Müsavat: “Benzinin bahalaşması əhalinin vəziyyətini daha da ağırlaşdıracaq”

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Yığıncağın əvvəlində veteran müsavatçı Vaqif  Behbudovun xatirəsi yad edilib, – partiyanın mətbuat xidmətindən “Basta”ya daxil olan məlumatda bildirilir.

İclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  görülən işlər və qərarların icrası barədə məlumat verib. Müsavat Partiyasının Azərbaycanda fəaliyyətini bərpa etməsinin 25 illiyi ilə bağlı partiyanın qərargahında keçirilmiş bayram tədbiri təqdir olunub.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə Suraxanı rayon təşkilatının üzvü Vüqar Qurbanovun taksidə digər sərnişinlərlə birlikdə gedərkən hökumət haqqında danışdığı tənqidi fikirlərə görə polis tərəfindən saxlanılması qınanılıb. Ehtimal olunur ki, onun dedikləri haqqında polisə məlumatı, həmin taksidə olmuş “Polisə Dəstək” İctimai Birliyinin üzvləri verib.

Daha sonra Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin qaldırılması haqqında müzakirələr aparılıb. Qeyd edilib ki, bu artımın heç bir iqtisadi əsası yoxdur və əhalinin sosial-iqtisadi vəziyyətinin daha da ağırlaşdırılmasına səbəb olacaq.

Əldə olan məlumatlar əsasında AB ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan sazişlə bağlı fikir mübadiləsi aparılıb.

Divan  iclasında ölkədə və dünyada baş verən digər  ictimai-siyasi proseslərə münasibət bildirilib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: