Müsavat Əfqan Muxtarlının həbsi ilə bağlı Bəyanat verdi

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta” ya Əfqan Muxtarlının həbsi ilə bağlı bəyanat daxil olub.

Müsavat Partiyasının BƏYANATI

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Əfqan Muxtarlı uzun illər jurnalist kimi fəaliyyət göstərdiyi mətbuat orqanlarında hakimiyyətə qarşı tənqidi yazılar yazıb.Son dövrlərdə yaşadığı Tbilisi şəhərində də bu fəaliyyətini davam etdirirdi. Əfqan Muxtarlının Azərbaycan hakimiyyətinin korrupsiya əməlləri barədə araşdırmaları müxtəlif media qurumlarında nəşr edilirdi. Məhz bu səbəbdən Əfqan Muxtarlı 2017-ci il may ayının 29-da Tbilisidə oğurlanaraq Bakıya gətirilib.

Daha sonra ona “dövlət sərhədini qanunsuz pozma və 10 min avro pul vəsaitini bəyan etmədən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmə” ittihamı irəli sürülüb. Əfqan Muxtarlıya qarşı irəli sürülən əsassız ittihamlar yerli və beynəlxalq ictimaiyyət tərəfindən ciddi etirazla qarşılanaraq siyasi hakimiyyətin tənqidçi jurnalistlərə qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirib.

Müsavat Partiyası Əfqan Muxtarlının həbsinin birbaşa Azərbaycan hakimiyyətinin korrupsiya əməllərini araşdırması ilə bağlı olduğunun şübhə doğurmadığını bəyan edir, söz və ifadə azadlığına qarşı repressiya siyasətinə son qoyulmasını, Əfqan Muxatarlının və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: