələrini yenə müstəmləkə kimi görmək istəyənlərə layiqli cavablarını verdilər!

Xalqın Robert Muqabeyə məhəbbətini təsvir edən birinci ledi Qreys Muqabe bu ilin əvvəllərində söyləmişdi: ərim hətta ölsə belə, onun meyidinin prezidentliyə namizədliyini irəli sürsək, hamıdan çox səs toplayar. Kim bilir, bəlkə də paytaxt Hararenin meri “Zimbabvedə bir kişi var, o da cənab prezidentdir” söyləyibmiş.

Lakin son günlər bu dost və qardaş ölkədən heç xoş xəbərlər gəlmir. Hərbçilər çevrilişə oxşar nəsə etmək istəyirlər. Hadisələrin nə ilə nəticələnəcəyini indidən söyləmək çətindir. Lakin heç şübhə yoxdur ki, bu işin arxasında Zimbabvenin qazandığı nailiyyətləri gözü götürməyən, müstəqil daxili və xarici siyasətini bəyənməyən qüvvələr. Kim bilir, bəlkə erməni lobbisinin də əli var.

Ümid edək ki, Zimbabve xalqı bu sınaqdan da üzüağ çıxacaq, möhtərəm Robert Muqabe cənablarının ətrafında sıx birləşərək düşmənləri pəjmürdə edəcək. Allah oradakı nazirlərin, Harare merinin ömründən kəsib prezidentin ömrünə calasın.

Mənbə: Meydan TV

%d bloqqer bunu bəyənir: