ABŞ Suriyadakı kürdlərə silah verilməsini dayandırır

ABŞ prezidenti Donald Trump orduya Suriyadakı kürd yaraqlılarına silah verilməsini dayandırmaq haqda göstəriş verib.

Bu barədə “Washington Post” xəbər verir.

Amma qəzet onu da qeyd edir ki, Vaşinqtonun bu addımı Türkiyəni məmnun etsə də, Suriyada “İslam dövləti” qruplaşmasına qarşı döyüşən kürd yaraqlıları ABŞ-dan uzaqlaşdıra bilər.

Cümə günü Türkiyə prezidenti Recep Tayyip Erdogan-la telefonla danışan ABŞ prezidenti Donald Trump-ın kürdlərin daha silahla təchiz edilməməsi barədə “birmənalı göstəriş verdiyi”, “bu nonsensə çoxdan son qoyulmalı olduğunu” bildirdiyi deyilir.

Bunu mətbuata Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoglu açıqlayıb.

Ağ ev də bunu təsdiqləyib. Amma bir qədər diplomatik formada:

“Donald Trump türklərə Suriyadakı müttəfiqlərimizə göstərdiyimiz hərbi dəstəyə dəyişiklik edildiyi barədə məlumat verib”.

Ağ ev, bu addımının onun Suriyada indiyəcən yürütdüyü siyasətlə ziddiyyət təşkil etmədiyini bildirir və bu yaxınlarda Raqqa şəhərinin “İslam dövləti” yaraqlılarından azad edildiyini yada salır.

“İslam dövləti”nin özünə “patyaxtı” seçdiyi Raqqa əsasən kürd yaraqlılarının köməyi ilə azad edilmişdi.

ABŞ məhz Raqqaya hücum ərəfəsində (bu ilin mayında) kürdləri silahlandıracağını bəyan etmişdi.

Suriya- kürd yaraqlıları (Arxiv)

Suriya- kürd yaraqlıları (Arxiv)

ABŞ Suriyada artıq stabilləşmə mərhələsinin başlandığını qeyd edib.

Trump-ın bu addımı son vaxtlar korlanan ABŞ-Türkiyə münasibətlərinin bərpasına kömək edə bilər.

Türkiyə hesab edir ki, ABŞ-ın Suriyadakı kürd yaraqlılarına silah verməsi müttəfiqlik anlayışına ziddir.

Ankara istər İraq, istərsə də Suriyadakı kürd yaraqlılarını terrorçuluqda suçlayır.

ABŞ isə son illərdə Suriyada “İslam dövləti”nə qarşı müttəfiqlik üçün kürd yaraqlılarından başqa hansısa ciddi qüvvə tapa bilmirdi.

Çavuşoglu-nun bildirdiyinə görə, Trump özünün təhlükəsizlik müşaviri H.R. McMaster və ordu generallarına göstəriş verib ki, kürd yaraqlıları daha onlardan silah əldə edə bilməsinlər.

“Əlbəttə, biz bundan məmnunuq” – deyə Türkiyənin xarici işlər naziri əlavə edib.

Bu, regionda daha ciddi qüvvəyə çevrilməyə can atan kürdlərə ikinci zərbədir.

Bir müddət əvvəl İraqda müstəqillik referendumu keçirməyə cəhd edərkən ABŞ-dan dəstək ala bilməyən kürd yaraqlıları bunun ardınca İraq ordusu tərəfindən neftlə zəngin Kərkükdən çıxarılmışdılar.

“Washington Post” yazır ki, ABŞ-ın qərarının Suriyadakı vəziyyətə ciddi təsir edəcəyini söyləmək olmaz.

Çünki ABŞ ordusunun bu ölkədə “İslam dövləti” qruplaşmasına qarşı hərbi əməliyyatları demək olar ki başa çatıb.

 

AzadlıqRadiosu

%d bloqqer bunu bəyənir: