Yalçın İmanov Vəkillər Kollegiyasından xaric edildi

Siyasi məhbusların hüquqlarının müdafiəçilərindən biri, vəkil Yalçın İmanov Vəkillər Kollegiyasından xaric edildi. Yalçın İmanovun “Basta”ya verdiyi məlumata görə, bu haqda qərar Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub.

Rəyasət Heyyəti Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılması və onun Vəkillər Kollegiyasından xaric edilməsi ilə əlaqədar məhkəməyə müraciət olunması haqda qərar çıxarıb. Rəyasət Heyyəti üzvlərindən bu qərarın əleyhinə yalnız İradə Cavadova səs verib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Yalçın İmanovun barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət etmişdi.

Bundan əlavə Baş Prokurorluq siyasi məhbusların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan 4 vəkilin – Nemət Kərimli, Asabəli Mustafayev, Fəxrəddin Mehdiyevin və Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin hüquqlarını müdafiə edən Aqil Lahıcovun barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edib. 

Vəkillər Kollegiyasının bu təqdimatlara nə vaxt baxacağı hələlik məlum deyil. Qanunvericiliyə görə, Vəkillər Kollegiyası bu təqdimatlar əsasında 4 növ qərar çıxara bilər: xəbərdarlıq, töhmət, vəkillik fəaliyyətinin 1 ilədək məhdudlaşması, yaxud Vəkillər Kollegiyası üzvlüyündən xaric etmə.Vəkilin kollegiyadan xaric edilməsi yalnız məhkəmə qərarı ilə ola bilər. 

Müsavat Partiyasının bu məsələ ilə bağlı yaydığı bəyanatda bildirilir ki, Məhkəmə və İttiham orqanlarını tam nəzarətdə saxlayan rejim, çəkişmə sisteminin digər tərəfi olan müdafiə sistemini də hakimiyyətdən asılı olan Vəkillər Kollegiyası vasitəsi ilə tam nəzarət altına almaq, ölkədə ədalət mühakiməsi sisteminin tamamilə məhv edilməsi prosesini başa çatdırmaq planını həyata keçirir. 

“Müsavat Partiyası hakimiyyətin hüquqşünaslara qarşı bu total hucumunu qətiyyətlə pisləyir. Azərbaycan cəmiyyətini baş verən bu qanunsuzluqlara qarşı səfərbər olmağa, ölkəmizin üzv olduğu Beynəlxalq təşkilatları, demokratik dövlətlərin Azərbaycandakı diplomatik nümayəndəliklərini hakimiyyətin ölkədə hüquq sistemini birdəfəlik məhv etmək planınına qarşı aydın münasibət və qəti mövqe bildirməyə çağırır”, – Müsavat Partiyasının bəyanatında deyilir.

***

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətində vəkil Elçin Sadıqovun barəsində tədbir görülməsi haqqında verilmiş şikayətə də baxılıb. 

“Mənim barəmdə intizam icraatına əməlimdə hüquq pozuntusu olmadığı, hakimin şikayətinin təsdiqinə tapmadığı və hakimin istədiyi məlumatlar vəkil sirri olduğundan həmin məlumatları hakimə verməməyimin əsaslı olmasına görə xitam verildi. Mənə heç bir intizam tənbehi verilmədi”, – Elçin Sadıqov özünün feysbuk səhifəsində yazıb.

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: