”Cəmiyyət özünə bənzəməyəni qəbul etmir”

Cavid Əli dzaynerdir. Onun 28 yaşı var. 5 ildən çoxdur çörəkpulunu qrafiklərdən çıxarır. Dövlət ona qısaboylu olduğuna görə 3-cü qrup əlillik dərəcəsi və ayda 48 manat pensiya verir. Evli və bir uşaq atası olan Cavid, işsiz qalsa, bu pulla yaşamağın mümkünsüz olsuğunu deyir.

Meydan Tv-yə danışan Cavid, “Əsas problem iş tapmaqdır. Düzdür, bu, Azərbaycanda bütün insanların problemidir. Əlilliyi olan insanlara daha çətindir. İş yerlərinin əksəriyyəti fiziki qüvvə tələb edir. Bu dzaynerliyi də öyrənmək üçün kurslara getmişəm, dostlar da kömək edib. Özüm də videoçarxlara baxıb öyrənmişəm. Qardaş ölkəni götürsək, Türkiyədə qanundur ki, hər bir iş yerində minimum bir əlilliyi olan insan çalışmalıdır. Bunun bir üstünlüyü də odur ki, göz öyrəşir o adamlara” -deyib.

Azərbaycanda da qanunla iş yerlərində hər 25 nəfərdən biri əlilliyi olan şəxs olmalıdır. Bu qaydaya əməl etməyən müəssisə rəhbəri cərimə olunmalıdır. Ancaq yerli ekspertlər deyir ki, müəssisə rəhbərləri cüzi cərimə ödəməklə bu qaydalardan yayınır, nəticədə əlil işsiz qalır.

Cavid deyir ki, boyunun qısalığı özü ilə təkcə maddi qayğılar gətirmir, cəmiyyət də özünə bənzəməyəni qəbul etmir:

“Qısaboylu insanlara əsas yaranan çətinliklərdən biri ətrafdakıların onlara müasibətidir. İlk dəfə görəndə baxırlar, fasiləsiz baxırlar. Eləsi olur, söz atır. Elə vaxtlar olur ki, davasız ötüşmür”.

O, bütün bunların stressini çıxarmaq üçün hər gün saat 6-da oyanır. İbadət edir, idmanla məşğul olur, dostları ilə görüşür:

“Harda ki, çətindir mənə, oradan daim keçib gəlirəm. Əksinə orada dost qazanmağa çalışıram. Bəlkə elə bir vəziyyət yaranar, deyərlər insan elə balaca olmalıymış, biz böyük olmuşuq”. (gülür)

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: