Müsavat başqanı İsa Məmmədlini təbrik etdi

Müsavat Partiyasının Mətbuat xidmətindən “Basta” ya daxil olan məlumata görə, Müsavat başqanı Arif Hacılı partiya fəalı İsa Məmmədlini 60 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli İsa bəy!

Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, şəxsi həyatınızda və ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayıram.

Siz Milli Azadlıq hərəkatımızın iştirakçılarından biri olaraq müstəqilliyimizin bərpası uğrunda gedən mübarizədə fəal iştirak etmisiniz.

1993-cü ildən Müsavat partiyasına qoşularaq partiyanın tapşırıq və qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, fəaliyyətinin genişləndirilməsində fəallıq göstərirsiniz.

Uzun illər ərzində partiyanın Sumqayıt təşkilatında özək sədri vəzifəsini yüksək məsuliyyətlə icra etmiş, şura üzvü kimi təşkilatın idarə olunmasında bütün bacarıq və gücünüzü sərf etmisiniz.

Partiyanın iştirak etdiyi bütün seçkilərdə məntəqə üzvü, müşahidəçi olaraq seçki saxtakarlıqlarının qarşısının alınmasında mübarizlik nümunəsi göstərmisiniz.

Bu proseslər zamanı dəfələrlə polis zorakılıqları ilə üzləşsəniz də, rejimin təqib və təzyiqlərinə məruz qalsanız da haqq yolunuzdan bir addım belə geri çəkilmədiniz.

Siz bu gün də şura üzvü olaraq, partiyadaşlarımızla çiyin-çiyinə demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu uğrunda mübarizənizi davam etdirirsiniz.

Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz partiyadaşlarımız və ictimaiyyət arasında Sizə böyük nüfüz qazandırıb.

Əminəm ki, övladlarınız, yaxınlarınız, Sizi tanıyan hər kəs Sizinlə daim qürur duyacaq.

Hörmətli İsa bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: