AŞPA məruzəçiləri: “Əfqan Muxtarlının işi araşdırılsın”

Avropa Şurasının Gürcüstan üzrə məruzəçiləri Kestrin Lundqren (İsveç) və Titus Korlatean (Rumıniya) noyabrın 20-22-də Gürcüstana səfərlərinin yekunu ilə bağlı bəyanatla çıxış edib.

Gürcüstan Konstitusiyasına dəyişikliklərə toxunan məruzəçilər ölkənin təhlükəsizlik xidmətində daha çox tarazlaşdırılmış nəzarət sisteminə ehtiyac olduğunu qeyd edib.

Belə bir sistemin yaradılması zərurətini göstərən nümunə kimi məruzəçilər Gürcüstanda oğurlanmış azərbaycanlı jurnalist Əfqan Muxtarlının işini göstərib. Məruzəçilər Gürcüstan Baş Prokurorluğunu bu işi tam şəkildə araşdırmağa çağırıb.

Onlar həmçinin siyasi motivlərlə Gürcüstanda sığınacaq tapmış digər Azərbaycan vətəndaşlarının taleyinə görə narahatlıqlarını bildirib. Xüsusən, məruzəçilər Muxtarlının Tbilisidə izlənməsində və oğurlanmasında Azərbaycan nümayəndələrinin iştirakı haqqında məlumatları nəzərə alaraq, onların təhlükəsizliyini təmin etmək zərurətini qeyd edib.

“Hakimiyyət bu hadisəni tam şəkildə araşdırmalı və vəzifəsindən asılı olmayaraq bütün təqsirkarları cəzalandırmalıdır. Gürcüstanda Azərbaycan vətəndaşlarının tam təhlükəsizliyi təmin edilməlidir”, bəyanatda qeyd edilir.

Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə Gürcüstanın kriminal polisinin işçiləri tərəfindən oğurlanaraq sənədləri olmadan dövlət sərhədindən keçirildikdən sonra Azərbaycan tərəfə təhvil verildiyini bildirib. O həm də sərhəddən Azərbaycan tərəfə keçirildikdən sonra cibinə 10 min avro pul qoyulduğnu deyib.

Növbəti gün jurnalist Bakıya gətirilib və sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunub. Ona qarşı Cinayət Məcəlləsinin 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələrilə cinayət işi açılıb.

Muxtarlı yerli hüquq müdafiəçiləri tərəfindən “siyasi məhbus” kimi tanınıb və çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları onun həbsdən dərhal azad edilməsini tələb edib.

Noyabrın 30-da Balakən rayon Məhkəməsində Muxtarlının işi üzrə məhkəmə prosesi başlayacaq.

%d bloqqer bunu bəyənir: