Millət vəkilləri demokrat konqresmeni istefa verməyə çağırıb

Nümayəndələr Palatasında azlıqda olan demokratların lideri Nensi Pelosi qadınlara qarşı cinsi qısnamada günahlandırılan və skandalları susdurmaq üçün vergi ödəyicilərinin pulundan istifadə etməkdə ittiham olunan partiya yoldaşı Con Konyersi istefa verməyə səsləyib.

Bu barədə məlumatı Amerikanın Səsi yayıb.

“Bazar günündən etibarən öyrəndyimiz kimi Konqres üzvü Konyers haqqında məlumatlar etibarlıdır və pərişanlıq doğurur. Biz önə çıxan həmin cəsur qadınlara ədalət borcluyuq. Mən konqresmen Konyers və onun ailəsi üçün dua edəcəm. Lakin o mütləq istefa verməlidir.” – deyə, Nensi Pelosi bildirib.

Başgicəllənmə və nəfəs darlığı əlamətləri ilə Detroit şəhərində xəstəxanaya yerləşdirilən Konyersin vəkili jurnalistlərə bildirib ki, konqresmenin istefa vermək planı yoxdur.

“Koqresmeni o vəzifəyə Nensi Pelosi seçməyidiyi üçün onun istefa verməli olduğunu deməyə də haqqı yoxdur. Bu qərar konqresmenin özü tərəfindən verilməlidir. O da bu haqda düşünmür. İndi o sadəcə tezliklə sağalması haqqında düşünür.” – deyə, konqresmenin vəkili Arnold Rid bildirib.

Nümayəndələr Palatasının spikeri Pol Rayan da daxil olmaqla, hər iki tərəf konqresmen Konyersin istefa verməli olduğu fikrilə razılaşır.

Konqresdə millət vəkilləri və işçiləri üçün çərşənbə günü cinsi təcavüz mövzusunda təlimlər keçirilib. Bundan əlavə 20 ildir qüvvədə olan razılaşmalar üçün vergi ödəyicilərinin pulundan istifadəyə icazə verən qanunun dəyişdirilməsi təklif edilib.

Konyersə qarşı qaldırılan təcavüz ittihamları son dövrdə siyasətçilərin bir çoxunun adının halladığı cinsi qısnama hadisələrindən biridir. Konqresmendən başqa demokrat senator Al Franken, respublikaçı nümayəndə Coy Barton, Senata respublikaçı namizəd Roy Mur və prezident Donald Trampın da adları bu cür hadisələrdə hallanıb. Prezident Donald Tramp ona qarşı səsləndirilən ittihamları “saxta xəbər” adlandırıb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: