Malta yeni sızıntıların üstünü örtməyə çalışır

Keçmiş polis məmuru öldürülən jurnalistin iddialarını təsdiqləyir

Malta hökuməti qətlə yetirilən jurnalist Dafnə Karuana Qalizianın zəngin azərbaycanlı məmurlardan rüşvət alan maltalı nazirlərlə bağlı iddialarını dəstəkləyən yeni araşdırmaların dərc edilməsinin qarşısını almağa çalışır.

Keçmiş Malta polisi Conatan Ferris “Tayms” qəzetinə bildirib ki, Malta hökuməti Azərbaycanın hakim dairələri ilə gizli əlaqələrinin olması ilə bağlı əlavə ittihamların yayılmasının qarşısını alır.

O, əlavə edib ki, 1 ay əvvəl Karuana Qalizianın öz maşınında partladılaraq qətlə yetirilməsi onun gözünü qorxutmayıb.

Dövlət işlərini dərin araşdırdığı üçün Maltanın Maliyyə cinayətlərinə qarşı mübarizə şöbəsindən əsassız şəkildə işdən çıxarıldığını iddia edən 44 yaşlı cənab Ferris əlavə edib ki, dövlətə, siyasətçilərə və digər hökumət rəsmilərinə ziyan vuracaq məlumatarı aşkarlamağa çalışacaq.

Onun sözlərinə görə informasiyanın məxfiliyini qorumaq məqsədilə adların açıqlanması qadağandır. Lakin, o, azərbaycanlılar tərəfindən milyonlarla avronun Maltanın “Pilatus” bankı və digər maliyyə qurumları vasitəsilə rüşvət olaraq göndərilməsi ilə bağlı sənədləri ortaya çıxaracaq.

“Pilatus” bankı şərh üçün göndərilən suallara cavab verməkdən imtina edib.

Karuana Qalizianın ilk araşdırması iqtidarda olan İşçi Partiyasının iyun ayında Maltada Baş Nazir Cosef Muskatın səlahiyyətlərinin artırılmasına şərait yaradan təcili seçki keçirməsinə səbəb olub.

K.Qalizia sadəcə iki nazirin Azərbaycandan rüşvət aldığını qeyd edib. Maltanın Baş Qərargah rəisi Keith Şhembri və energetika naziri Konrad Mizzi iddiaları təkzib edib və məşhur blogerə qarşı hüquqi prosedurun həyata keçiriləcəyini bildirib.

Cənab Muskat Karuana Qalizianın iddia etdiyi kimi həyat yoldaşının Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyevadan təxminən 1 milyon dollar alması ilə bağlı ittihamları rədd edib.

Karuana Qalizianın Maltadakı pulyuyan maşınla bağlı iddiaları neftlə zəngin Azərbaycanın Britaniyaya məxsus şirkətlərdən pul yığmaq məqsədilə istifadə etməsi ilə bağlı son çıxan araşdırmada da dəstəklənir.

Oktyabrın 16-da Karuana Qalizianın öldürülməsindən və Avropa Parlamentinin Maltada “qanunun aliliyi, demokratiya və fundamental hüquqlar sahəsində ciddi çatışmazlıqlar” olduğunu açıqlamasından sonra mübahisələr çoxalıb.

Karuana Qalizianın Azərbaycanla bağlı araşdırmasına görə qətlə yetirildiyi ehtimal olunur. Lakin adanın Maltada getdikcə inkişaf edən qumar biznesi ilə məşğul olan mafiya üçün və zəngin ruslara Aİ pasportlarının satışı ilə məşğul olan cinayətkarlar üçün sığınacağa çevrilməsi də istisna edilmir.

Cənab Ferrisin iddiaları çox təhlükəli ola bilər. C.Ferris onu ədalətsiz şəkildə işdən azad edən Maltanın maliyyə cinayətlərinə qarşı mübarizə şöbəsini məhkəməyə verdiyini və topladığı məlumatları məhkəmədə açıqlamaq istədiyini bildirib.

Sənədlərin dərc olunmasına mane olmaq üçün Malta Baş prokuroru prosesi qapalı qapılar arxasında davam etdirməyə çalışır. Cənab Ferris bildirib ki, təqdim edilən dəlillərinin qarşısını almağa çalışırlar.

Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) yeni elektrik stansiyasının səhmlərini aldıqdan sonra Maltada öz rolunu genişləndirdiyi deyilir.

“Tayms” qəzetinin araşdırmaçı jurnalisti Yakob Borq isə qeyd edib ki, SOCAR-ın Sicilya ve Malta arasında inşa edilən yeni qaz boru kəmərində potensial roluna diqqət yetirilməlidir.

Cənab Muskatın mətbuat katibi isə öz açıqlamasında Karuana Qalizianın ölümünün siyasətlə əlaqəli olmadığını bildirib:

“Heç bir siyasətçi jurnalistin öldürülməsi kimi vasitəyə əl atmaz. Bu, ümumiyyətlə, dəlilikdir. Onun yazdıqlarına görə biz heç bir səs itirməmişik”.

Rəsmi qaynaqlar cinayəti Karuana Qalizianın öldürüldüyü həftə Siciliya polisi tərəfindən saxlanılan Maltalı neft qaçaqmalçısı Darren Debono ilə əlaqələndirib.

Keçmiş futbolçu və Vallettadakı balıq restoranının qurucusu Debono Katanyada ev dustaqlığındadır. O, italiyalı mafiya ilə əlaqəli bir şəxsə Liviyadan qaçaq yanacaq gətirməkdə ittiham olunur.

İtalyan vəkili Luiqi Latino bildirib ki, Debono Karuana Qalizianın ölümü ilə tamamilə əlaqəsiz olduğu üçün səssizliyini qoruyur.

Ötən ay maşınında bomba parladılaraq qətlə yetirilən jurnalistin cinayəti 2010-cu ildən bəri Maltada 19-cu bombalı cinayət kimi qeydə alınıb. Həmin cinayətləri törədənlərin heç biri polis tərəfindən aşkarlanmayıb.

Onların çoxu Liviyadan nefti oğurlayaraq insan qaçaqmalçıları tərəfindən istifadə olunan keyfiyyətsiz Çin istehsalı gəmilərə satmaqda ittiham olunurlar.

“İn-Nazzjon” qəzetin cinayət işi üzrə müxbiri Coe Mikallef cənab Debononun qaçırılması haqqında danışaraq qətlin arxasında yerli şəbəkənin olduğunu düşündüyünü açıqlayıb:

“Mən biznes, pulların yuyulması, narkotik, neftlə əlaqəli olan bir dəstədən şübhələnirəm. Ancaq cinayətin hökumətlə bağlantısını da istisna etmirəm. Əgər cinayəti törədənlərin kimliyini bilsəydim və açıqlasaydım, ölkəni tərk etməli olardım”.

 

Meydan TV

%d bloqqer bunu bəyənir: