Nardaran əməliyyatında öldürülən şəxsin oğlunun həbs olunduğu bildirilir

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı qətlə yetirilən yerli sakinlərdən biri Rəfael Bünyadovun oğlu Hüseynağa Bünyadovun həbs olunduğu bildirilir. Sosial şəbəkədə yayılan məlumata görə, 1998-ci il təvəllüdlü H.Bünyadov noyabrın 20-də saxlanılıb və az sonra polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

Məlumatda deyilir:

“Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.

17 yaşlı H.Bünyadovun yaxınları media nümayəndələrinə polisə müqavimət ittihamının yalan olduğunu, polislərin onu Nardaranda yaşadığı evin qarşısından tutub apardığını deyir. Yaxınlarının sözlərinə görə, Hüseynağa bir neçə gün öncə Facebook səhifəsində Nardaran əməliyyatında öldürülən dörd nəfərin məzarının fotosunu paylaşmışdı. Onların fikrincə, H.Bünyadovu bu paylaşıma görə cəzalandırıblar.

«Bu uşağın heç 18 yaşı tamam olmayıb, nə istəyirlər ondan? Atasını öldürdülər, əmisini öldürdülər, başqa bir əmisini iflic eləyib, yatağa saldılar, bəs deyil bunlara?», – H.Bünyadovun yaxınları belə deyir”.

Nardaranda yerləşən 42 saylı polis bölməsinin zabiti “Basta” əməkdaşının sualına cavab olaraq, onlarda bu haqda məlumat olmadığını deyib. Sabunçu rayon Polis İdarəsinin əməkdaşı isə Sabunçu Rayon Məhkəməsi ilə əlaqə saxlamağı məsləhət görüb. Sabunçu Rayon Məhkəməsindən də məsələyə münasibət öyrənmək mümkün olmayıb. 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: