Əfqan Muxtarlının məhkəməsi başladı

Bu gün Balakən Rayon Məhkəməsində hakim Hümmət Səlimovun sədrliyi ilə həbsdə olan jurnalist Əfqan Muxtarlının məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib. Hazırlıq iclasında məhkəmə heyyəti təqdim olunub. Bundan sonra məhkəməyə 8 vəsatət təqdim edilib. Vəsatətlərdə Əfqan Muxtarlıya qarşı qaldırılan cinayət işinin xətm olunması, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və digər məsələlər qaldırılıb. Hakim bu vəsatətlərdən yalnız birini təmin edərək, Əfqan Muxtarlının proses vaxtı vəkilin yanında oturmasına razılıq verib.

Əfqan Muxtarlının məhkəmə prosesi 14 dekabr saat 10:30-a təyin edilib.

Məhkəmə prosesində Əfqan Muxtarlının yaxınları, Müsavat başqanının müavini Elman Fəttah, jurnalistlər və hüquq müdafiəçiləri iştirak ediblər. 

Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə Gürcüstanın kriminal polisinin işçiləri tərəfindən oğurlanaraq sənədləri olmadan dövlət sərhədindən keçirildikdən sonra Azərbaycan tərəfə təhvil verildiyini bildirib. O həm də sərhəddən Azərbaycan tərəfə keçirildikdən sonra cibinə 10 min avro pul qoyulduğnu deyib.

Növbəti gün jurnalist Bakıya gətirilib və sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunub. Ona qarşı Cinayət Məcəlləsinin 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələrilə cinayət işi açılıb.

Muxtarlı yerli hüquq müdafiəçiləri tərəfindən “siyasi məhbus” kimi tanınıb və çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları onun həbsdən dərhal azad edilməsini tələb edib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: