Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938-56)

Aydın Əlizadə, fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə institutunun baş elmi işçisi.

Məqalədə 1938-56 illərdə Azərbaycanda aparılan “Ehtiyatda olan sağ trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı” adlanan qrupun istintaq işinin tarixi araşdırılıb. Bu iş üzrə Azərbaycan SSR rəhbərliyinin üzvləri və SSRİ Ali Sovetinin 1-ci çağırış deputatları daxil olmaqla 300-dən çox insan məhkum olunmuşdur. Bu səbəbdən də, bu işi o dövrün ən böyük istintaq işlərindən biri saymaq olar. Gələcəkdə isə bu işin saxtalaşdırılmış olduğu sübuta yetirilmiş, zərərçəkmişlər bəraət qazanmışdılar. Məqalədə tarixi hadisənin izlənməsi olan narrativ metod işlədilmişdir. İşin yeniliyi ondan ibarətdir ki, bu iş ilk dəfə tədqiq olunmuşdur.  Əsas nəticəsi isə ondan ibarətdir ki, siyasi cinayət işi əvvəlcədən sifariş edilib saxtalaşdırılmışdır. Məqalənin yazılarkən arxiv materiallarından və  Qırmızı Terror dövrünü araşdıran başqa tədqiqatçıların əsərlərindən istifadə edilib.

***

1937-38 illərdə Sovet Azərbaycanında dövlət terrorizminin tüğyan etməsi o zaman SSRİ-də gedən ümumi prosesin bir hissəsi idi. “Sovet dönəminin ilk oniillikləri boyu (1953-cü ilə qədər) dövlət zorakılığı ardı arası kəsilməyən kütləvi siyasi terror halında özünü göstərməkdə idi. Hər il yüzminlərlə insan basqı və təzyiqlərə məruz qalırdı. Məhz terror o dönəmdə sovet sisteminin varlığını təmin edən əsas amil idi. Onun vasitəsilə hakimiyyətin mərkəzləşməsinə, ehtimal olunan hər bir narazılığın qarşısının alınması üçün üfüqi bağlarının qırılmasına, ideologiyanın yeridilməsinə, insanların kölə işlərinə zorlanmasına və başqa məqsədlərə nail olmaq olurdu” (6).

Azərbaycanda kütləvi repressiyalara Zaqafqaziya diyar komitəsinin sədri Lavrenti Beriyanın 1936-cı ildə bütün Cənubi Qafqaz respuşlikalarında “Sosializm düşmənlərini yandırıb küllərini küləyə üfürmək” adlı məqaləsinin yayımlanmasından sonra başlanılmışdır. Onu təqiblərə başlanqıcverən bir təkan sayırlar. Bu məqaləyə görə, guya Azərbaycanda trotskiçilər (SSRİ-nin rəsmi leninçi təliminə qarşı olan başqa kommunist ideologiyası), milliyyətçilər və başqa hökümətə qarşı olan təşkilatlar fəallıq göstərir və onlar dövlət çevrilişi, eləcə də mərkəzi hakimiyyəti devirmək üçün çeşidli təxribatlar hazırlayırlar (14). Ona görə də Beriya bu təşkilatlara qarşı barışmaz savaşın açılmasına çağırış etmişdi.

Artıq 1937-38-ci illərdə Azərbaycanda çoxlu sayda insan tutulmuşdu, təqiblər həm də respublika rəhbərliyinin arasında gedirdi. Repressiyalar o qədər şiddətlənmişdi ki, “1937-ci ilin yayından başlayaraq 1938 ilin payızına qədər Azərbaycan rəhbərliyi məhv edilmiş, respublika rəhbərlərsiz qalmışdı” (1, 775-776). Təkcə 1937-ci ildə 22 xalq komissarı, 49 rayon partiya komitəsi katibi, 29 rayon icraiyyə komitə sədri tutulmuşdu. Onlardan 18 xalq komissarı və rayon partiya komitəsi sədrinin hamısı həmin il güllələnmişdi (1, 777).  Xalq əkinçilik, maarif və ədliyyə komissarları (o zaman “nazirlər xalq komissarı” adlanırdılar) ilə birlikdə onların müavinləri və onların tabeliyində olan idarə işçilərinin çoxu da həlak olmuşdu (1, 777). Repressiyalar və ya təqiblər hakimiyyətdə olan Azərbaycan SSR Kommunist (bolşeviklər) Partiyası (bundan sonra Az.SSR K(b)P yazılacaq) rəhbərlərinin çox hissəsini də məhv etmiş, partiyanın orta sinfini ləğv etmişdi  (15, 36).

Repressiyalar Az. SSR K(b)P katibi (o zaman partiya katibi respublikanın rəhbəri idi)  M. C. Bağırov tərəfindən partiya və sovet işçilərinin idarəedici heyətini məhv etmək və onların yerinə öz yaxın və etibarlı adamlarını yerləşdirmək” məqsədi ilə həyata keçirilirdi (13, 572-576).

O zaman daxili işlər və dövlət təhlükəsizliyi vəzifələrini özündə cəmləşdirən Xalq Daxili İşlər Komissarlığı (bundan sonra XDİK yazılacaq) “az qala bütün Azərbaycan əhalisinin təbəqələrini əksinqilabçı fəaliyyətdə ittiham etmiş, onları ən çeşidli təşkilatların üzvləri sırasına daxil etmişdi. Keçmişdə çar hakimiyyəti ilə gizli qurumlarda mübarizə aparmış kommunistlər bir anda sovet hökumətinin düşmənləri elan edilmiş, partiya və sovet rəhbərləri bir-birini çeşidli əksinqilabçı təşkilatlara cəlb etmiş kimi göstərilmiş, qoca professorlar terrorçu təşkilatların vurucu qüvvəsinə; ermənilər müsavatçı, rus fəhlələri isə Azərbaycanda milli hakimiyyətin qurulması mübarizləri kimi təqdim edilmişdir. XDİK işçilərinin siyasi və mədəni nadanlığı məhbuslara qarşı ən ağlasığmaz ittihamların irəli sürülməsinə gətirib çıxardırdı. Örnək üçün, onlar keyfiyyətsiz kağızın buraxılmasında, araba təkərlərinin qəsdən yararsız hala gətirilməsində, Azərbaycanın Zaqafqaziya Sovet Federativ Respublikasından ayırmağa cəhdlədrə ittiham edilirdilər” (9, 151).

Azərbaycanda “Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı”

1938-ci ildə SSRİ-də ən şiddətli repressiyalar “Sovetlər əleyhinə sağ-trotskiçi blokunun” işi üzrə həyata keçirilmişdi. Bu iş üzrə Moskvada ən fəal kommunistlər olan Buxarin və Rıkov, eləcə də onların tərəfdarları tutularaq mühakimə edilmiş və güllələnmişdilər. Məhkəmə hesabatlarına görə onların məqsədi “sosialist ictimai və dövlət quruluşunun devrilməsi, SSRİ-də kapitalizmin bərpası, onun dağılması, Ukraynanın, Belarusun, Orta Asiya respublikalarının, Gürcüstanın, Ermənistanın, Azərbaycanın və Primorsk diyarının (Uzaq Şərqdə) vahid ölkənin tərkibindən çıxması idi” (4,  485).

Bu proses də bütün ölkədə yeni təqiblərə gətirib çıxartmışdır.  Hər yerdə Buxarin və Rıkovun dəstəsindən olan “sağ-trotskiçilər” axtarılıb həbs edilirdi. Azərbaycanda da bu iş üzrə çox şiddətli təqiblər olmuş, “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı” adlandırılan bir təşkilat aşkar edildi (12, 881-892). Bu təşkilatın başçıları kimi birdən birə beş SSRİ Ali Sovetinin (parlamentinin) 1-ci çağırış deputatları da göstərilirdi. Onlar 1899-cu ildə Bakının Qala kəndində anadan olmuş Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini Mənaf Xəlilov, 1902-ci ildə Bakıda anadan olmuş Az. SSR Xalq Daxili Ticarət komissarı İbrahim Əsədullayev, 1898-ci ildə Ermənistan SSR Akarat kəndində anadan olmuş Az. SSR Xalq Əkinçilik komissarı Əbülfət Məmmədov, 1906-cı ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Şuşa şəhərində anadan olmuş Az. SSR Xalq Yüngül Sənaye komissarı İskəndər Əliyev, 1899-cu ildə Rusiyanın Saratov vilayətində anadan olmuş SSRİ Xalq Rabitə Komissarlığının Az. SSR üzrə səlayiyyətlisi Yefim Rodionov, və 1906-cı ildə Rusiyanın Smolensk vilayətində anadan olmuş Az. SSR Xalq Təsərrüfatı Sovetinin katibi Boris Lyuborski-Novikov (təkcə o deputat olmamışdı) idi.

Bundan başqa, həmin iş üzrə daha bir SSRİ Ali Sovetinin deputatı, Az. SSR K(b)P Lenin (indiki Bakının Sabunçu) Rayon Komitəsinin katibi Nikolay Kulkov həbs edilmişdi.

Bu iş o qədər gurultulu, əhəmiyyətli və böyük idi ki, hətta 1937-38 ilin başqa repressiya işləri arasında fərqlənirdi. 4 may 1956-cı ildə keçirilən Mir Cəfər Bağırovunun və onunla əlbir olanların məhkəmə prosesində bu azərbaycanlı “sağ-trotskiçilərin” işi onlara qarşı ittihamların sırasında səsləndirilmiş, məhkəmə Hökmündə əks olunmuşdu (8).

İstintaq işi o zamanın Azərbaycan SSR rəhbərliyi tərəfindən o qədər kobud surətdə saxtalaşdırılmışdır ki, “ bu təşkilatın mövcudluğuna hətta məhbusları dindirən müstəntiqlər belə inanmırdılar. Bağırov, Rayev və Borşyov tərəfindən aparılan istintaq əsasən zorakılığın və işgəncələrin tətbiq olunması ilə getmiş, məhbuslardan və şahidlərdən bu vasitələrlə uydurulmuş ifadələr alınmış, sonra isə yeni təqsirsiz insanların tutulması davam etdirilmişdir” (13, 572-576).

Cinayət işinin 31 avqust 1940 il İttihamnaməsinin mətninə görə, bu təşkilat ona görə “ehtiyatda olan” adlandırılmışdır ki, guya ondan qabaq 1936-37-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş “əsas” təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar (5, 285).

SSRİ Ali Sovetinin deputatlarına qarşı ifşaedici materialların yığılması

Əldə olunmuş sənədlər bu cinayət işinin əvvəlcədən düşünülmüş şəkildə saxtalaşdırılması və sifariş edilməsi fikrinin irəli sürülməsinə imkan verir. Məsələ burasındadır ki, Az. SSR K(b)P Mərkəzi Komitəsinin (MK) sədri Mir Cəfər Bağırov K(b)P MK Sovet ticarəti şöbəsinin müdiri Brenerə “Ali Sovet deputatlığına irəli sürülmüş, ya da namizəd kimi qeydə alınan hər bir şəxs üçün (onlar haqqında rəy bildirmək üçün) xüsusi qovluq yaratmaq və onlar haqqında daxil olan bütün xəbərləri və imzasız (anonim) məktubları nömrələmək və sıralamaq” (11, 85) haqqında xüsusi əmr vermişdi. Bu əmrin verilməsi də ondan xəbər verir ki, bir çox deputatların həbsi qabaqcadan  ən yüksən partiya və dövlət səviyyələrində planlaşdırılmış və xüsusi siyahılara salınmışdı.

Brener 5 yanvar 1937 ildə M. C. Bağırova bəzi deputatlar haqqında ifşaedici məktubların daxil olması haqqında məlumat vermişdi. Onun təqdim etdiyi siyahıda ikinci nömrə ilə İskəndər Əliyevin adı keçməkdə idi. Məlumata əsasən, “Yoldaş Əliyev haqqında bildirilir ki, onun həyat yoldaşı (Pəri Həsənova) güllələnmiş müsavatçı Dadaş Həsənovun (Müsavatın 1923-26-cı illərdə gizli fəaliyyət göstərmiş təşkilatının sədri) bacısıdır. Onun başqa qohumu olan 65 yaşlı Həmid Paşa oğlu isə XDİK tərəfindən bu yaxınlarda tutulmuşdur. Yoldaş Əliyev təsdiq etmişdir ki, onun anasının ögəy qardaşı doğrudan da tutulmuşdur, ancaq onunla onun uzun illər boyu heç bir əlaqəsi olmamışdır. Yoldaş Əliyev həm də təsdiq etmişdir ki, onun həyat yoldaşının qardaşı 1926-cı ildə sürgün edilmişdir. Onun sonrakı aqibəti ona məlum deyil” (11, 59-60).

Bundan qabaq  İ. Əliyev qısa zamanda fəhlədən xalq komissarı vəzifəsinə qədər yüksələ bilmişdi. Əvvəlcə Gəncə dəmiryolu deposunda fəhlə və çilingər, sonra həmkarlar fəalı olmuşdu. 1932-ci ildə Bakıya köçəndən sonra Ali Xalq Təsərrüfatı Sovetində təlimatçı, əmək ixtiraçılığı mərkəzi bürosunun sədri, istehsalat texniki təbliğat sektorunun rəisi vəzifələrində çalışmış; 1933-cü ildə Ümümittifaq Dövlət Pambıq Satışı İdarəsinin (Soyuzxlopkosbıt) Azərbaycan şöbəsinin müdiri, 11 avqust 1937-ci ildə Azərbaycan SSR xalq yüngül sənaye komissarı müavini, 2 noyabr1937 ildə isə xalq yüngül sənaye komissarı vəzifələrinə təyin olunmuşdu. 1937-cı ilin sonunda SSRİ Ali Sovetinin I çağırış deputatı (millətlər palatası) seçilib. Təhsili orta idi: 1932 ildə Bakı Neft Fəhlə fakültəsini, 1933-34-cü illərdə isə Moskvada yüngül sənaye nazirliyinin rəhbər işçilərinin ixtisasartırma kurslarını bitirmişdi. 1928-ci ildən Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının üzvü idi.

Iskender Aliyev SSRI Ali Sovet deputatlari ile, yanvar 1938

İskəndər Əliyev SSRİ Ali Sovetinin deputatları ilə (1938)

Bundan başqa Brenerin hesabatında öncə adı çəkilmiş Kulkov da var idi. Onun haqqında “bir neçə xəbər daxil olmuşdur. Bu xəbərlərə görə, Kulkov yoldaş Belenkiy, Bondarenko, Rusavski, Prozumentik kimi hazırda ifşa olunmuş xalq düşmənləri ilə dostluq etmiş, Şaumyan (indiki Bakının Xətai) rayonunda əksinqilabçı ünsürləri himayə etmiş, Stalin adına zavodun partiya komitəsinin katibi olanda xalq düşmənləri haqqında xəbərlər verənləri təqib etmişdi. Həm də o, (bolşeviklərə qarşı vuruşan) Ağ hərəkatın tərəfdarı olaraq, Qızıl Orduda xidmət etmiş öz qardaşını öldürmüşdü. Ancaq təşkil edilmiş yoxlamalar zamanı bütün bu xəbərlər təsdiq edilməmişdir” (11, 64).

Brenerin hesabatından görünür ki, o həm Əliyevi həm də Kulkovu bacardığı qədər təmizə çıxartmaq istəyirdi. Ancaq sonra onun özü də bu iş üzrə həbs edilmişdi.

Mənaf Xəlilovun da əleyhinə işləyən amil ondan ibarət idi ki, o 1919-cu ildə müsavatçılarla əməkdaşlıq etmişdi. Bu barədə də yüksək dairələrə məlumatı çatdırmışdılar. Hətta bu amil gələcəkdə onun məhkəmə hökmündə də xatırlanmışdı (5, с. 6, 187).

Həbslər və istintaqın gedişi

Hadisələr 1938-ci ilin may ayının sonunda XDİK-ə bir yüngül sənaye komissarlığının müəssisə işçisinin ifadəsindən sonra başlamışdı. Onun hansı səbəblər üzündən bunu etməsi bilinmir. İ. Əliyev öz izahatında qeyd etmişdi ki, o adam və ona qarşı ilk ifadələr verən digər iki nəfər şəxs onu şəxsi münasibətlər üzündən şərləmişdilər. Ancaq ola da bilər ki, XDİK yuxarıların sifarişini yerinə yetirərək bu adamları belə ifadə verməyə məcbur etmişdi.

Həmin adamın ifadəsinə görə, yüngül sənaye sistemində İskəndər Əliyevin başçılıq etdiyi əksinqilabçı təşkilat fəaliyyət göstərirdi (5, c.4, İ. Əliyevin izahatı, 276). Güya Əliyev, bir yaxın adamına müəssisələrdə ziyanverici işlərin görülməsini tapşırmışdı.

Bundan sonra, həmin o “yaxın adam” da həbs olunaraq özünün xalq komissarı İ. Əliyevin başçılıq etdiyi yüngül sənaye sistemində fəaliyyət göstərən əksinqilabçı təşkilatın üzvü olduğu haqqında etirafedici ifadə vermişdir (5, c. 4, 29.05.1938 dindirilmə protokolu).

Onun ifadəsinə görə, öncə bir əksinqilabçı təşkilat olmuşdu, ancaq onu XDİK darmadağın edəndən sonra, onun azadlıqda qalmış fəalları “əksinqilabçı milliyyətçi təşkilatın” yeni mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etdilər. 1938-ci ilin yanvar ayında onlar Kirovabad (indiki Gəncə) şəhərində yerli yüngül sənaye müəssisəsində çalışan Balabəy Bağırovun evində toplantı keçirərək elan edirlər ki, Bakıda təşkilatın İ. Əliyevin başçılığı ilə yeni mərkəzi yaradılmış və onun tərkibində daha bir neçə şəxs vardır. Ona görə də Kirovabadda onlar öz tərəfdarlarını yığmaq üçün İ. Əliyevin tapşırığını yerinə yetirməlidirlər. Əliyevin özü isə SSRİ Ali Sovetinə seçkilərlə bağlı Nuxaya (indiki Şəki şəhəri) gedib oradan Kirovabada gəlməlidir.

Bu iki nəfərdən başqa daha bir yüngül sənaye işçisi XDİK-ə bunlara bənzər ifadələr vermişdir.

Bu ifadələr kifayət etmişdir ki, Az. SSR XDİK Dövlət Təhlükəsizlik idarəsinin 3-cü şöbəsinin müdiri kapitan Meşeryakov İ. Əliyevin həbsinə dair 1 iyun 1938 il tarixində həbs qərarı vermişdir.

--skender Aliyev-mehbus- 1938-1941

Cinayət işinin materiallarına görə, İ. Əliyev 2 iyun 1938 il tarixində keçirilən ilk dindirilmədə təqsirli olduğunu boynuna almışdır (5, c.4, 02.06.1938 tarixli İ. Əliyevin dindirilmə protokolu). Ancaq bu etiraf çox şübhəlidir, çünki məntiqlə bu kimi ittihamlar ilk olaraq təqsirli bilinən tərəfindən rədd edilməli idi. Ona görə də, çox güman ki, dərhal edilən bu etiraf  müstəntiqlər tərəfindən saxtalaşdırılmış da ola bilərdi. Bunu İ. Əliyevin 1956 ilin aprelində M. C. Bağırov və onunla əlbir olanların üzərində məhkəmə prosesində verdiyi şahid ifadəsi də təsdiq edir. Orada o, zərərçəkmiş qismində çıxış edərək demişdir ki, tutulandan sonra hələ bir neçə gün özünü təqsirli bilməmişdi. Yalnız ona qarşı işgəncələr və zorakılıq tətbiq edildikdən sonra o özünü təqsirli saymağa məcbur olmuşdur (16, 123-124).

Bu arada İ. Əliyevə qarşı ifadə vermiş ikinci şəxs Az. SSR XDİK Dövlət Təhlükəsizlik idarəsinin 7-cü şöbəsinin əməkdaşı kiçik leytenant Babenkoya ifadə verərkən bildirmişdi ki, İ. Əliyev ona yüngül sənaye sistemində çalışan daha iki şəxsin təşkilata cəlb edilməsinə dair tapşırıq vermişdir. O da, cəlbetməni uğurla həyata keçirərək bu barədə İ. Əliyevə məlumat vermişdir (5, c. 14.07. 1938 tarixli dindirilmə protokolu). Bundan da sonra o adam, istintaqa İ. Əliyevin terror aktları hazırladığı haqqında ifadələr vermişdi. Onun sözlərinə görə, Əliyev bu məqsədlə elektrik stansiyaları ilə əlaqəli olan bir rus elektrikini cəlb etmişdir ki, o mənsub olduğu milliyətinə görə heç kəsi şübhələndirməyərək təxribatlar törətsin (5, c. 4, 14.07. 1938 tarixli dindirilmə protokolu).

Bu zaman İ. Əliyev özü də “etiraf” etməyə başlayır ki, o gizli təşkilata öncə həbs olunmuş keçmiş xalq yüngül sənaye komissarı Seyfulla İbrahimov tərəfindən 1933-cü ildə cəlb olunmuşdur (5, c.4, 04.06.1938 tarixli İ. Əliyevin dindirilmə protokolu). Bundan sonra İbrahimov Əliyevi irəli çəkməyə başlayaraq, onu Ümümittifaq Dövlət Pambıq Satışı İdarəsinin (Soyuzxlopkosbıt) Azərbaycan şöbəsinin müdiri təyin etmişdi. İbrahimov tutulandan sonra da Əliyev guya onun “əksinqilabçı” işini davam etdirmişdir.

Daha sonra İ. Əliyev “etiraflarını” davam etdirərək Kirovabadda təşkilatın Balabəy Bağırovun başçılıq etdiyi özəyinin olduğu haqqında xəbər vermişdi (5, c. 4, 02.06.1938 tarixli İ. Əliyevin dindirilmə protokolu). “Təşkilatın” başqa həbs edilmiş üzvləri bu etiraflara əlavə edərək İ. Əliyevin Nuxada da təşkilatın özəyinin yaratması haqqında istintaqa xəbər vermişlər.

İ. Əliyevin sonrakı ifadələrinə görə “milliyyətçi əksinqilabçı təşkilatın” üzvləri azərbaycanlıların ölkədə sıxışdırıldıqlarına və məsul vəzifələrə başqa millətlərdən olan adamların təyin olunmalarına görə narazı idilər (5, c. 4, 19-21.06.1938 tarixli dindirilmə protokolları).

Yüngül sənayedə məsul vəzifədə çalışan daha bir şəxsin verdiyi məlumata əsasən, onların “təşkilat” başçısı İ. Əliyev əhalini sovet hökumətinə qarşı qaldırmaq üçün iqtisadi sabotaja da əl atmışdı. Belə ki o, keyfiyyətsiz malların buraxılması məqsədi ilə müəssisələrdə qəsdən yeni avadanlığın yerləşdirilməsini gecikdirirdi (5, c. 4, 01.08.1938 tarixli dindirilmə protokolu). Bundan öncə isə həmin şəxs iddia etmişdi ki, İ. Əliyev təşkilatı yaradanda onun məqsədi Azərbaycanı SSRİ tərkibindən çıxarmaq olmuşdur. Onun dediklərinə görə, İ. Əliyev həmçinin başqa millətlərin üstünlüyü şəraitində azərbaycanlıları öz hüquqlarını qorumaq üçün birliyə çağırırdı (5, c. 4, 10.06.1938 tarixli dindirilmə protokolu).

Getdikcə yeni-yeni xəbərlər çoxalmaqda idi. İ. Əliyev “etiraf” edir ki, 1938-ci ilin yanvar ayının 12-17-də SSRİ Ali Sovetinin birinci toplantısında Moskvada olduğu zaman o, qaldığı “Moskva” mehmanxanasında Azərbaycandan olan digər deputatlarla: Mənaf  Xəlilovla, Əbülfət Məmmədovla və İbrahim Əsədullayevlə görüş geçirib. Bu görüşdə onlar sovet hökumətinə qarşı olduqları haqqında etiraflar etmiş və orada gizli təşkilat yaratmışlar (5, c. 4, 11.06.1938 tarixli İ. Əliyevin dindirilmə protokolu).

Bir qədər sonra buna bənzər “etirafları” Moskva görüşünün başqa iştirakçıları olan Məmmədov (5, c.4, 16.06.1938 tarixli dindirilmə protokolu) və Xəlilov (5, c.4, 17.07.1938 tarixli dindirilmə protokolu) da edirlər. İ. Əsədullayev isə bunlara əlavə edərək bildirir ki, orada görüş iştirakçıları həm də Moskva sağ-trotskiçilərlə əlaqələr qurmaq qərarına gəlmişdilər. Eləcə də o, “təşkilat” üzvlərinin dövlətə qarşı cinayətdə ittiham olunan keçmiş Ukrayna K(b)P MK katibi Kosiorla görüşdükləri haqqında məlumat vermişdi (5, c. 4, 286). “Mehmanxana” görüşündə iştirakçılar  Brener və Kulkov kimi “sağçı-trotskiçilərlə” əlaqə qurmağı qərara alırlar (5, c. 4, 286).

Beləliklə, İ. Əliyevin başçılıq etdiyi yüngül sənaye “təşkilatı” Moskva görüşündə yaradılan daha böyük “qurumun” tərkibinə daxil edilir. Sonra isə məhbuslar istintaqa daha iki nəfər “təşkilat” üzvünün adını verirlər. Bunlar  K(b)P MK məsul işçisi Kvyatkovski və Lenin rayonu K(b)P RK 2-ci katibi Məmmədov idi. Mənaf Xəlilov isə bundan başqa “etiraf” edir ki, onun başçılıq etdiyi “əksinqilabçı təşkilat” hələ 1936-cı ildən fəaliyyət göstərir (5, c. 4, 09.07.1938 tarixli dindirilmə protokolu)

“Milliyyətçi” və “sağçı-trotskiçilər” birləşməsinin məqsəd və vəzifələri

Məhbusların dindirilmə protokollarında (5, c. 4, Ə. Məmmədovun 01-03.07.1938 tarixli dindirilmə protokolları) və onların işi üzrə 17 sentyabr 1939 il tarixli İttihamnaməsində (5, c.4, 248) “Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” məqsəd və vəzifələri aşağıdakı müddəalardan ibarət idi:

  1. Azərbaycanın SSRİ tərkibindən çıxması üçün silahlı üsyanın hazırlanması;
  2. Azərbaycan K(b)P rəhbərliyinə qarşı terror əməliyyatlarının keçililməsi;
  3. SSRİ ilə düşmənçilik edən ölkələrlə əlaqələrin qurulması;
  4. Dünya faşizminin SSRİ-yə qarşı hücumunun dəstəklənməsi;
  5. SSRİ-nin dağılmasından sonra hakimiyyətə gəlmək üçün paralel hökumətin yaradılması;

6.Əhalinin mərkəzi hakimiyyətə qarşı inamsızlığının yaradılması üçün Azərbaycanda iqtisadi sabotaj və ziyankarlığın həyata keçirilməsi;

  1. Sovet hökumətinə qarşı əhali arasında təbliğatın aparılması;
  2. Sovetlər əleyhinə hərəkata yeni üzvlərin cəlb edilməsi.

Daha sonra istintaq “aşkar” etmişdir ki, bu təşkilat Özbəkistanda, Ukraynada və SSRİ-nin başqa respublikalarında əksinqilabçı təşkilatlarla əlaqələr qurmuş, eləcə də İranın Bakıdakı konsulluğu vasitəsi ilə o ölkənin kəşfiyyatının xeyrinə işlər görmüşdür.

Dindirilmələr zamanı A. Məmmədov (ondan öncə İ. Əliyev kimi) etiraf etmişdir ki, onların hamısı azərbaycanlıların öz toppaqlarının sahibi olmadıqlarına, onların hüquqlarının pozulması və ölkədə başqa millətlərin öndə olmasına görə narazılıqlarını bildirmişlər.

Bu etiraflara İ. Əsədullayev “əlavələr” edərək bildirmişdi ki, onlarla əlaqədə olan “sağ-trotskiçilər” (məsələn məsul partiya işçiləri olan Ostaşko və Kvyatkovski) sovet hökumətinin dağılmasından sonra SSRİ-də, o cümlədən Azərbaycanda, milli dövlətlərin qurulmasının vacibliyi ilə razılaşırdılar.

Həmçinin, dindirilmələrin birində İ. Əsədullayev də Moskvanın “Moskva” mehmanxanasında 1938 ilin yanvarında onun Xəlilov, Əliyev və Məmmədovla görüşü olduğunu təsdiq etmişdi. Onun sözlərinə görə, orada onlar “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” vahid mərkəzinin yaradılması, Moskvada və digər yerlərdə sovetlərə qarşı olan başqa qruplarla (məsələn SSRİ Ali Sovetinin sədr müavini Petrovski və Kosiorla) əlaqə qurmaq məqsədini güdürdülər. İştirakçılar sovet hökumətinə qarşı mübarizənin gücləndirilməsi üçün bütün təşkilatların vahid mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etmişdilər. Bu mərkəzin tərkibinə həmin “mehmanxana” görüşünün bütün iştirakçıları daxil olmuşdular.

Bundan sonra istintaq “təşkilat” başçılarının ifadələrinin əsasında onların əlaqə yaratdıqları “sağ-trotskiçilərin” şəxsiyyətləri barəsində məlumat əldə etmişdir. Bunlar Brener, Rodionov, Ostaşko, Yefim Smorqonski (Azərittifaq sədri), Xantsev (Bakının K(b)P Koqanoviç RK katibi), Sarumov Muşeq (Bakı Sovetinin sədr müavini) idilər. Bundan sonra İ. Əliyev çıxış edərək söyləmişdi ki, onun tərəfindən artıq  Moskvada SSRİ Yüngül sənaye sistemindəki əksinqilabçı və sağ-trotskiçi təşkilatlarla əlaqələr qurulub.

Rəsmi dindirilmə protokollarında məhbuslara edilən basqıların əlamətləri

İstintaq işində çox sayda bir-birinə zidd olan dindirilmələr və iddialar vardır. Məsələn İ. Əliyevin azərbaycan milliyyətçisi kimi göstərilməsinə baxmayaraq, bu iş üzrə keçən “sağ-tsotskiçilər” İvan Levkopulo (Az.SSR K(b)P BK sənaye şöbəsinin müdiri) (5, c. 4, 07.06.1938 tarixli dindirilmə protokolu) və Raymond-Roman Kvyatkovski (rəhbər partiya işçiləri şöbəsini müdiri) onu sağ-trotskiçi adlandırmışdılar.

Bundan başqa məhbusların da ifadələrində çoxlu sayda ziddiyətlərlər görmək olar. Məsələn, İ. Əliyevə qarşı ilk ifadələr verən yüngül sənaye müəssisəsinin işçisi, öz başqa həmkarı ilə üzləşmə zamanı gözlənilmədən Əliyevin “əksinqilabçı təşkilatın” üzvü olmasını inkar etmişdi. Ancaq sonra İ. Əliyevin özü ilə üzləşmədə yenidən onun əksinqilabçı olduğunu söyləmişdi (5, c. 4, 13.07.1938 tarixli dindirilmə protokolu). Buna baxmayaraq, bu kimi hallar müstəntiqlər tərəfindən nəzərə alınmırdı. Çünki onların məqsədi bu iş yuxarılardan sifariş edilmişdiyindən məhbusları nəyin bahasına olursa olsun ittiham etmək idi.

Məhbuslara təziqlərin edilməsi halları elə rəsmi dindirilmə protokollarında öz əksini tapmışdır. Belə ki, dindirilmə zamanı onlara təhdidedici şəkildə öz ifadələrini tamamlamaq və başqa adamların adlarını vermək tələbi irəli sürülürdü. Məhbuslar isə cavablarında hər dəfə bu tələbə tabe olaraq deyirdilər ki, keçən dindirilmədə kimlərinsə adını gizlətmiş, indi isə onların adını çəkmək qərarına gəlmişlər. Məsələn dindirilmələrin birində müstəntiq məhbusa “Siz keçən dəfə sizə məlum olan təşkilat üzvlərinin adlarını çəkməmişdiniz. İstintaq onların adlarının çəkilməsini sizdən tələb edir” sözləri ilə müraciət edir. Məhbus da təqsirkarcasına cavab verir ki, doğrudan da keçən dəfə filan kəslərin adlarını çəkməmişdir. Ya da müstəntiq “biz artıq əksinqilabçıların adlarını bilirik. İndi də onların adlarını gizlədib istintaqı aldatmaq fikrindəsiniz?” sualını verir. Cavabında məhbus yenə “etiraf”edir ki, həqiqətən də kimisə gizlətmişdir, indi isə açıqlamaq istəyir.  

Bu kimi sual-cavablara istintaq işinin hər yerində rast gəlmək olar. Belə dindirilmələrdən sonra məhbuslar yeni adlar çəkərək kimisə gizlətdiklərini “etiraf” edirdilər. Aydındır ki, onlar fiziki işgəncələrə məruz qalıb istintaq tərəfindən onlardan tələb olunan insanların adlarını çəkirdilər. Sonra həmin adları çəkilən şəxslər həbs olduqdan sonra eyni sual-cavablardan keçərək öz növbəsində yeni adlar verirdilər. Beləcə məhbusların sayı getdikcə artırdı. Eyni zamanda, dindirilmə protokollarından məhbuslara həm də mənəvi təzyiqlərin edildiyini də hiss etmək olar.

Məhbuslara qarşı fiziki zorakılıq və işgəncələr

 Az. SSR XDİK əməkdaşı Şneyder siyasi işlər üzrə tutulanların hansı şəraitdə başqalarına və özlərinə qarşı ifadələr verməyə məcbur olunduqlarını belə təsvir etmişdir: “Mən ətraflı olaraq (SSRİ XDİ komissarı) Yejovun qabağına (bunu izah etmək üçün onun yanına getmişdim) gurultulu işlərin necə hazırlanması haqqında çoxlu sayda faktlar qoymuşdum. Ona bildirmişdim ki, müstəntiqlər dindirilmə zamanı məhbuslara işgəncələr verərək özlərinin göstərdiyi vəzifəli şəxslərin adlarının çəkilməsini təmin edirdilər. Bu adlar da sonradan protokollara əksinqilabçı təşkilatın üzvləri kimi yazılır. Ona həmçinin bildirdim ki, istintaq məhbusların qabağına əvvəlcədən hazırlanmış siyahıları qoyur və onları döyərək orada çəkilən adları təsdiq etməyi tələb edir. Onlardan soruşurdular ki, bu adlardan kimlər əksinqilabçı təşkilatın üzvüdür? Məhbuslar da müstəntiqlər göstərdikləri adamların adlarını çəkirlər. Daha sonra məhbuslar onların ifadə vermədikləri, amma əvvəlcədən hazırlanmış və orada “təşkilatın yeni üzvlərinin”  adları çəkilmiş dindirilmə protokollarına döyülərək imza atmağa məcbur edilirlər. Üzləşmələrdən öncə məhbus döyülərək üzləşdirildiyi adama istintaqın göstərdiyi adları çəkməyi məcbur edilirdi. Həmin adam bunu inkar edirdisə, o protokollar qeydə alınmırdı (7, 428-431).

SSRİ baş prokuroru R. A. Rudenkonun 15. 03. 1954 il tarixli Sovet ittifağı Kommunist partiyasının prezidiumuna məktubunda belə yazı keçməkdə idi: “Bağırov 1937-1938 illər ərzində əslində xüsusi xidmət orqanlarına başçılıq etmiş, onlardan məhbusları döyərək cinayət işlərinin saxtalaşdırılması, ona sərf etməyənlərin aradan götürülməsi, vicdanlı partiya və sovet işçilərinin məhv edilməsi üçün istifadə edirdi” (7, 428-431).

“Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” işində isə işgəncələrin necə tətbiq edilməsi haqqında İskəndər Əliyev, M. C. Bağırovun və onunla əlbir olanlar üzərində 1956-cı ilin aprel ayında keçirilən məhkəmə prosesində öz ifadəsində demişdi ki, “onu rezin dəyənəklə döyürdülər, diz üstündə şüşə qırıntıları üzərinə çökdürürdülər. Həbs olunandan dörd gün sonra onu həmin vaxt M. C. Bağırovun da olduğu xalq daxili işlər komissarının kabinetinə gətirlər. Bağırov ağır söyüşlər söyərək Əliyevdən onun nə üçün “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” üzvü olduğunu etiraf etmədiyinin səbəbini soruşur. İ.Əliyev və bu işlə bağlı başqa məhbuslar məhz bu “təşkilatın” üzvü kimi XDİK tərəfindən təqsirli bilinirdilər. İ. Əliyevin dediklərinə görə, o özünü təqsirli bilmədiyi üçün Bağırov əmr etmişdi ki, ona yuxudan məhrum etsinlər. Keçmiş Az. SSR xalq daxili işlər komissarı müavini Borşov isə həmin məhkəmədə təsdiq etmişdir ki, Əliyevi, Xəlilovu, Məmmədovu və başqalarını doğrudan da döyürdürər (16, 123-124).

İ. Əliyev istintaqa 20 avqust 1940 il tarixli İzahatında ona işgəncələr verdiyi adamların sırasında XDİK müstəntiqləri Babenko və Meşeryakovu göstərmişdi (5, c.4, 279).

Məhbusların öz ifadələrindən imtina etməsi

“1938-ci ilin avqust-sentyabr aylarında XDİK-də dəyişikliklər dövrü başlayır. Artıq zaman repressiyaların şiddəti bir qədər zəyifləyir… 1938-ci ilin dekabrında isə işlərin qısa yenidənbaxılma dövrü başlanır” (17). Ola bilsin ki, bu zaman “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” işi üzrə keçən məhbuslara basqıların şiddəti azalmağa başlamışdı. Çünki məhz o zaman onlar öz verdiyi keçmiş ifadə və “etiraflardan” imtina etməyə başlayırlar. Həm də o zaman artıq Az. SSR XDİK rəhbərliyi dəyişmişdi.

14 sentyabr 1939 il tarixli dindirilməsi zamanı İ. Əliyev iddia edir ki, onun bundan öncə verdiyi ifadələri saxta və uydurulmuşdur; onları o güclü fiziki və mənəvi işgəncələrə məruz qoyularaq verməyə məcbur edilmiş və buna görə də onlardan imtina edir. Bu zaman onu dindirən müstəntiq Əliyevin yadına salır ki, ona qarşı ittihamlar təkcə onun erirafları üzərində deyil, həm də başqa adamların ifadələri, eləcə də digər materiallarla sübuta yetirilib. Ancaq Əliyev buna “istintaqın mənə qarşı əldə etdiyi dəlillərin hamısı böhtanlar üzərində qurulub (ona qarşı ifadələr verən ilk üç nəfər yüngül sənaye işçilərinin ifadələri nəzərdə tutulur)” deyərək cavab verir  və həmin adamlar onu şəxsi münasibətlər üzündən şərləyiblər (5, c.4, 240). Çünki o xalq komissarı olanda onları dələduzluğa və işin pozulmasına görə məsuliyyətə cəlb etmək istəmişdi.

Əliyevin bu kimi iddiası həqiqətə uyğun ola bilər. Çünki o zaman şəxsi münasibətlər səbəbi ilə XDİK-ə saxta ərizələr və ifadələr verməklə istənilən şəxsi şərləmək adi hala çevrilmişdi (1, 782). Bir sözlə kim kimdən qisas almaq istəyirdisə bu üsula əl atırdı. XDİK-ə isə bu kimi saxta materiallar istintaq işlərini yeni “faktlarla” zənginləşdirmək, məhbusların təqsirlərini “sübuta” yetirmək, təqibləri davam etmək üçün lazım idi.

Bundan sonra İ. Əliyevi dindirən müstəntiq Avanesov ona “Sizə qarşı ifadə verənlərin arasında sizinlə ədavətdə olmayanlar da var idi. Bəs bunu nə ilə izah edəcəksiniz?” sualını verir. Buna Əliyev “Onların mənə qarşı ifadə vermələrinin səbəbləri mənə məlum deyil” cavabını verir (5, c.4, 239-246).

9 iyun 1940 il tarixli dindirilməsi zamanı İ. Əliyev yenə keçmiş ifadələrindən imtina edərək deyir: “Mən özümü və başqalarını işgəncələr altında təqsirli bilmişəm… Adlarını verdiyim adamların siyahısını mənə müstəntiqlər verirdilər və onlar hər üzləşmədən qabaq mənə təzyiqlər edirdilər. Müstəntiqlər məni çağırıb istintaqa lazım olan ifadənin verilməsi haqqında xəbərdar edirdilər” (5, c.4, 261).

17 sentyabr 1939 il tarixli Yekun İttihamnaməsində deyilir ki, İ. Əliyevdən başqa M. Xəlilov, A. Məmmədov, İ. Əsədullayev də öz əvvəlki etirafedici ifadələrindən imtina edirlər. Buna görə də onların işi XDİK yanında xüsusi Müşavirədə həll edilməlidir (5, c.4, 250).

Ancaq məhbusların bu ifadə və ərizələri istintaq tərəfindən rədd edilir. 3 avqust 1940 il tarixli yeni Yekun İttihamnaməsində yazılmışdır: “Hesab edirik ki, məhbusların öz keçmiş ifadələrindən imtina etmələri əsassızdır və onlar tərəfindən cinayət işləri üzrə istintaq orqanlarını çaşdırmaq və aldatmaq məqsədini güdür” (5, c. 4, 288). Bu azmış kimi, istintaq məhbusları Sovet hökuməti və ÜK(b)P rəhbərlərinə qarşı terror aktları hazırlayan təşkilatın başçıları adlandırmışdır. (5, 8 avqust 1940-cı  il tarixli qərar, c. 4, 269).

İstintaq materiallarından görünür ki, bundan sonra məhbuslar yeni basqılarla üzləşirlər. 2 iyul 1940-cı il tarixli dindirilmədə Dövlət Təhlükəsizliyi müstəntiqi Qnezdov İ. Əliyevi terrorizmdə ittiham edir. Onun iddiasına görə guya Əliyev Az. SSR Ali partiya və dövlət rəhbərliyini öldürmək planını həyata keçirtmək istəyibmiş (5, c.4, 264). Ancaq Əliyev həmin dindirmədə bu ittihamları qətiyyətlə rədd edir. Buna görə düşünmək olar ki, keçmiş dindirilmələrdən fərqli olaraq, o zaman ona qarşı işgəncələr tətbiq edilməmiş, ya da basqılar o qədər də şiddətli olmamışdır. Ancaq, nəticə olaraq bu amil ona, nə də başqa məhbuslara heç bir xeyir verməmişdi.

Xalq təsərrüfatına ziyanvermə ittihamları

İstintaq materiallarından məlum olur ki, 1939-cu ildə məhbusların  keçmiş ifadələrindən imtina etməsindən sonra ittiham tərəfinin mövqeyi xeyli zəyifləyir, cinayət işi isə dağılmaq üzrə olur. Həmin il “məhkəmədə baxılması çətinliklər törədər” tərifi ilə iş SSRİ XDİK nəzdində Xüsusi Şuraya göndərilir. (5, 20 sentyabr 1939-cu il tarixli istintaqın yekun Qərarı, 251). İş o yerinə çatır ki, 24 aprel 1941 il qərarı ilə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası İ. Əliyevə və bu iş üzrə ittiham olunan başqa məhbuslara qarşı irəli sürülən ittihamları tam olaraq sübuta yetirilməmiş hesab edib, cinayət işini əlavə istintaqın aparılması üçün Az. SSR XDİK-ə geri qaytarır. Ancaq XDİK bu işi bağlayıb məhbuslara bəraət qazandıra bilməzdi, çünki bu məsələ, təkcə Az. SSR rəhbərliyi deyil, həm də Kreml tərəfindən sifariş edilmişdi. Bunu deməyə istintaq işinə tikilmiş aşağıdakı sənəd də (sentyabr 1940-cı il) əsas verməkdədir: “Xalq Daxili İşlər 1-ci rütbə komissarı yoldaş Beriyanın şəxsi sərəncamı ilə 4 nəfərin (Xəlilov, Məmmədəv, Əsədullayev, Əliyev) 25910 №-li istintaq işini SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına yollayırıq” (5, c.4, 297).

Buna görə, vəziyyəti düzəltmək üçün məhbuslara qarşı bundan sonrakı ittihamlar əsasən xalq təsərrüfatında “ziyanvericilik” və “düşünülmüş sabotaj” adı altında davam edir. Bu maddələr üzrə ittihamın irəli sürülməsi isə nisbətən asan iş idi, çünki ittiham olunanların dördü də rəhbər vəzifələrdə işləmişdilər. Müəssisələrdə isə ən bacarıqlı rəhbərlik olsa belə, hansısa çatışmazlıqların olması təbiidir. Bu istintaq işində isə hansısa çatışmazlıqları sifarişlə aşkar etmək və onlara siyasi don geydirmək məqsəd qoyulmuşdu. Bu məqsədlə də, sözügedən məhbusların keçmişdə rəhbərlik etdikləri müəssisələrə yoxlama heyətləri göndərilir Onlar da Sovet hökumətinə qarşı “düşünülmüş sabotaj və ziyanvericilik” faktlarını aşkarlayıb istintaqa təqdim etməli idilər və bunu da edirlər. Onların “işi” nəticəsində məhbusları ittiham edən yeni Aktlar tərtib edilir. Bu Aktların əsasında həmin 4 nəfər məhbusa (Xəlilova, Məmmədova, Əliyevə və Əsədullayevə) yeni ittihamlar irəli sürülür və dindirilmələr təşkil edilir. Məsələn İ. Əliyevə “ziyanvericilik” ittihamı 1941-ci ilin may ayında rəsmən irəli sürülür (5, c.4, 382).

Məhbusların işi üzrə 30 avqust 1941 il tarixli Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalının səyyar iclasının yekun məhkəmə Hökmünün mətni əsasən bu kimi iqtisadi ittihamların üzərində qurulmuşdu.

İ. Əliyevə qarşı yeni ittiham onun üzərində qurulur ki, “əksinqilabçı təşkilatın rəhbəri olaraq o, 1938-ci ildə bilərəkdən tekstil mallarının buraxılışı üzrə planının yerinə yetirilməsinə maneçilik törətmişdir. Bundan başqa o istehsalatda fəhlə qüvvəsinin səmərəli istifadə etməməkdə, zay məhsul istehsalında və malların keyfiyyət dərəcələrinin aşağı salınmasında ittiham edilmişdi (5, c. 6, 187).

Ə. Məmmədova qarşı ittihama görə o, xalq əkinçilik komissarı olduğu zaman Az. SSR traktor parkını dağıtdığına görə, Az. SSR kənd təsəffüfatı 1938-ci ilin planını yerinə yetirməmişdi. O həm də “vaxtında kənd təsərrüfatı obyektlərini toxumlarla təmin etmədiyinə görə, 1938 ilin əkin planı yerinə yetirilməmişdi” (5, c. 6, 187).

İ. Əsədullayev isə xalq daxili ticarət komissarı olan dövrdə “1937-38 illərdə Az. SSR dağlıq rayonlarına kifayət qədər yeyinti mallarının gətirilməsini təmin etməmişdi. Onun təqsiri üzündən, bəzi rayonlara bu mallar (məsələn qənd) həddən çox gətirilmiş, başqalarına isə heç gətirilməmişdi. Həmçinin o, ticarət obyektlərində talama və israfetmə halları ilə yetərli mübarizə aparmamışdı. Bunun nəticəsində təkcə 1937-ci ilin IV  və 1938-ci ilin I kvartallarında mənimsəmə, talama və əskikliklərin sayı 15 million manata çatmışdı (5, c. 6, 187).

  1. Rodionovun ittihamı onun üzərində qurulmuşdur ki, M. Xəlilovla sövdələşməyə girərək o, rabitə işçisi olaraq10 hərbi obyektin vaxtında istifadəyə verilməsinin qarşısını almışdı (5, c. 6, 187).

Məhbuslar bütün bu yeni ittihamları rədd edirdilər. Məsələn İ. Əliyev 14 may 1941 il tarixli dindirilməsi zamanı tabeçiliyində olan müəssisələrdə bu və ya da digər problemlərin yaranmasını sabotaj və ziyanvericiliklə deyil, başqa obyektiv səbəblərlə izah edir, bir çox iqtisadi ittihamları isə rədd edirdi. (5, c.4, 362-367)

İstintaqın sonu və məhkəmə Qərarı

“Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatın” işi Stalin “üçlükləri” tərəfindən mühakimə edilməmiş, onun iştirakçıları isə “Stalin siyahılarına” salınmamışların sırasında olan işlərdən olmuşdur. Bunun səbəbinin deputat toxunulmazlığı ya da məhbusların xüsusi rütbəyə malik olması ilə izah etmək düzgün olmazdı. Çünki “SSRİ Ali Sovetinə seçilmiş deputatların  yarısı repressiyalara uğramış, güllələnmiş ya da QULAQ-lara sürgün edilmiş və onların deputat toxunulmazlığı məsələsini də heç kəs dilə gətirməmişdi” (2).

Buna baxmayaraq, sözü keçən işdə bəlkə də hansısa mənada deputatların xüsusi statusu məsələsinə qismən də olsa riayət olunmuşdu. Çünki işin içində belə bir sənəd də vardır: “İ. Əliyevin Az. SSR CM 64 və 73maddələri üzrə (iş № 22737) istintaqın uzanmasına görə onun 2 ay müddətinə həbsini (1938-ci ilin 6 oktyabrına qədər) təmin etmək üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılsın” (5, c.4, 7). Bəlkə də məhbusların deputat olduqlarına görə onların işi formal prosedurlar üzündən 1938-ci ilin oktyabrına qədər uzadılır. Bu tarixdən sonra isə repressiyaların şiddəti nisbətən zəyifləyir və onlar güllələnmirlər.

Onlar o qisim məhbuslara aid idilər ki, onların növbəsi “üçlüklərin” və səyyar məhkəmələrin mühakiməsinə çatmır. “Belə məhbusların taleyi bir qədər sonra, 1939-1940-cı illərdə SSRİ XDİK-in xüsusi müşavirəsi tərəfindən həll edilir. Edam olunmasalar da əksər hallarda məhkum edilirdilər” (10, 194-205).

29 may 1940 ildə İskəndər Əliyevin işinə Baş Hərbi Prokurorluq tərəfindən baxılmış və onu əlavə istintaq üçün Az. SSR XDİK-ə qaytarmışdır (5, c.4,  259-260). Sonra Əliyev, Xəlilov, Əsədullayev və Məmmədov Az. SSR 64 və 73 maddələri ilə ittiham olunurlar (5, c.4, 08.08.1940 tarixli Qərar). Bəlkə də bunun səbəbi 8 aprel 1939 il tarixli Ümumittfaq K(b)P Mərkəzi Komitəsinin aşağıdakı gizli əmri (№ П1/217) ilə bağlı idi: “Fəallıq göstərən sağ-trotskişilərin sui-qəsdçi təşkilatların işlərini (cəmi 931 nəfər) 01.12.1934 tarixli Qanunun əsasında mühakimə etmək üçün Ali Məhkəmənin Hərbi Kollegiyasına 198 nəfər başçının güllələnməsi, qalan 733 nəfərə (hərəsinə 15 ildən az olmamaq şərti ilə) həbs düşərgələrində cəza çəkmə hökmünü təmin etmək üçün verilsin” (17).

7 avqust 1940-cı ilin Qərarına əsasən M. Xəlilovun, İ. Əsədullayevin, Ə. Məmmədovun və İ. Əliyevin pərakəndə işləri vahid bir cinayət işinə billəşdirilir və həmin ilin 31 avqustunda SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına göndərilir. Bundan sonra İ. Əliyev Moskvanın “Butırka” adlanan siyasi həbsxanasına göndərilir və yarım ilə qədər orada həbsdə qalır (5, c.4, Göndərış, seriya “К”, gir. № 243103, № 25 910 Д, 10.09.1940). Ancaq sonra yenidən Bakıya qaytarılır.

Nəhayət 1941-cı ilin 30 avqust tarixində Bakıda Zaqafqasiya Hərbi Dairəsinin Hərbi Tribunalının səyyar iclası (hakimlər Novikov, Vetux, Kviraya) tərəfindən bağlı qapılar arxasında “Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” başçılarının məhkəmə prosesi keçirilir. 00497№-li məhkəmə Hökmünün mətnə görə:

“ İlkin araşdırma və məhkəmə istintaqı sübuta yetirmişdir ki, 1937-1938-ci illərdə XDİK orqanları tərəfindən gizli burjua-milliyətçi üsyankar təşkilat aşkar edilib məhv edilmişdir. Ancaq Bakıda Xəlilov, Əsədullayev, Məmmədov və Əliyev Sovetlər əleyhinə işlərini davam etdirmişlər. Onlar 1938-ci ilin yanvar ayında Moskvada olarkən öz qeyri-qanuni yığıncaqlarında sağ-trotskiçi Kulkovun vasitəsi ilə sağ-trotskiçilər təşkilatı ilə əlaqə yaratmaq qərarına gəlirlər. Xəlilov, Əsədullayev, Məmmədov və Əliyevin praktiki işi təşkilata yeni üzvlərin cəlb olunmasından ibarət olur. Bundan başqa, Xəlilov öz işlədiyi sahələrdə ziyanverici fəaliyyətin görülməsi haqqında Əsədullayevə, Məmmədova və Əliyevə tapşırıqlar verir. Onlar da əksinqilabçı təşkilatın üzvləri kimi, ziyanvericiliyi həyata keçirmişlər…

Təqsirli bilinən Rodionov 1936-cı ildə sağ-trotskiçi təşkilatına cəlb olunmuşdur. O, 1937-ci ildə Az. SSR rabitə üzrə məsul vəzifədə çalışarkən əksinqilabi təşkilatın üzvləri Xarçevnikov və İmanovla (ikisi də başqa iş üzrə məsuliyyətə cəlb edilmişlər) əlaqəyə girərək onlara rabitə işi üzrə fəaliyyət göstərməyi tapşırmışdır. Həmin1937-ci ildə Rodionov, təqsirli bilinən Xəlilovla əksinqilabi əlaqə yaratmış və ondan rabitə orqanlarında ziyanvericilik fəaliyyəti üzrə tapşırıqlar almışdı. Rodionovun praktiki fəaliyyəti təşkilata yeni üzvlərin cəlb edilməsi və rabitə sahəsində ziyanvericilikdən ibarət olmuşdur…

Təqsirli bilinən Lyuborski-Novikov əksinqilabi təşkilata 1937-ci ildə Məmmədov (ona iş kəsilib) tərəfindən cəlb olunub. Onun tapşırığı ilə Tokayevi (ona iş kəsilib) təşkilata cəlb etmişdi. 1938-ci ilin aprel-may aylarında Lyuborski-Novikov Xəlilovla əksinqilabi əlaqə qurmuşdu” (5, т. 6, 186-188).

Məhkəmənin hökmünə əsasən əmlakı müsadirə edilməklə Xəlilov 15 il, Məmmədov, Əsədullayev, Əliyev və Rodionov 10 il, Lyuborski-Novikov 8 il müddətinə azadlıqdan məhrum edilərək, islah əmək düşərgələrində cəzaçəkməyə məhkum olunmuşdurlar. Yalnız Lyuborski-Novikova 5 gün ərzində məhkəmə Hökmünə qarşı şikayətvermə hüququ verilmişdir.

Məhbus həyatı

İskəndər Əliyev məhkəmənin hökmündən sonra Qazaxstanın Karaqanda vilayətininin düşərgəsinə (Karlaq) sürgün edilmiş, burada 1956-cı ilə qədər cəza çəkmişdir. Göründüyü kimi o, 10 ildən daha çox müddət ərzində orada qalmışdır. Məsələ burasındadır ki, «tale məhbuslara qarşı mərhəmətli olsa belə, onları gələcəkdə ömürlük həbs cəzası gözləyirdi. Məhkəmənin kəsdiyi həbs müddəti bitəndən sonra da onları azadlığa buraxmırdılar. Onların çoxu bu düşərgələrdə dünyasını dəyişmiş, bəraət alacaq günlərini görə bilməmişlər (10, 194-205). Buna görə də İ. Əliyev ümumi hesabla 18 il (1938-56) həbsdə qalmışdır.

Məlumdur ki, o məhbus həyatının son illərində Karaqanda vilayətində sürgün həyatını yaşamışdır. 1953-55-ci illərdə o, Kuv rayonunun Koyandı Maşın-Traktor Stansiyasında (MTS) iqtisadçı-aqronom vəzifəsində çalışmışdır. Onun sürgündə sonuncu iş yeri Karaqanda vilayətin Yegindibulaq kəndinin kolxozunda aqronom vəzifəsi olmuşdur.

“Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” işi üzrə məhkum edilmişlərin çoxunun aqibəti daha acınacaqlı olmuşdur. Xəlilov, Rodionov və Əsədullayev həbs düşərgələrində vəfat etmişlər. Təkcə Məmmədov 1956-cı ildə bəraət alaraq Bakıya qayıtmış, ancaq bir ildən sonra dünyasını dəyişmişdi. Lyuborski-Novikov isə bu işin yeganə məhkumudur ki, 1943-cü ildə onun haqqında cinayət işinə xitam verilmişdir.

Bəraət (reabilitasiya)

 Stalinin ölümündən sonra SSRİ-də vəziyyət dəyişməyə başlamış, yeni partiya rəhbəri Xruşşov onu şəxsiyyətə pərəstişdə ittiham etmişdi.  5 mart 1956 ildə Mir Cəfər Bağırov K(b)P MK katibi vəzifəsindən azad edilir. 1954 ilin may ayında isə SSRİ baş prokuroru R. A. Rudenkonun rəhbərliyi ilə “əksinqilabçıların” işlərinə yenidən baxmaq üçün Mərkəzi komissiya yaradılır. Bu komissiyanın işinin əsas istiqamətlərindən biri də Azərbaycanda siyasi repressiyalar qurbanlarına bəraət (reabilitasiya) qazandırmaq idi. “Reabilitasiya işlərinə ancaq qurbanların özlərinin ya da onların qohumlarının ərizələrinin əsasında baxılırdı. Bir çox hallarda qurbanlardan birinin ya da onların qohumlarından birinin ərizəsi ilə təkcə o adam deyil, həm də onunla birlikdə eyni iş üzrə mühakimə olunanların hamısına bəraət verilirdi” (6).

Azərbaycanda “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” işinə də bu komissiya tərəfindən İskəndər Əliyevin verdiyi 11.11.1954 il tarixli ərizənin əsasında (istinad: İ. Əliyevə SSRİ Baş Hərbi prokurorluğunun 25 aprel 1955 il tarixli 326№-li məktubu) baxılmış və bu iş üzrə bütün məhkum edilmişlər bəraət almışlar. 23 aprel 1955-ci il tarixli SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 18146/41№-li Qərardadının surətində bildirilir ki, “Məhkum olunmuşların şikayətlərinin əsasında prokurorluq tərəfindən aparılmış araşdırma nəticəsində təyin edilmişdir ki, Xəlilov, Məmmədov, Əliyev, Əsədullayev və Rodionovun ittiham edilməsinin əsasında onların ilkin istintaq zamanı şəxsi ziddiyətli ifadələri və öncə digər işlər üzrə məhkum olunan başqa adamların ifadələri durur… Məhkum olunmuşların və qeyd olunan şahidlərin ifadələri ilkin istintaq orqanları tərəfindən istintaqın aparılmasında qadağan olunan qeyri-qanuni yollarla alınmışdır. Buna görə də sonra məhkum olunmuşların özləri, eləcə də şahidlər öz ifadələrindən imtina etmişlər. Bu iş üzrə başqa obyektiv sübutlar əldə edilməmişdir. İlkin istintaq tərəfindən məhkum olunmuşlara qarşı ittiham materialları onlara qarşı qeyri-qanuni üsulların tətbiq edilməsi ilə saxtalaşdırılmışdır” (5, c. 6, 343-345).

Beləliklə, bu iş üzrə məhkum olunmuşlara qarşı 30 avqust 1941-ci il tarixli Hərbi tribunalın Hökmü yeni halların açılması səbəbi ilə ləğv edilmiş və əməllərində cinayət tərkibi olmadığına görə onlar barəsində cinayət təqibinə son qoyulmuşdur.

Bəraətalma xəbərinə baxmayaraq, İ. Əliyevin sürgün həyatı daha 9 ay davam etmişdi. Yalvız 13 fevral 1956 ildə onun oğlu Arif,  Baş Hərbi Prokurorluqdan atasının sağ olduğu və bəraət aldığı xəbərini almışdı (Bildiriş № 2261-39).

Bakıya qayıdandan dərhal sonra İ. Əliyev 1956-cı ilin aprel ayında o zaman təşkil olunan keçmiş Az. SSR K(B)P MK katibi M. C. Bağırovun və onunla əlbir olanlar üzərində keçililmiş məhkəmə prosesinə cəlb edilmişdir.

Beraet alandan sonra Iskender Aliyev oglu Arifle Sochide istirahetde, 1958 ilBəraət aldıqdan sonra İskəndər Əliyev oğlu Ariflə Soçidə istirahətdə (1958)

Məhkəmədə o, Bağırovun repressiyalarından zərərçəkmiş və şahid qismində dindirilmişdir. Sübut olunmuşdur ki, İ. Əliyev və “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı” işi üzrə istintaqa cəlb edilib məhkum olunanlar şəxsən M. C. Bağırovun və onunla əlbir olanların göstərişi ilə saxtalaşdırılmış ittihamlar əsasında həbs edilmiş və yalançı ifadələr verməyə zorlanmışdılar.

  1. C. Bağırov və onunla əlbir olanlar haqqında məhkəmənin Hökmündə deyilir: “1938-ci ildə M. C. Bağırovun göstərişi ilə Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini Mənaf Xəlilov, xalq daxili ticarət komissarı İbrahim Əsədullayev, xalq əkinçilik komissarı Əbülfət Məmmədov, xalq yüngül sənaye komissarı İskəndər Əliyev, xalq rabitə komissarlığının səlahiyyətlisi Rodionov, Xalq Komissarları Sovetinin məsul işçisi Lyuborski-Novikov həbs edilmişlər. M. C. Bağırovla əlbir olanlar onlara qarşı “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” rəhbərləri olduqları haqqında saxtalaşdırılmış ittiham irəli sürmüşlər. Bağırovun əlaltıları bu şəxslərə qarşı işgəncələr və zorakılıq işlədəndən sonra, onlar çoxlu sayda başqa təqsirsiz insan haqqında saxta ifadələr verməyə məcbur edilmişlər. Bunun nəticəsində uç yüzdən çox vəzifəli partiya və sovet işçisi, o cümlədən: 32 rayon partiya komitəsi katibi 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər” (12).

Bəraət aldıqdan sonra İskəndər Əliyev təsərrüfat fəaliyyətini davam etdirmiş, yeni rəhbər vəzifələrə təyin edilmişdir. 1956-59-cu illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Komitəsinin sədri, 1959-64-cü illərdə isə  Azərbaycan SSR Zərgərlik Malları Ticarəti Komitəsinin sədri vəzifəsində işləmişdir. 1964-cü ildə təqaüdə çıxıb əmək fəaliyyətini bitirmişdir. Ümumittifaq dərəcəli təqaüdçü olmuşdur. İ. Əliyev 1972-ci ildə vəfat etmişdir.

Bu slaydşou üçün JavaScript lazımdır.

Ədəbiyyat:

 

  1. Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе М.: Российская политическая энциклопедия (РОССПЭН), Фонд «Президентский центр Б.Н. Ельцина», 2010.

Baberovski Y. Düşmən hər tərəfdədir. Qafqazda Stalinizm. Moskva, 2010, http://caleb.feelnatural.ru/klassika/goo-2958 (müraciət tarixi 08.01.2018).

 

  1. Вексельберг А. Депутатская неприкосновенность и для неприкасаемых? // Радио Свобода, 02 сентября 1999.

Vekselberq A. Deputat toxunulmazlığı həm də toxunulmazlar üçün? Azadlıq radiosu, 02 sentyabr 1999, https://www.svoboda.org/a/24202793.html (müraciət tarixi 08.01.2018).

 

  1. Выписка из протокола № 54 заседания Президиума ЦК от 29 марта 1954 г. // Политбюро и дело Берия. Сборник документов. М., 2012.

29 mart 1954 il tarixli MK Prezidiumunun iclasından 54 №-li çıxarış // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu, Moskva, 2012, http://istmat.info/node/22308 (müraciət tarixi 08.01.2018).

  1. Вышинский А.Я. Судебные речи. M.: Госюриздат, 1955.

Vışinski A.Y. Məhkəmə nitqləri. Moskva, 1955, http://istmat.info/node/31282 (müraciət tarixi 08.01.2018).

  1. Дело №25910, т. 1-6, подлинник, машинопись // Архивые материалы.

İş № 25910, c. 1-6, əsli, maşın yazısı, arxiv materialları.

  1. Жемкова А., Рогинский А. Между сочувствием и равнодушием – реабилитация жертв советских репрессий // Дрезден, 2016.

Jemkova A., Roginski A. Təəssüf və biganəlik arasında – sovet repressiya qurbanlarının reabilitasiyası. Dresden, 2016, https://www.memo.ru/media/uploads/2017/08/22/mezhdu-sochuvstviem-i-ravnodushuem_reabilitacia-zhertv-sovetskikh-repressiy.pdf (müraciət tarixi 08.01.2018).

  1. Записка Р.А.Руденко в Президиум ЦК КПСС о М.Д.Багирове. 15 марта 1954 г. // Дело Берия. Приговор обжалованию не подлежит. Сост. В.Н. Хаустов. М.: МФД, 2012.
  2. A. Rudenkonun M. C. Bağırov haqqında 15 mart 1954 ildə Sov. İKP MK-ya yolladığı yazı. // Beriyanın işi. Hökmə şikayətvermə hüququ verilmir. Moskva 2012, http://istmat.info/node/28162 (müraciət tarixi 08.01.2018).
  3. Искендер Алиев // Жертвы политического террора в СССР.

İskəndər Əliyev // SSRİ-də siyasi terror qurbanları. http://base.memo.ru/person/show/2779630 (müraciət tarixi 08.01.2018).

  1. Исмаилов Э. Р. Власть и народ: послевоенный сталинизм в Азербайджане: 1945-1953. Баку: Адильоглы, 2003.

İsmayılov E. Hakimiyyət və xalq: Azərbaycanda müharibə sonrası stalinizm. Bakı, 2003, http://www.ebooks.az/view/KGYobCwp.pdf (müraciət tarixi 08.01.2018).

  1. Исмаилов Э. Советский государственный терроризм в Азербайджане // Кавказ и глобализация / CA&CC Press AB. Т. 4, № 1-2, 2010.

İsmayılov E. Azərbaycanda Sovet dövlət terrorizmi // Qafqaz və Qloballaşma / CA&CC Press AB. C. 4, № 1-2, 2010, www.ca-c.org/c-g/2010/journal_rus/c-g-1-2/16.shtml#nazad11 (müraciət tarixi 08.01.2018).

  1. На имя Багирова, за подписью Багирова. Сборник архивных материалов / Составитель Теюб Гурбан. Редактор А. Балаев. Баку: “Ol”npkt, 2016.

Bağırovun adına, Bağırovun imzası ilə. Arxiv materiallarının toplusu / Tərtib edən Teyyub Qurban. Redaktor A. Balayev. Bakı, 2016.

  1. Копия приговора Военной коллегии ВС СССР от 26 апреля 1956 г. по делу М. Д. Багирова, Т. М. Борщева, Р. А. Маркаряна, X. И. Григоряна, С. И. Атакишиева и С. Ф. Емельянова // Политбюро и дело Берия. Сборник документов. М., 2012.

Bağırov və başqalarının işi üzrə SSRİ AS Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. Moskva, 2012, istmat.info/node/22355 (müraciət tarixi 08.01.2018).

  1. Постановление Президиума ЦК КПСС от 1 апреля 1954 г. о М. Д. Багирове // Политбюро и дело Берия. Сборник документов. М., 2012.

Bağırov haqqında Sov. İKP MK 1 aprel 1954 il Qərarı // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. Moskva, 2012, http://istmat.info/node/22308 (müraciət tarixi 08.01.2018).

 

  1. “Правда” (газета) от 19.08.1936.

“Pravda” qəzeti (19.08.1936).

 

  1. Свентоховский Т. Русское правление, модернизаторские элиты и становление национальной идентичности в Азербайджане // Азербайджан и Россия: общества и государства. М.: Летний сад, 2001.

Sventoxovski T. Rus idarəetməsi, islahatçı elitalar və Azərbaycanda milli identikliyin qurulması. Moskva, 2001, http://sbiblio.com/biblio/archive/svent_rus (müraciət tarixi 08.01.2018).

 

  1. Смирнов Н. Рапава, Багиров и другие. Антисталинские процессы 1950-х гг. М: АИРО-XXI, 2014.

Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-çi illərin Stalin əleyhinə prosesləri. M, 2014, https://www.libfox.ru/files/book/596372.pdf (müraciət tarixi 08.01.2018).

 

  1. Сталинские списки.

Stalin siyahıları, http://stalin.memo.ru/images/intro.htm, (müraciət tarixi 08.01.2018).