Əlikram Xurşidov 3 ay müddətinə həbs edildi

18:45

Şirvan Rayon Məhkəməsinin hakimi Elçin Quliyevin sədrliyi ilə keşirilən məhkəmədə Əlikram Xurşidovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Nemət Kərimli qeyd edib ki, qərardan apelyasiya şikayəti veriləcək.

Məhkəmə prosesində Əlikram Xurşidov həbsinin siyasi sifariş olduğunu bildirib. Əlikram Xurşidov bəyan edib ki, onun siyasi fəaliyyətini və sosial şəbəkədəki yazılarını həzm edə bilməyən hakimiyyət ona qarşı şərləmə əməliyyatı qurub.

Şirvandakı başqa bir mənbədən əldə etdiyimiz məlumata görə, noyabrın 22-də saxlanmazdan əvvəl bir nəfər öyrədilmiş şəxs Əlikram Xurşidova qarşı əssasız ittihamlar irəli sürərək, onu təxribata çəkməyə çalışıb. Əlikram Xurşidov onunla söhbətdə öz təmkinini qorusa da, “şikayət ərizəsi” ssenarisi işə düşüb. 

16:20 

Əlikram Xurşidova qarşı cinayət işi açıldı

Müsavatın Şirvan təşkilatının sədri Əlikram Xurşidova qarşı cinayət işi açılıb. Bu haqda vəkil Nemət Kərimli məlumat verib. 

“Polis şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham elan olunub. O, indi məhkəməyə aparılır”, – Nemət Kərimli bildirib. Nemət Kərimli Əlikram Xurşidovla görüşdüyünü və onda işgəncə izləri müşahidə etmədiyini də deyib.

***

15:25

Əlikram Xurşidovun saxlanmasından 2 sutkaya yaxın vaxt keçsə də, o, nə məhkəməyə aparılır, nə sərbəst buraxılır. Əlikram Xurşidovun anası Südabə xanım da daxil olmaqla, onun ailə üzvləri və müsavatçılar məhkəmə önündə qalıblar. 
.
Vəkil Nemət Kərimlinin Xurşidovla görüşməsinə imkan verilməyib. Bunla əlaqədar Ombudsman aparatına məlumat verilib.
Elikram beyin ailesi

14:20

Vəkil Nemət Kərimlinin Əlikram Xurşidovla görüşməsinə imkan verilməyib.

Bu haqda vəkil özü “Basta”ya məlumat verib. 

“Vəsiqəmi və orderi Şirvan rayon polis şöbəsinin səlahiyyətli şəxsinə təqdim etdim. Amma orderi götürməkdən imtina etdilər. Qanunla vəkilin təqsirləndirilən şəxsə təqdim edilməli olduğunu izah etdim. Lakin dedilər ki, rəislə məsləhətləşmədən bunu edə bilmərik” – Nemət Kərimli bildirib.

***

Əlikram Xurşidovun məhkəməsi yenə təxirə salındı

13:20

Əlikram Xurşidovun saat 12:00-a təyin olunan məhkəməsi saat 14:00-dan sonraya təxirə salınıb. Bu haqda Müsavatın Şirvan təşkilatının sədr müavini Saday Hacılı məlumat verib. Bundan əvvəl Məhkəmə noyabrın 23-də saat 9:00-a təyin edilmişdi. 

***

12:45

Əlikram Xurşidovun məhkəməsində iştirak etmək istəyənlərə təzyiq başladı

Əlikram Xurşidovun məhkəməsi qapalı keçiriləcək. Məhkəmə zalına öz adamlarından başqa heç kim buraxılmır. Əraziyə çoxlu sayda polis gətirilib.

Bu haqda “Basta”ya Müsavat Şirvan təşkilatının sədr müavini Saday Hacılı məlumat verib. O bildirib ki, şəkil çəkmək istədiyi üçün polisin təzyiqi ilə üzləşib: “Şəkil çəkdiyimə görə saxlanılaraq polis bölməsinə aparıldım.
Müəyyən problemlərdən sonra sərbəst buraxıldım”. 

Əlikram Xurşidov hələ məhkəməyə gətirilməyib.

“Dedilər ki, məhkəmə binasına yaxınlaşsan, səni də həbs edəcəyik”, – Saday Hacılı bildirib.

mehkeme shirvan

***

24 noyabr, 11:45

Müsavatın Şirvan təşkilatının sədri Əlikram Xurşidov iki gün polis şöbəsində saxlandıqdan sonra məhkəməyə aparılır. Məlumatı “Basta”ya təşkilatın sədr müavini Saday Hacılı verib.

***

20:05 

Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidov bir sutkadan artıqdır ki, heç bir qanuni əsas olmadan polis şöbəsində saxlanılır.

“Ehtimal edirik ki, Əlikram Xurşidova qarşı hansısa qondarma iş açılır”.

Bunu Müsavat mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli deyib.

“Dünən Əlikram Xurşidov saxlandıqdan sonra polis əməkdaşları onun ailə üzvlərinə deyiblər ki, səhər saat 9-da məhkəmə olacaq. Amma heç bir əsas olmadan saxlanılan Əlikram Xurşidov bir sutkadan artıqdır ki, nə məhkəməyə aparılır, nə də sərbəst buraxılır. Sonradan ona qarşı hansısa şikayət verildiyini bildiriblər. Əlikram Xurşidov halal zəhməti ilə dolanan alicənab, mədəni bir adamdır. Siyasi fəallıq göstərdiyinə görə, yerli hakimiyyətin hədəfindədir. İki gün əvvəl o, xəstəxana işçilərinin inzibati üsullarla YAP-a yazdırılması haqqında xəbər paylaşıb. Amma belə görünür ki, bir sıra digər müxalifətçilər kimi, onu da hansısa qeyri-siyasi əməldə günahlandırmaq istəyirlər”, – Mustafa Hacıbəyli bildirib. 

17:40

Təsdiqlənməmiş məlumata görə, Əlikram Xurşidova qarşı “xuliqanlıq” maddəsi ilə protokol tərtib edilir. Onun inzibati, yaxud cinayət məsuliyyətinə cəlb ediləcəyini aydınlaşdırmaq mümkün olmayıb. Müsavatın təşkilat sədri hələ polis şöbəsindədir.

15:45

DİN mətbuat xidməti: “Əlikram Xurşidov şikayət əsasında saxlanılıb”

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə “Basta” əməkdaşının sualına cavab olaraq bildirib ki, Əlikram Xurşidov şikayət əsasında saxlanılıb. 

“Bir vətəndaşın şikayət ərizəsi əsasında saxlanılıb. Hazırda polis şöbəsində araşdırma aparılır”, – Orxan Mənsurzadə deyib. Şikayətçi kimdir və şikayəti nə haqdadır? Orxan Mansurzadə bu suala araşdırma başa çatandan sonra cavab veriləcəyini bildirib. 

***

12:09

Şirvan Rayon Polis Şöbəsi Müsavatın Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidovun saxlandığını təsdiqləyib. Bunun səbəbinə gəlincə, polis məmuru Rauf Əlizadə “Basta” əməkdaşının sualına cavab verməkdən imtina edib: “Bu barədə məlumat verə bilmərəm”. Əlikram Xurşidov hələ polis şöbəsindədir.

*** 

Təşkilat fəalı İlqar Babayev “Basta” əməkdaşı ilə söhbətində bildirib ki, polis bölməsində Əlikram Xurşudovun hansı səbəbdən həbs edildiyini öyrənməyə şalışıb. Ona deyiblər ki, “səhər məhkəmədə bilərsiniz”. 

Ehtimal olunur ki, Əlikram Xurşidov iki gün öncə özünün feysbuk səhifəsində Şirvanda vətəndaşların inzibati üsullarla YAP-a üzv yazdırılması haqda paylaşdığı aşağıdakı xəbərə görə saxlanılıb:

Elikram status

Əlikram Xurşudova işgəncə verildiyinə dair narahatçılıq var. 

***

Müsavat Partiyası Şirvan Təşkilatının sədri Əlikram Xurşudov saxlanılıb.

“Basta” ya daxil olan məlumata görə, Əlikram Xurşudov noyabrın 22-də  axşam saatlarında küçədə saxlanılaraq polis bölməsinə aparılıb. Təşkilat fəalı Saday Hacılının bildirdiyinə görə, Əlikram Xurşudov sosial şəbəkədə paylaşdığı statuslara və siyasi fəaliyyətinə görə saxlanılıb.

Saday Hacılı bildirir ki, polis əməkdaşı Əlikram Xurşudovun evinə gəlib, ailə üzvlərinə onun saxlanıldığını deyib.

“Heç kimə bir söz deməyin” deyərək Əlikram Xurşudovun ailə üzvlərini tənbeh edən polis əməkdaşı sabah səhər 9-da onun məhkəməsi olacağını bildirib.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: