Müsavatın Lənkəran təşkilatının sədri İman Əliyev: “Mənim üçün tələ qururlar”

Müsavat Partiyası Lənkəran rayon təşkilatın sədri İman Əliyev deyir ki, yerli icra orqanlarının onlara basqıları artıb:

“Noyabrın 26-da konfrans keçirtdik. Konfrans evimdə oldu. Bizə tədbirləri keçirtmək üçün yer vermirlər. O gündən mənə və partiya üzvlərinə təzyiqlər artıb. 36 il bir təşkilatda işləmişəm. Əmlak payı kimi yolun kənarında olan köhnə ticarət obyektini almışam. Alandan sonra təmir etmişəm, buna çoxlu pul xərcləmişəm. Hamısını da qanuni yolla etmişəm. Ailəmi bu ticarət obyektinin hesabına saxlayıram. Gəlib həmin mağazanın və evimin həyətini çəkdilər. Belə başa düşürəm ki, mənə yeni problemlər yaradırlar”.

“Müsavatçıların evlərinə zəng edib hədələyirlər…”

İman Əliyevin sözlərinə görə, bütün bunlar siyasi fəaliyyəti ilə bağlıdır:

“Özüm də vaxtaşırı olaraq Liman şəhərində və rayonda baş verən haqsızlıqlar barəsində mətbuata danışıram. Bu da yerli hakimiyyətin xoşuna gəlmir. Hiss edirəm ki, mənim üçün tələ qururlar. Müsavatçıların evlərinə zəng edib hədələyirlər . Deyirlər ki, sakit oturun, əks halda pis olacaq. Mən başa düşə bilmirəm, biz demokratik ölkədə yaşayırıq yoxsa diktatora rejimində? Bir dəfəlik siyasi fəaliyyəti qadağan etsinlər, biz bilək ki, bu olmaz. Qanun qalıb qıraqda, yerli hökumət qanunsuzluqlarla məşğuldur. Polis, məhkəmə, prokurorluq əllərində. Haraya şikayət edək? İşlədiyim yeri polislərlə doldurublar. İndi hazırda Bakıdayam. Baş götürüb bura gəlmişəm…”

Müsavat partiyasının digər üzvü Emil Əliyev də deyir ki, bir neçə dəfə evlərinə zəng ediblər:

“Hədələyirlər, partiyadan uzaqlaşmağı tələb edirlər. İcra nümayəndəsi deyir ki, sizə görə mənə söz gəlir. Sizə görə məni işdən çıxaracaqlar. Biz nə etmişik? Azərbaycan hökuməti tərəfindən partiyamız qeydə alınıb. Qeydə alınmış partiyanın rayon təşkilatının konfransı olub. Burda nə var?..”

Müxalifət partiyalarının qərargahları yoxdur, amma…

Cənub bölgəsinin heç bir rayonunda müxalifət partiyalarının yerli təşkilatların qərargahları yoxdur. Bir neçə il bundan əvvəl Müsavat partiyası Lənkəran rayon təşkilatının qərargahının qapısı hörülüb. Sonra isə bu təşkilatı qərargahdan çıxarılıb.

Hakim partiya sayılan Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatları isə yeni tikilmiş iki mərtəbəli binalarda yerləşirlər.

Adının çəkilməsini istəməyən bir ictimai fəal də deyir ki, adətən təzyiqlər seçki ərəfələrində güclənir:

“Qarşıdan prezident seçkisi gəlir. Hakimiyyət bütün imkanlarını işə salıb qarşı tərəfi tamamilə zəiflədəcək. Eşitdiyimə görə, elə rayonlar var ki, orda müxalifəti tamam ləğv etmək tapşırığı verilib. Qulağımıza gəlib çatır. Elə başçı var ki, rayonda müxalifətin olmaması ilə öyünür. Bu ölkənin imicinə zərbədir. Bir qütblü ölkə demokratik ölkə ola bilməz”.

Lənkəran rayon Liman şəhər icra nümayəndəsi Bəxtiyar Səfərov isə deyilənlərlə razılaşmır. Onun bildirdiyinə görə, heç bir müxalifət partiyasının üzvünə təzyiq yoxdur. O deyilənləri böhtan sayır.

“And olsun Allaha heç kimə zəng etməmişik. Nə üçün onlara zəng etməliyəm ki?”, – deyə icra nümayəndəsi vurğulayır.

Müxalifətçilərin şikayəti ilə bağlı rayon polis şöbələrindən isə münasibət almaq, hələlik, mümkün olmayıb.

 

AzadllıqRadiosu

%d bloqqer bunu bəyənir: