Qiyas İbrahimovun və atasının işi üzrə prosesdə

Yasamal rayon məhkəməsində Həsən Səfərovun sədrliyi ilə həbs cəzası çəkən NİDA hərəkatının fəalı Qiyas İbrahimova və onun atası Həsən İbrahimova qarşı yeni cinayət işi üzrə hazırlıq iclası davam edib.

Ata və oğul CM-in 289.2-ci (hakimə hörmətsizlik) maddəsi ilə ittiham olunurlar.

Cinayət işi bu il iyunun 5-də Bakı Apellyasiya Məhkəməsində baş vermiş insidentlə bağlı açılıb. Qiyas İbrahimov dövlət ittihamçısının çıxışı zamanı şüşə qəfəsdə olan mikrofonu qırıb. Bu, hakimin Qiyasın heç nə eşitmədiyi haqqında çağırışlarına məhəl qoymamasından sonra baş verib.

Məhkəmə nəzarətçiləri qəfəsə daxil olublar və İbrahimova qarşı kobud güc tətbiq edərək, əlinə qandal taxıblar. Buna qəzəblənən fəalın atası etirazını bildirib, hakimi zorakılığa son qoymağa çağırıb. “Gün gələcək, bu, sənin övladlarının başına gələcək”, deyə o qışqırıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri bunu özlərinə qarşı hörmətsizlik kimi qiymətləndiriblər. Bugünki iclasda altı şahid – mühafizəçilər və məhkəmə nəzarətçiləri ifadə veriblər.

Onlar iddia ediblər ki, Qiyasın atası “fərsiz” və “fərsiz oğlu” adlandırıb.

Növbəti iclas 29 sentyabr saat 11.00-a təyin edilib.

* 2016-cı il mayın 10-da NİDA hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsində siyasi şüarlar yazdıqdan sonra həbs ediliblər. Amma onlar qanunsuz narkotik dövriyyəsi ilə bağlı cinayətdə ittiham olunublar və 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

“Amnesty İnternational” təşkilatı hər ikisini “vicdan məhbusu” elan edib, belə ki, onlara qarşı ittihamların uydurma olduğunu hesab edir.

Hakimiyyət nümayəndələri onları siyasi məhbus hesab etmir, onların “konkret cinayət əməlinə görə” cəzalandırıldıqlarını bildirir.

%d bloqqer bunu bəyənir: