Qohumların girov götürülməsi

Hakimiyyət müxalifətçiləri susdurmaq üçün onların qohumlarını girov götürür. Son belə hadisə Fransada yaşayan gənc bloger Məhəmməd Mirzəlinin başına gəlib. Gənc blogerin atasını və bacısının ərini polisə aparıblar, onun sosial şəbəkədə öz paylaşımlarını silməyəcəyi təqdirdə uzun müddətli həbslə təhdid ediblər. 

Bundan əvvəl ictimaiyyətə bəlli olan oxşar hadisə Orduxan Teymurxanın başına gəlmişdi – onun bacılarını girov götürmüşdülər.

Prosesə polis, icra hakimiyyəti, bəzən prokurorluq və xüsusi xidmət orqanları da cəlb edildiyi üçün bu, dövlət səviyyəsində törədilən bir cinayətdir. Girov götürülənlərin tez, yaxud gec azad edilməsi mahiyyəti dəyişmir. Bu, dövlətə rəhbərlik edən Əliyev ailəsinin əxlaq səviyyəsini nümayiş etdirən bir repressiya üsuludur.

Bu, olanlara verdiyim siyasi və mənəvi qiymətdir. Bu mövzuda yazacaqlarım isə tək bundan ibarət deyil…

“İctimaiyyətə bəlli olan” sözünü təsadüfən yazmadım. Hakimiyyət tək siyasi mühacirlərə deyil, ölkədə dözüş gətirə bilən müxalifətçilərlə mübarizədə də qohumların girov götürülməsi üsulundan tez-tez istifadə edir, amma bir çox hallarda bu, ictimailəşdirilmir.

Yeni üsul deyil. Hələ 2003-cü ildə mən də daxil olmaqla, onlarla qohumumuz Arif Hacılıya görə “Bandotdel”ə aparılmışdı, üzü maskalı “asayiş keşikçiləri” Əhmədlidəki mənzilimi alt-üst etmişdilər, azyaşlı uşaqlarımın bağrını çatlatmışdılar.

Bundan daha əvvəl Şəmsi Rəhimovun qatilini axtaran “istintaqçılar” keçmiş “omon”çuların xanımlarını, bacılarını təcridxanaya gətirib zorlamaqla təhdid edərək, bir gecədə 17 nəfərdən “Şəmsi Rəhimovu şəxsən mən öldürmüşəm” ifadəsi almışdılar.  

Bu üsüldan indi də istifadə edilir. Bu gün Müsavat rəhbərliyində azı iki nəfərin övladı valideyninin siyasi mövqeyinə görə həbsdədir. Onlar valideynlərindən imtina etməyiblər. Əvəzində valideynlər də, övladlarının cəzasını daha da ağırlaşdırmamaq üçün, bunu ictimailəşdirməməyə üstünlük veriblər. Siyasi məhbusların sayı ilə öyünən təşkilatdan fərqli olaraq, Müsavat Partiyası bu məsələdən siyasi dividend götürmək yox, onsuz da haqsız məhrumiyyət yaşayanların seçiminə sayğı ilə yanaşmağı üstün tutub. Amma eyni zamanda həm Azərbaycanda, həm də xaricdə bötüvlükdə siyasi məhbuslarımızın azad olunması uğrunda mübarizənin lokomotivi olaraq qalmaqdadır.  

Başqa nümunələr də var. Məsələn, ötən il rayonlardan birində fəal müsavatçılardan birinin mənzilində partiyanın zona  müşavirəsi keçirildiyi üçün, onun qohumlarını əvvəlcə polisə, sonra icra hakimiyyətinə aparmışdılar. Onları işdən çıxarıb yoxsulluğa düçar etməklə, hətta həbslə təhdid etmişdilər. Elə qorxutmuşdular ki, onlar müsavatçı əzizləri ilə üz-göz oldular. Məqsədləri ən azı növbəti müşavirənin bu mənzildə keçirilməsinin qarşısını almaq idi və buna nail oldular da.

Deyəcəksiz niyə ictimailəşdirmədilər?

Çünki mühacirlərdən fərqli olaraq, bölgədə yaşayan müxalifətçi üçün bütün məhrumiyyətlərlə yanaşı, həm də “qohumunun çörəyinə bais oldu” qınağı ilə üzləşmək, hər kəsdən təcrid olunmaq daşınması ağır olan əlavə bir yükdür. Çünki Məhəmməd Mirzəlidən fərqli olaraq, bölgədə yaşayan müxalifətçinin “filan gün Portuqaliyaya gedəcəm, əylənmək istəyən mənə qoşulsun” məzmunlu elan paylaşmağa, xüsusən bunu reallaşdırmağa imkanı yoxdur.

İndiyə qədər tanımadığım gənc bloger Məhəmməd Mirzəlinin son aylarda paylaşdıqlarını ötən gecə gözdən keçirdim. Gəncin qınaqları, ittihamları Əliyev hakimiyyətinin özü qədər qədimdir, minlərlə dəfə daha istedadlı şəkildə deyilib və yazılıb. Fərqli olan internetin yaratdığı yeni imkanlar və təhqirlərdir. Çoxlarımızın ürəyimizdən tikan çıxartsa da, onun tez-tez təhqirə keçməsini şəxsən mən təqdir etmirəm. Məsələn, onun yazdığı bu status demokratik mübarizə müstəvisindən tam kənara çıxır:

status mehemmed

Böhtan və təhqir pisdirsə, niyə buna cavab ümumiləşdirilərək qaytarılmalıdır, düşmən saysan belə, bütöv bir topluma aid edilməlidir? Bu hələ təhqirə cavab olaraq yazılandır. Başqa, təhqirlər də var.

Məsələnin mənəvi tərəfini bir kənara qoyuram. Sırf siyasi baxımdan bu tipli statuslar irticanın işinə yarayır. Hakim ailə apardığı repressiya siyasətinə bəraət qazandırmaq üçün trollar vasitəsilə bu tipli statusların daha çox ictimailəşməsinə şərait yaradır. Bu və ya digər səbəbdən onun xidmətçisinə çevrilən təbəqəni öz ətrafında birləşdirmək üçün bundan istifadə edir. 

Nə Əfqan Muxtarlını, nə Mehman Hüseynovu,  nə Xədicə İsmayılı təhqiramiz statuslarına görə həbs etməyiblər.  Onlar real iş görüblər, araşdırma aparıblar, hakimiyyəti faktlarla ifşa ediblər.

Hakimiyyət siyasət adamlarını da bir qayda olaraq təhqirə görə yox, mitinqlər təşkil etdiklərinə görə, hakimiyyətin tədbirlərinə, o cümlədən saxta seçkilərə qarşı prinsipial mövqe qoyduqlarına görə, müxalif təşkilatları yaşatdıqlarına görə, cəmiyyətə alternativ seçim təqdim etdiklərinə görə həbs ediblər. İstisna Qiyas İbrahimlə Bayram Məmmədovdur, amma onlar da “Fuck the sistem” şuarını birbaşa ünvanına – Heydər Əliyevin heykəlinə yazmışdılar. 

Ümumiləşdirilmiş təhqirlər isə bu sistemi idarə edənlərə “Baxın ha, hədəfdə tək hakim ailə deyil, müxalifət hər kəsi pazlayacaq” təbliğatını aparmaq üçün tutarqa verir.

Demokratiya bir əxlaqdır. Buna nail olmağın yolu fərqlənməkdir. Biz hakimiyyətdəkilərdən fərqlənməliyik ki, insanları, onların beyninə yeridilmiş “kim də gəlsə, vəziyyət düzəlməyəcək” fikrindən daşındıra bilək. Hamı görməlidir ki, biz onların tayı deyilik. Biz söydük, söymədik repressiyaları bacardıqları dövrə qədər sürdürəcəklər, qohumları da incidəcəklər, amma biz simanı, mənəviyyatı qorumalıyıq. Çünki sonda ölkəni məhz mənəviyyat xilas edəcək.

Ola bilər ki, baş verənlərə yuxarıda verdiyim qiymətə rəğmən, bu yazıda əks olunan mövqeni loyallıq, hətta qorxaqlıq kimi qələmə verənlər tapılacaq. Mənsə əminəm ki, bu, doğru yoldur, nə qədər uzun olsa belə.

İrticaya qarşı çıxanların sıralarının getdikcə genişlənməsi, prosesə tanımadığımız gənclərin, blogerlərin qoşulması əladır. Amma hər kəs nəzərə almalıdır ki, mübarizənin təhqirə və böhtana varılmadan aparılması bir mədəniyyət olmaqla bərabər, həm də toplumun maraqlarına uyğundur. Düşərgənin son bastionları olan Müsavatın, AXCP-nin, ReAl-ın, Nida-nın və digər təşkilatların təmsilçilərindən nə vaxtsa təhqir, bötöv bir toplumun ünvanına aşağılama eşitmisizmi?..

Örnək bu olmalıdır.

Əks mövqedə olanlarla isə getdiyimiz haqq yolunun o başında mübahisə edərik.  

 

 

%d bloqqer bunu bəyənir: