Zavodda baş vermiş partlayışla bağlı cinayət işi qaldırılıb

Bakı şəhər Prokurorluğu Qaradağ rayonunda zavodda baş vermiş partlayışla bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, noyabrın 20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Elit Yatırım” LTD şirkətinə məxsus “Metal tədarükü, satışı və emalı” zavodunun ərazisinə idarə etdiyi yük maşını ilə metal tullantıları gətirmiş Bəhmən Məmmədov əlində mənşəyi məlum olmayan qurğunun partlaması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 224-cü (Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Fövqəladə Hallar Nazirliyinin və ANAMA-nın mütəxəssisləri tərəfindən zavodun ərazisində partlayıcı maddələrin, yararsız döyüş sursatının və onların komplekt hissələrinin olub-olmamasının müəyyən edilməsi istiqamətində kompleks yoxlamalar keçirilir. Eyni zamanda partlamış qurğunun əldə olunduğu metal qəbulu məntəqəsinin və ya digər əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: