Müsavat başqanı yubliyarı təbrik etdi

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta” ya daxil olan məlumata görə, Müsavat başqanı Arif Hacılı partiya fəalı Rövşən Savadı 55 yaşının taçam olması münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
Hörmətli Rövşən bəy!
Sizi 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda və ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayıram.
Siz Milli Azadlıq hərəkatımızın iştirakçılarından biri olaraq müstəqilliyimizin bərpası uğrunda gedən mübarizədə fəal iştirak etmisiniz. Sonrakı illərdə Müsavat partiyasına qoşularaq partiyanın qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, fəaliyyətinin genişləndirilməsində fəallıq göstərirsiniz.
Uzun illər ərzində partiyanın Xaçmaz rayon təşkilatında özək sədri və sədr müavini vəzifəsini yüksək məsuliyyətlə icra etmiş, təşkilatın idarə olunmasında bütün bacarıq və gücünüzü sərf etmisiniz. Partiyanın iştirak etdiyi seçkilərdə məntəqə üzvü, müşahidəçi olaraq seçki saxtakarlıqlarının qarşısının alınmasında mübarizlik nümunəsi göstərmisiniz.
Bu proseslər zamanı dəfələrlə polis zorakılıqları ilə üzləşsəniz də, rejimin təqib və təzyiqlərinə məruz qalsanız da haqq yolunuzdan bir addım belə geri çəkilmədiniz. Siz bu gün də təşkilatın sədr müavini kimi partiyadaşlarımızla çiyin-çiyinə demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu uğrunda mübarizənizi davam etdirirsiniz.
Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz partiyadaşlarımız və ictimaiyyət arasında Sizə böyük nüfüz qazandırıb. Əminəm ki, övladlarınız, yaxınlarınız, Sizi tanıyan hər kəs Sizinlə daim qürur duyacaq.
Hörmətli Rövşən bəy!
Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”
Bastainfo.com
%d bloqqer bunu bəyənir: