Müsavatçı təkrar Şüvəlana etap olundu

Şərlənərək həbs edilən Müsavatın Şirvan Təşkilatının sədri Əlikram Xurşudov bu gün səhər saatlarında Şüvəlana göndərilib.

“Basta” ya bu barədə Müsavat Şirvan Şəhər Təşkilatının üzvləri məlumat verib.

Qeyd edək ki, Yanvarın 8-də Əlikram Xurşidovun istintaqı yekunlaşıb. Bu barədə məlumat yayan vəkil Nemət Kərimli bildirib: “Bu gün Müsavat Partiyası Şirvan rayon Təşkilatının sədri Əlikram Xurşidovun istintaqı yekunlaşdı, iş materialları ilə tanış olduq. O, CM-nin 221.3-cü maddəsi (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla xuliqanlıq, 2 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə) və 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə ilə hədəsilə hədələmə, 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə) ittiham olunur.”

Vəkil onu da, əlavə edib ki, Ə. Xurşidovun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətə Yanvarın  8-də Şirvan şəhər Məhkəməsində baxılıb. 

XATIRLATMA

Noyabrın 22-də heç bir əsas olmadan polis tərəfindən saxlanılan Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri, Məclis üzvü Əlikram Xurşidov 2 sutkaya yaxın qanunsuz olaraq polis şöbəsində saxlandıqdan sonra, ona qarşı uydurma cinayət işi qaldırılıb. Noyabrın 24-də isə Şirvan Rayon Məhkəməsi sifarişli qərar qəbul edərək, bu uydurma ittiham əsasında Əlikram Xurşidovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Polis şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham elan olunub.

Müsavat Partiyası Əlikram Xurşudovun həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Əlikram Xurşidov müxalifətçilərə qarşı ənənəvi olaraq irəli sürülən “xuliqanlıq”da təqsirləndirilib. Ona qarşı yazılan “şikayət ərizəsi” təşkil olunmuş şərləmədir. Əlikram Xurşidov alicənab, mədəni, halal zəhməti ilə dolanan bir insan olaraq yaşadığı bölgədə böyük hörmət sahibidir.

Əlikram Xurşidov əqidəli müsavatçı olaraq, Azərbaycanda və yaşadığı Şirvan şəhərində baş verən qanunsuzluqlarla əlaqədar daim barışmaz mövqe tutub, son dövrdə isə sosial şəbəkədə Şirvan rayon İcra Hakimiyəti başçısının qanunsuz metlax biznesi, bölgədəki korrupsiya,  eləcə də büdcə təşkilatlarında çalışanların inzibati üsullarla YAP-a üzv qəbul etdirilməsi haqqında xəbərlər paylaşıb. Hakimiyyət siyasi partiyaların yerli qurumlarının fəaliyyəti üçün şərait yaratmadığı üçün Müsavatın yerli təşkilatının toplantıları da Əlikram Xurşidovun mənzilində keçirilirdi. Əlikram Xurşidovun həbsinin motivi məhz bunlardır.

Müsavat Partiyası şərlənərək həbs edilmiş Əlikram Xurşidovun dərhal azad edilməsini, ona qarşı açılan cinayət işinin xətm olunmasını və Azərbaycanda davam edən repressiya siyasətinin durdurulmasını tələb edir”.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: