Müsavat başqanı İlham Əliyevin “əliboş” qayıtmasına sərt reaksiya verdi

Avropa İttifaqı ölkələri və “Şərq tərəfdaşlığı”na daxil olan 6 ölkənin dövlət və hökumət başçıları noyabrın 24-də Brüsseldə gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Sammitin yaddaqalan hadisəsi Azərbaycandan fərqli olaraq, Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement – CEPA) adlı sənədi imzalaması olub.

Bu məsələyə Müsavat başqanı Arif Hacılı münasibət bildirib.

Öz “Facebook” səhifəsində status yazan Arif Hacılı, “Ermənistan siyasi fəalları “Ermənistan Avropa ailəsində!” -məzmunlu yazılar yazır, bayram edir. Azərbaycan televiziyaları da “İlham Əliyev yaxşı çıxış etdi” -məzmunlu məlumatlar yayıb, təbliğat aparır.” -deyib. 

Arif Hacılı bildirib ki, “Rusiyanın qurduğu “Avroasiya İttifaqı”nın üzvü olan Ermənistan Avropa İttifaqı ilə saziş imzalayır, balans siyasəti ilə öyünən Azərbaycan hökuməti isə ölkəmizi tam təcrid vəziyyətinə gətirib.”

“Dünya siyəsətində savadı, intellekti, siyasi çevikliyi ilə seçilməyən, əksinə tez-tez lağ obyekti olan Sarkisyanın diplomatik mübarizədə Azərbaycan hakimiyyətinə qalib gəldiyini yazan Arif Hacılı, “Azərbaycan Qarabağ konfliktinin yarandığı gündən sonra heç vaxt belə təklənmiş, zəif durumda olmamışdı. Qarabağın azad olunması imkanlarımız heç vaxt bu qədər tükənməmişdi.” -deyib.

“…Dövlətin, xalqın mənafelərini müdafiə etməyə borclu olan, ərazi bütövlüyümüzə görə məsuliyyət daşıyan İlham Əliyev isə bu barədə düşünmür, hakimiyyət nümayəndələrinin Avropaya vizasız gediş-gəlişinə nail olmaq uğrunda “mübarizə aparır.” – Arif Hacılı əlavə edib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: