Ermənistan parlamenti Avrasiya İqtisadi İttifaqı ilə müqavilənin ləğvilə bağlı dinləmələrə başladı

Ermənistan parlamenti “Elk” blokunun təşəbbüsü ilə “Ermənistan respublikası ilə Avrasiya İqtisadi İttifaqı arasındakı sazişə vaxtından əvvəl xitam verilməsi haqda” dinləmələrə başladı.

Yenicag.Ru Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, əsas natiq “Elk” fraksiyasının deputatı Edmond Marukyan Avrasiya Müqaviləsinə qatıldıqdan sonra bir sıra sosial-iqtisadi sahələrdə reqressiya baş verdiyini bəyan edib.

Marukyan çıxışında Rusiyanın Azərbaycanı güclü silahlarla təmin etdiyini vurğulayıb. O, bu və başqa amilləri dəlil gətirərək Avrasiya müqaviləsinin Ermənistan üçün ziyanlı olduğunu sübut etməyə çalışıb:

“Təhlükəsizliklə bağlı vəziyyətdə irəliləyiş təmin edilməyib, investisiya axını 2014-ci ildə 167.4 milyard dram olsa da, ötən il cəmi – 81 milyard dram təşkil edib. Yanvar ayından qiymətlərdə yenidən bahalaşmalar olacaq. Atəşkəs rejiminin pozulması  artıb. Rusiya  Azərbaycanı güclü ultra-müasir silahlarla təchiz etməkdə davam edir.  Ermənistan daim kreditlə  silah əldə edə bilməz,- deyə o qeyd edib.

Marukyan qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə siyasi xətt  götürməlidir.

“Bu müqavilə  Ermənistana digər ölkələrlə ikitərəfli sərbəst ticarət sazişləri bağlamağa icazə vermir”, – deyə o bildirib.

Ötən həftə başa çatan Ermənistan-Avropa İttifaqı sazişindən danışan Edmond Marukyan qeyd edib ki, bu qətiyyən  siyasi saziş deyil. “Bu sazişin siyasi qiymətləndirilməsi onda olardı ki, Ermənistan azad ticarət sazişini imzalayaydı”, – o deyib.

Edmond Marukyan, həmçinin, Ermənistanın Avropaya iqtisadi inteqrasiyaya ehtiyacı olduğunu vurğulayıb. “Silahların alınması ilə bağlı müqavilələri daim davam etdirə bilmərik. İqtisadiyyatı inkişaf etdirmədən, bu borcları ödəmək imkanımız olmayacaq”, deyə əlavə edib.

Heybət Əmrah

Bastainfo.com

%d bloqqer bunu bəyənir: