İnteqrasiya üçün qarşımızı nə kəsir?

Azərbaycan  Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Avropa İtifaqına inteqrasiyanın ölkəyə faydalı olmadığını düşünür.

O hesab edir ki, Azərbaycan  Avropa Birliyinə inteqrasiya edərsə, ölkənin müqəddaratını Birlik idarə edəcək.

Komitə sədri açıqca Avropa Birliyinin tələblərinə cavab verəcək müqavilənin imzalanmasının onlara sərf etmədiyini bildirib.

Çəkinəcək olan nədir?

Avropa Birliyinin  demokratiya, azad seçki, səs-söz azadlığı, sərbəst toplaşma, “Siyasi məhbussuz Azərbaycan” tələbimi? 

Sirr deyil ki, Avropa Məhkəməsinin qərarlarının icrasında da Azərbaycanla anlaşılmazlıqlar həmişə olub, bu gün də davam edir. Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarlarını vaxtlı -vaxtında icra etmir.

Ötən həftə Avropa məhkəməsinə iş göndərən vəkillərin Vəkillər Kollegiyasından çıxarılması və barələrində ölçü götürülməsi qərarı Azərbaycan hökumətinin Vəkillər Kollegiyasını tam nəzarətə götürərək opponentsiz fəaliyyət göstərmək cəhdindən xəbər verir.

Səbəblərdən birinin bu nüans ola bilmək etimalı varmı, yaxud, elə məhz bu.

Əliboş gəlməyə səbəb nə idi?

Keçən ayın 24-də Avropa İttifaqı ölkələrinin “Şərq tərəfdaşlığı”na üzv olan hökumət başçıları Brusseldə gələcək əməkdaşlıq məsələlərini müzakirə etdilər. 

Sammitin yadda qalan hadisəsi Azərbaycandan fərqli olaraq, Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement – CEPA) adlı sənədi imzalaması olub. 

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib ki, “Ermənsitan bundan sonra da bu sazişə və qarşılıqlı maraqlara əsaslanan bütün sahələrdə Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirmək əzmindədir”.

Məlumata görə, Brüssel və Yerevan rəsmiləri deyiblər ki, bu razılaşma Ermənistanın Rusiya ilə yaxın münasibətlərinə əngəl yaratmayacaq.

Xatırladaq ki, 2013-cü ildə Ermənistanın son anda Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamasına məhz Rusiyanın təzyiqi mane olmuşdu. Bu gün isə vəziyyət dəyişib.

Ermənistan inkişaf etmək istəyir.

Bu inkişafı da, Avropaya inteqrasiyada görür.

Addım-addım da hədəflərinə nail olur. 

Demək olar ki, bu gün Ermənistan “Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq” razılaşmasını imzalayaraq Rusiyayadan asılılığı barədə olan mifləri də, qırdı. 

Azərbaycan hökuməti isə hələ, bu təsirdən yaxa qurtara bilmir. 

Ermənistanın atdığı addım sübut etdi ki, çəkinməli heçbirşey yox imiş…

Əgər bu günə qədər məsələ Rusiya ilə tərəfdaşlığın zəifləməsindən çəkinmək idisə, bu gün Ermənistanın Rusiya ilə buna görə problem yaşanmayacağı təqdirdə Azərbaycan nədən çəkinir?

Ermənistanın Avropa Birliyi ilə rahatlıqla tərəfdaşlıq barədə saziş imzalamaq, ölkəni inkişaf etdirmək imkanı varsa, artıq Rusiya maneə deyilsə, Azərbaycanın qarşısını hansı qüvvə kəsir?

Demokratik tələblərə boyun əyməkdən çəkinməkdən başqa ağıla nəsə gəlmir.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyandan fərqli olaraq Azərbaycanın Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov belə düşünür. 

“Azərbaycan çoxtərəfli münasibətləri inkar etmir. Biz də nə vaxtsa Avropa İttifaqı ilə müqavilə imzalayacağıq. Lakin bu gün bizim əsas prioritetimiz strateji əməkdaşlığı genişləndirməkdir. Gələcəkdə isə Avropa İttifaqıilə münasibətləri çox ciddi təhlil edəndən sonra bu təşkilatla Azərbaycanın maraqlarına uyğun hər hansı bir saziş imzalanacaq”.

Səməd Seyidovun sözlərinə görə biz də bu müqavilələrdən imzalayacağıq.

Bu gün yox. Nə vaxtsa…

 

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: