“Tələyə düşmüş təkər” və ya gömrük rüsumu üç dəfə artırılıb

Sahibkarlar etiraz edir

 Amerikanın Səsi yazır ki, yanvarın 12-də bir qrup şəxs Dövlət Gömürük Komitəsinin (DGK) qarşısında aksiya keçirib. Onlar işlənmiş təkərlərin ölkəyə gətirilməsinə yeni gömrük rüsumlarından narazılıq edib. Aksiya iştirakçıları vurğulayıblar ki, köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Onların sözlərinə görə, bir konteyner təkərin rüsumu 15 min manatdan 45 min manata qaldırılıb.

İşlənmiş şinlərə tələbat çoxdur

Təkər

Sahibkarlar işlənmiş şinləri əsasən Almaniyadan ixrac edir. Ölkədə Almaniyadan gətirilmiş işlənmiş şinlər bazarda geniş alıcıya malikdir. Belə ki, avtomobil sahibləri bu şinlərin Almaniya standartlarına uyğun hazırlandığına əmin olduğu üçün digər ölkələrdən gətirilən təzə şinlərin keyfiyyət standartlarına uyğun hazırlandığına şübhə ilə yanaşırlar. Həm də Almaniyadan gətirilmiş işlənmiş şinlər təzə şinlərdən azı iki dəfə ucuz satılır.

Dövlət Gömrük Komitəsi: Gömrük rüsumunu Nazirlər Kabineti qaldırıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsi sahibkarla bildirib ki, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixliqərarına əsasən 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib. Gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplanaraq qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər.

Sahibkarlar etiraz edir

Sahibkarlar etiraz edir

Komitə bildirir ki, dəfələrlə Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri, şəxsən DGK sədri Aydın Əliyev, DGK sədrinin birinci müavini Səfər Mehdiyev və digər məsul vəzifəli şəxslər yeni qərarla razılaşmayan sahibkarlarla görüşüb, onlara qanunvericiliyin tələbləri barədə müvafiq izahatlar verilib.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır.

Nazirlər Kabinetinin qərarı

Nazirlər Kabineti

Nazirlər Kabineti

Nazirlər Kabineti 2017-ci il noyabrın 17-də “Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında qərar verib. Qərarı baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qərarla “Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”, “Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri” və “Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı” bu il yanvarın 1-dən ləğv edilib.

Eyni zamanda, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, habelə idxal və ixrac gömrük rüsumlarının dərəcələri təsdiqlənib.

Qərara görə, minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlər üçün isə 5 dollar rüsum müəyyən edilib.

 

Bastainfo.com